Azərbaycan Mədəniyyəti 2040 Konsepsiyası ölkəmizin özünü aparıcı mədəni güc kimi təqdim etməsinə xidmət edir - Rəy
Qlobal geosiyasi nizamın yenidən formalaşdığı, sərt və yumşaq güc anlayışlarının paralel şəkildə ön plana çıxdığı bir dövrdə Azərbaycanın milli inkişaf strategiyasında mədəniyyət faktoru xüsusi çəkidə yer alır. Məhz bu kontekstdə cənab Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Mədəniyyəti 2040” Konsepsiyası təkcə mədəni sahəyə dair yol xəritəsi deyil, həm də ölkənin yeni qlobal reallıqlarda özünü necə təqdim edəcəyinin strateji baxış sənədidir. Bu konsepsiya Azərbaycanın qazandığı geosiyasi və geoiqtisadi uğurların mədəni müstəviyə daşınması, milli kimliyin və mədəni irsin yumşaq güc aləti kimi dünya miqyasında möhkəmləndirilməsi məqsədini daşıyır.
Milli Məclisin deputatı Tural Gəncəliyev layihənin konsepsiyanın ilə bağlı Crossmedia.az-a danışıb:
"Azərbaycan Mədəniyyəti 2040 Konsepsiyası haqqında cənab Prezident İlham Əliyevin imzaladığı sərəncam son dərəcə önəmli və tarixi bir mərhələdə qəbul edilib.
Azərbaycan Mədəniyyəti 2040 Konsepsiyası, 2040-cı ilə qədər Azərbaycan mədəniyyətinin yumşaq güc aləti kimi hegemon xarakter daşıması və ölkənin formalaşdırdığı yeni geosiyasi reallıqlara uyğun şəkildə adaptasiyasını nəzərdə tutur. Azərbaycan artıq yeni bir qlobal güc mərkəzi kimi meydana çıxdığı üçün, yumşaq güc konsepsiyası çərçivəsində mədəniyyət faktoru xüsusi əhəmiyyət kəsb edir.
Bu sənəd eyni zamanda Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbədən sonra yeni texnoloji innovasiyalar, milli kimliyin möhkəmləndirilməsi, Azərbaycan dilinin gücləndirilməsi və mədəni diplomatiyanın yumşaq güc kimi təqdim olunması strategiyasını ehtiva edir. 2040-cı ilə qədər Azərbaycan mədəniyyəti dünya miqyasında güc mərkəzinin mərkəzində yer alan, layiqli və rəqabətədavamlı mədəni aspekt kimi inkişaf etməlidir və edəcək.
Bu konsepsiyaya baxarkən Azərbaycanın yerləşdiyi unikal coğrafi və sivilizasion mövqeyi də nəzərə alınmalıdır. Azərbaycan Avropa, Asiya, İslam dünyası, Şərq və Qərbin kəsişdiyi böyük sivilizasiya məkanında formalaşmış zəngin mədəniyyəti özündə birləşdirərək dünya mədəniyyətinə yeni, özünəməxsus bir konsepsiya təqdim edir.
Azərbaycan istər İslam dünyasında, istər Türk dünyasında, istərsə də Avrasiya sivilizasiya məkanında elə bir mədəni model ortaya qoyur ki, bu model birbaşa ölkəmizin əldə etdiyi geosiyasi və geoiqtisadi uğurlar üzərində qurulub. Bu kontekstdə “geokulturoloji aspekt” anlayışını da əlavə etmək olar. Yəni Azərbaycan artıq təkcə geosiyasi və geoiqtisadi məkanda deyil, eyni zamanda geokulturoloji məkanda da bir model və çərçivə təqdim edir".
Deputat əlavə edib ki, Azərbaycan mədəniyyətinin dünya miqyasında tanıdılması və yüksəldilməsi üçün kifayət qədər resurslarımız mövcuddur: "Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı, Türk dünyasının mədəni paytaxtı elan edilməsi, Qarabağın dünya mədəniyyətinin incilərindən biri kimi təqdim olunması təsadüfi deyil. Bütün bunlar dövlətimizin və liderimizin yaratdığı yeni geosiyasi reallıqların məntiqi nəticəsidir.
Biz “hard power” – hərbi və siyasi gücü – eyni zamanda kulturoloji və yumşaq güc formatında da təqdim etmək niyyətindəyik. Konsepsiyanın əsas istiqamətləri də məhz buradan qaynaqlanır. Birinci əsas xətt mədəni sahədə idarəetmə mexanizmlərinin gücləndirilməsi, institusional islahatların aparılması, dövlət, ictimai və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsidir.
İkinci əsas istiqamət Azərbaycan dilinin inkişafı, ədəbiyyatın, incəsənətin və ümumilikdə milli mədəniyyətin gücləndirilməsidir. Bununla yanaşı, maddi və qeyri-maddi mədəni irsin qorunması konsepsiyanın əsas prioritetlərindən biridir. İşğal dövründə Ermənistan tərəfindən Azərbaycan mədəni irsinə vurulan ağır zərbələr bu sahədə xüsusi müdafiə mexanizmlərinin yaradılmasını zəruri edib.
Konsepsiya çərçivəsində kreativ sənayenin, mədəni sənayenin inkişafı, mədəni və humanitar sahədə ümumdaxili məsuliyyətin artırılması, mədəni ixracın gücləndirilməsi də nəzərdə tutulur. Mədəni diplomatiya və kultural diplomatiya yumşaq güc aləti kimi istifadə olunaraq Azərbaycanın beynəlxalq imicinin qlobal səviyyədə təqdim edilməsi hədəflənir.
Bu konsepsiya mərhələli şəkildə həyata keçiriləcək: birinci mərhələ 2026–2030-cu illəri, ikinci mərhələ 2031–2035-ci illəri, üçüncü mərhələ isə 2036–2040-cı illəri əhatə edir. Ümumilikdə 15 illik dövrü əhatə edən bu sənəd strateji baxımdan son dərəcə əhəmiyyətlidir".
Parlamentari əlavə edib ki, Azərbaycan Mədəniyyəti 2040 Konsepsiyası qlobal trendlərlə sinxronlaşdırılaraq ölkəmizin özünü açar və aparıcı mədəni güc kimi təqdim etməsinə xidmət edir: "Bu sənəd BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusilə mədəni irsin qorunmasına dair 11.4-cü hədəfə, eyni zamanda UNESCO-nun müvafiq proqramlarına tam uyğundur.
Eyni zamanda bu konsepsiya Türk dünyası 2040 vizyonu ilə paralel şəkildə qiymətləndirilməlidir. Türk Dövlətləri Təşkilatının yeni qlobal güc mərkəzinə çevrildiyi bir mərhələdə Azərbaycanın mədəni rolu xüsusi əhəmiyyət daşıyır.
2003–2025-ci illəri əhatə edən əvvəlki mədəniyyət konsepsiyası uğurla icra olunub, bu dövrdə 100-dən çox beynəlxalq mədəni festival, 60-dan artıq Azərbaycan mədəniyyət günləri keçirilib. Qobustan qayaüstü rəsmləri, Şəki tarixi mərkəzi, Hirkan meşələri, Xınalıq kimi irs nümunələrinin UNESCO siyahısına daxil edilməsi Azərbaycanın dünya mədəniyyətinə verdiyi töhfələrin göstəricisidir. Qeyri-maddi mədəni irs üzrə 24 elementin UNESCO siyahısına salınması da bunun bariz nümunəsidir.
Muzeylər, qalereyalar, sərgilər, beynəlxalq ekspozisiyalar, “Bakı Prosesi” kimi qlobal təşəbbüslər Azərbaycanın mədəni və kreativ potensialının gücləndirilməsinə xidmət edir. Bütün bu amillər Azərbaycan mədəniyyətinin, dilinin, ədəbiyyatının və incəsənətinin vahid kompleks şəklində kultural diplomatiyamızı daha yüksək mərhələyə daşıyacağını göstərir".
Ayhan
14:03 17.01.2026
Oxunuş sayı: 1470