Türkiyə-İsrail gərginliyində yeni mərhələ: İlk addımı Ankara atdı
Türkiyə Qəzzaya humanitar yardım aparan "Qlobal Sumud flotiliyası"nın saxlanılması ilə bağlı cinayət işi çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu üçün İnterpolun “qırmızı bülleten” verməsini istəyib.
Bu barədə avqustun 21-də Türkiyənin Ədliyyə naziri Akın Gürlek bildirib.
Gürlek deyib ki, beynəlxalq sularda flotiliyaya müdaxilə ilə bağlı iş üzrə 35 təqsirləndirilən şəxs arasında Netanyahu və Afek Moskovitç barəsində həbs qərarı çıxarılıb. Onlara qarşı soyqırımı, insanlıq əleyhinə cinayətlər və işgəncə ittihamları irəli sürülüb.
Türkiyə Ədliyyə Nazirliyi Netanyahu və Moskovitç barədə İnterpolun “qırmızı bülleten” verməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edib.
Cinayət işi beynəlxalq sularda Qəzzaya humanitar yardım aparmağa çalışan şəxslərə qarşı müdaxilə və onların saxlanılması ilə bağlı iddiaları əhatə edir.

Türkiyəli politoloq Umur Tugay Yücel bu barədə Crossmedia.az-a danışıb: “Əslində, Türkiyənin Netanyahu üçün İnterpolun qırmızı bülleten tələb etmə prosesinə başladığını demək daha doğru olardı. Həmişə olduğu kimi, Ankara Netanyahuya qarşı hüquqi kanallar vasitəsilə əhəmiyyətli bir hüquqi prosesə başlayıb və onu soyqırım və insanlığa qarşı cinayətlərdə ittiham edib. Bu, Türkiyənin qlobal ictimaiyyətə qarşı çoxdan gözlənilən hərəkəti kimi qəbul edilməlidir. Türkiyə artıq Netanyahunun soyqırımına və İsrailin qeyri-insani əməllərinə qarşı beynəlxalq tədbirlər görüb. Bu, bir ilkdir və bir çox nəticələri olacaq. Əlbəttə ki, bu, xüsusilə müsəlman ölkələri və digər dövlətlər üçün nümunə rolunu oynayır. Bundan əlavə, Türkiyə-İsrail münasibətlərində gərginlik yeni səviyyəyə çatıb. Ankara güclü siyasi addım atıb və yeni beynəlxalq hüquqi müzakirəyə səbəb olub. Qərb ölkələrinin və qurumlarının buna necə reaksiya verəcəyini görəcəyik. Düşünürəm ki, bir daha Qərbin ikiüzlü siyasətinin və ikili standartlarının şahidi olacağıq”.
16:50 22.08.2026
Oxunuş sayı: 64