ABŞ-nin təşəbbüsü alqışlandı: Böyük müharibənin qarşısı necə alındı?
Yaxın Şərqdə İsrail, Suriya və Türkiyənin hərbi fəaliyyətlərinin eyni məkanda toqquşma riskini artırması fonunda ABŞ yeni əlaqələndirmə mexanizmi yaratmağa çalışır. Vaşinqtonun təşəbbüsü mümkün anlaşılmazlıqların və gözlənilməz hərbi toqquşmaların qarşısını almaq, tərəflər arasında operativ əlaqəni təmin etmək və bölgədə gərginliyin idarə olunmasına imkan verəcək xüsusi rabitə kanalının formalaşdırılmasını nəzərdə tutur. Məsələnin aktuallığını İsrailin Suriyanın Türkiyə sərhədinə yaxın yerləşən Əbu Duhur hərbi bazasına hava zərbələri ilə bağlı Ankara tərəfinin əvvəlcədən məlumatlandırılmaması da göstərir. ABŞ-nin Ankaradakı səfiri Tom Barrakın sözlərinə görə, Türkiyə İsrail təyyarələrinin hərəkətini müşahidə edib və yaranmış vəziyyət qarşılıqlı hərbi cavab ehtimalını artırıb. Gərginliyin bu dəfə təmkin hesabına daha da dərinləşməsinin qarşısı alınsa da, hadisə üç ölkə arasında hərbi koordinasiyanın vacibliyini yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Məhəmməd Cəbrayılov bildirib ki, hazırkı vəziyyətdə birbaşa kommunikasiya kanalının yaradılması mühüm əhəmiyyət daşıyır:
“ABŞ-nin belə bir mexanizm yaratmaq təşəbbüsü həm vacibdir, həm də vəziyyətin nə qədər təhlükəli həddə çatdığını göstərir. Çünki burada söhbət yalnız diplomatik fikir ayrılığından getmir. Hazırda eyni ərazidə Türkiyənin hərbi qüvvələri, İsrail aviasiyası və Suriya ordusu fəaliyyət göstərir. Bu qüvvələrin əməliyyat sahələri bir-birinə yaxınlaşdıqca yanlış hesablamalar və təsadüfi qarşıdurma riskləri də artır”.

Politoloqun sözlərinə görə, Əbu Əz-Zühur bazasına endirilən zərbədən sonra tərəflər arasında qarşılıqlı etimadsızlığın yaratdığı risklər daha aydın görünür:
“Xüsusilə Əbu Əz-Zühur bazasına endirilən zərbədən sonra bu təhlükəni açıq şəkildə görmək mümkün oldu. İsrail Türkiyə hərbçilərinin həmin bazada yerləşdirilə biləcəyindən narahat olduğunu bildirir. Digər tərəfdən, Türkiyə və Suriya tərəfi belə bir planın olmadığını deyir. Burada əsas problem tərəflərdən hansının doğru, hansının yanlış danışması ilə məhdudlaşmır. Əsas problem tərəflərin bir-birinin niyyətinə inanmamasıdır”.
Məhəmməd Cəbrayılov qeyd edib ki, İsrail və Türkiyənin Suriyadakı proseslərə yanaşması bir sıra məsələlərdə fərqlənir:
“İsrail Türkiyənin Suriyada artan təsirini gələcək təhlükə kimi görür. Türkiyə isə İsrailin zərbələrini Suriyanın suverenliyi və regional sabitliyi üçün təhlükə hesab edir. Bu səbəbdən tərəflər arasında birbaşa kommunikasiya kanalının yaradılması real nəticə verə bilər”.
Onun sözlərinə görə, hərbi fəaliyyətlərlə bağlı əvvəlcədən məlumat mübadiləsinin aparılması mümkün insidentlərin qarşısının alınmasına kömək edə bilər:
“Tərəflər hərbi təlimlər, uçuşlar, qoşunların yerləşdirilməsi və müəyyən texniki vasitələrin bazalara göndərilməsi barədə əvvəlcədən bir-birinə məlumat verə bilərlər. Şübhəli vəziyyət yarandıqda isə saatlarla diplomatik cavab gözləmək əvəzinə, hərbi nümayəndələr dərhal əlaqə saxlaya bilərlər. Bu, yanlış həyəcanın real hücuma çevrilməsinin qarşısını ala bilər”.
Politoloq hesab edir ki, yaradılması nəzərdə tutulan mexanizmin imkanlarını da həddindən artıq geniş qiymətləndirmək olmaz:
“Kommunikasiya kanalı təsadüfi toqquşmanın qarşısını ala bilər, amma qəsdən həyata keçirilən hərbi əməliyyatı dayandırmaq daha çətin olacaq. Əgər İsrail Türkiyənin müəyyən hərbi mövcudluğunu prinsipial təhlükə hesab edirsə və qabaqlayıcı zərbə endirmək qərarına gəlirsə, telefon xətti bunu avtomatik şəkildə əngəlləyə bilməz”.
M.Cəbrayılov vurğulayıb ki, mexanizmin effektiv işləməsi üçün konkret qaydalar müəyyənləşdirilməlidir:
“Bu mexanizmin uğurlu olması üçün bir neçə şərt vacibdir. İlk növbədə, əlaqə kanalı daim işlək vəziyyətdə olmalıdır və yalnız böhran başlayandan sonra xatırlanan telefon xəttinə çevrilməməlidir. İkincisi, konkret qaydalar müəyyən edilməlidir: hansı hərbi əməliyyatlar əvvəlcədən bildirilməlidir və hansı hallarda xüsusi ehtiyat tədbirləri görülməlidir”.
Politoloq ABŞ-nin prosesdə yalnız vasitəçi deyil, müəyyən mənada təminatçı rolunu da üzərinə götürməsinin vacibliyini bildirib:
“ABŞ həm İsraillə, həm Türkiyə ilə, həm də Suriya rəhbərliyi ilə danışa bilən əsas gücdür. ABŞ-nin siyasi təsiri olmasa, tərəflər əldə olunan razılaşmanı öz maraqlarına uyğun şəkildə poza bilərlər”.
Politoloqun sözlərinə görə, Türkiyə və İsrailin Suriyanın gələcəyi ilə bağlı yanaşmaları da bir sıra məqamlarda toqquşur:
“Türkiyə Suriyada mərkəzi hakimiyyətin güclənməsini və ölkənin ərazi bütövlüyünün qorunmasını istəyir. Türkiyə bunu dəfələrlə bəyan edib və Suriyadakı fəaliyyətində də bu yanaşmanı görmək mümkündür. İsrail isə özünə qarşı təhlükə yarada biləcək hər hansı yeni hərbi strukturun formalaşmasından narahatdır. Bu baxımdan tərəflərin Suriyanın gələcəyi ilə bağlı təsəvvürləri və fəaliyyət planları müəyyən məqamlarda üst-üstə düşmür və bu da problemlər yaradır”.
M.Cəbrayılov hesab edir ki, ABŞ-nin təşəbbüsü təsadüfi qarşıdurmaların qarşısının alınması baxımından əhəmiyyətlidir, lakin uzunmüddətli sabitlik üçün daha geniş siyasi mexanizmə ehtiyac var:
“ABŞ-nin təşəbbüsü real və faydalı addımdır və təsadüfi qarşıdurma riskini ciddi şəkildə azalda bilər. Lakin davamlı sabitlik üçün bunun arxasında siyasi dialoq, Suriyanın suverenliyinə hörmət və tərəflərin hərbi fəaliyyətinə dair aydın qaydalar dayanmalıdır. ABŞ-nin təşəbbüsü tərəflər arasında uzlaşma nöqtəsinin tapılmasına və koordinasiyalı fəaliyyət mexanizminin formalaşdırılmasına xidmət etməlidir”.
Nigar Xəlilli
17:00 21.08.2026
Oxunuş sayı: 48