İranın siyasətində qeyri-müəyyənlik var – Ekspert
İranla ABŞ arasında yeni hərbi qarşıdurma ehtimalı fonunda Tehran həm mümkün müharibəyə hazırlıq görür, həm də diplomatik kanalları tam bağlamır. ABŞ-nin İrana qarşı yeni və daha sərt iqtisadi təzyiq planları iki ölkə arasındakı gərginliyi yalnız hərbi deyil, həm də iqtisadi müstəviyə daşıyır. İran üçün münaqişənin uzadılması ABŞ-nin siyasi və iqtisadi resurslarını tükəndirmək, regiondakı təsir imkanlarını qorumaq və danışıqlarda daha əlverişli mövqe əldə etmək baxımından əhəmiyyət daşıya bilər. Tehran eyni zamanda qarşıdurmanı öz daxilində milli birlik və səfərbərlik amili kimi də istifadə edə bilər. Bununla belə, uzunmüddətli müharibə İran iqtisadiyyatına və əhalisinə ciddi təzyiq yarada biləcək risklər də daşıyır.
Yaxın Şərq məsələləri üzrə ekspert Rufiz Hazifoğlu Crossmedia.az-a açıqlamasında İranın münaqişədən sonrakı vəziyyətini və regional təsir imkanlarını dəyərləndirib: “ABŞ, İsrail və İran münaqişəsi fonunda fərqli bir yanaşmanın şahidi olduq. İran ABŞ-lə danışıqlar aparır, müəyyən məsələlər üzrə razılaşmalar əldə olunurdu. Lakin İran rəsmiləri bu danışıqları və razılaşmaları açıq şəkildə təkzib edirdilər. Hazırda da İran və ABŞ arasında müxtəlif kanallar vasitəsilə danışıqlar davam edir. Burada həm birbaşa təmaslar, həm də vasitəçilər üzərindən aparılan danışıqlar mövcuddur. Bəzi vasitəçilərin və diplomatik kanalların adı açıqlanmır”.

Ekspert hesab edir ki, İranın münaqişədən qalib çıxdığı barədə təsəvvür reallığı tam əks etdirmir və ölkənin hazırkı vəziyyətinə siyasi baxımdan da yanaşmaq lazımdır: “Hazırda belə bir təsəvvür yaranır ki, İran münaqişədən qalib çıxıb və onu sındırmaq mümkün olmayıb. Lakin İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir. Bu vəziyyəti müəyyən mənada İraqla müqayisə etmək olar. Səddam Hüseyn dövründə İraqda ölkənin xarici təzyiqlərə müqavimət göstərdiyi barədə siyasi ritorika formalaşdırılmışdı. Lakin nəticədə İraq ciddi siyasi, iqtisadi və hərbi itkilərlə üzləşdi və Səddam rejimi süqut etdi. İranla bağlı vəziyyətdə də ciddi qeyri-müəyyənliklər mövcuddur. Ali dini liderin öldürülməsi, yeni ali dini liderin müəyyənləşməməsi və danışıqların hansı istiqamətdə aparıldığının tam aydın olmaması ölkədə siyasi qeyri-müəyyənlik yaradır. ABŞ Prezidenti Donald Trampın İran siyasi elitasına qarşı sərt ritorikası da bu vəziyyəti daha da diqqətçəkən edir”.
R.Hazifoğlu İranın regional gücünün əsas elementlərindən olan proksi qüvvələrin də əvvəlki imkanlarını müəyyən qədər itirdiyini bildirib: “İranın regional gücünün mühüm elementlərindən biri müxtəlif ölkələrdə fəaliyyət göstərən proksi qüvvələrdir. Lakin son dövrlərdə bu qüvvələrin imkanları əvvəlki ilə müqayisədə zəifləyib. Fələstin və Livanda İranın təsir imkanları ciddi təzyiqlərlə üzləşib. Livanda Hizbullahın imkanları əvvəlki dövrlə müqayisədə zəifləyib. İraqda isə Haşd əş-Şabi məsələsi xüsusi əhəmiyyət daşıyır. Təşkilatın silahlarının təhvil verilməsi və dövlət strukturlarına inteqrasiyası ilə bağlı məsələlər gündəmdədir, lakin hələ yekun nəticə yoxdur. Digər tərəfdən, Yəməndə husilər də İranın regional təsir imkanlarının mühüm elementlərindən biri olaraq qalır”.
Ekspert sonda vurğulayıb ki, İranın hazırkı vəziyyətini yalnız hərbi qarşıdurmanın nəticələri əsasında qiymətləndirmək düzgün deyil: “Bu səbəbdən İranın mövcud vəziyyətini yalnız hərbi qarşıdurmanın nəticələri ilə qiymətləndirmək düzgün olmaz. Ölkənin siyasi vəziyyəti, regional müttəfiqlərinin imkanları və ABŞ-lə aparılan danışıqların nəticələri də mühüm əhəmiyyət daşıyır. İranın müqavimət göstərməsi onun bütün istiqamətlərdə üstünlük əldə etdiyi anlamına gəlmir”.
Nigar Xəlilli
14:30 24.08.2026
Oxunuş sayı: 52