“Yüksəliş” qalibi: “Mənim üçün uğurun əsas ölçüsü nə qədər yüksəldiyin deyil, nə qədər faydalı olduğundur”
Artıq bir neçə ildir təşkil olunan “Yüksəliş” müsabiqəsi Azərbaycanda ciddi maraq doğurur. Müsabiqənin qaliblərindən bir çoxunun bu gün yüksək vəzifələrdə çalışması da layihənin kadrların seçilməsi və idarəetmə potensialının üzə çıxarılması baxımından əhəmiyyətini göstərir. Təkcə bu fakt onu deməyə əsas verir ki, “Yüksəliş” idarəetmə prosesində mühüm rol oynamaqla yanaşı, etibarlı və bacarıqlı kadrların müəyyənləşdirilməsinə də töhfə verir.
Crossmedia.az məsələnin aktuallığını nəzərə alaraq, “Yüksəliş hekayəsi” rubrikası çərçivəsində müsabiqə qalibləri ilə silsilə müsahibələri davam etdirir.
III “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri, Agro Dairy Qrupunun İdarə Heyətinin üzvü və Kommersiya üzrə Baş Direktoru Əsəd Qurbanzadə ilə müsahibəni təqdim edirik.
– Əsəd bəy, əvvəlcə təhsil və karyera yolunuz haqqında məlumat verməyinizi istərdik. Bu yolun formalaşmasında hansı mərhələləri xüsusi qeyd edərdiniz?
– Təhsil və davamlı inkişaf mənim üçün hər zaman xüsusi əhəmiyyət daşıyıb. Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Fakültəsində maliyyə ixtisası üzrə bakalavr, daha sonra həmin fakültədə bank işi üzrə magistr təhsili almışam. Tələbəlik illərində Çexiyanın Karl Universitetində akademik mobillik/ixtisasartırma proqramında iştirak etmişəm. Daha sonra "Erasmus+" mübadilə proqramı çərçivəsində Türkiyənin Anadolu Universitetinin maliyyə ixtisası üzrə MBA proqramında təhsil almışam. İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda dövlət maliyyəsi və fiskal siyasət istiqamətində doktorantura təhsili də akademik inkişafımın növbəti mərhələsi olub. Amma düşünürəm ki, təhsil diplomun alındığı gün başa çatan proses deyil. Xüsusilə idarəçilik səviyyəsi yüksəldikcə insanın öyrənməyə ehtiyacı azalmaq əvəzinə artır. Çünki məsuliyyət böyüdükcə qarşılaşdığınız problemlər də daha kompleks xarakter alır. Peşəkar fəaliyyətə maliyyə-bank sektorunda başlamışam. Azərbaycan Beynəlxalq Bankı və PAŞA Bank kimi ölkənin qabaqcıl maliyyə qurumlarında çalışmaq mənə maliyyə intizamı, risklərin qiymətləndirilməsi, analitik düşüncə və qərarların rəqəmlərlə əsaslandırılması baxımından çox ciddi baza verdi. Sonrakı mərhələdə real sektora keçdim. Agro Dairy-də fəaliyyətim kommersiya istiqamətində başladı və zamanla satış, marketinq, treydinq, biznesin inkişafı və bütövlükdə kommersiya funksiyasının idarə edilməsinə qədər genişləndi. Mənim üçün bu keçid çox əhəmiyyətli idi. Maliyyə sizə biznesin rəqəmlərini oxumağı öyrədir, kommersiya isə həmin rəqəmlərin arxasında duran bazarı, müştərini, rəqabəti və insan davranışını anlamağı tələb edir.
Bu gün geriyə baxanda karyeramın ayrı-ayrı mərhələlərinin bir-birini tamamladığını görürəm. Hər mərhələ növbəti mərhələdə lazım olacaq fərqli bir kompetensiyanı formalaşdırıb.
Eyni zamanda bir prinsipə inanıram: insan uğur qazandıqca onu həmin uğura gətirən fundamental qabiliyyətlərə investisiyanı dayandırmamalıdır. Vəzifə və status müəyyən mərhələdə üstünlük yarada bilər, amma uzunmüddətli perspektivdə insanı irəli aparan yenə bilik, xarakter, əmək, öyrənmək qabiliyyəti və yaratdığı dəyərdir.
– “Yüksəliş” müsabiqəsində iştirak etmək qərarını verərkən əsas motivasiyanız nə idi?
– Əsas motivasiyam özümü yoxlamaq idi. İnsan müəyyən müddət eyni peşəkar mühitdə uğurlu fəaliyyət göstərdikdə ətrafında onun bacarıqlarını tanıyan insanlar, formalaşmış komanda və müəyyən reputasiya yaranır. Belə mühitdə əldə etdiyiniz nəticələrin nə qədərinin fərdi idarəçilik bacarıqlarınızdan, nə qədərinin isə mövcud sistem və təcrübədən qaynaqlandığını obyektiv qiymətləndirmək həmişə asan deyil. “Yüksəliş” mənim üçün yalnız qalibiyyət və ya karyera nailiyyəti deyil. Mən onu müəyyən mərhələdə özünü, idarəçilik yanaşmanı və illər ərzində formalaşdırdığın prinsipləri fərqli və yüksək rəqabətli mühitdə sınaqdan keçirmək imkanı kimi qiymətləndirirəm. Ümumiyyətlə, mənim üçün uğurun əsas ölçülərindən biri faydalılıqdır. İnsan hansı vəzifədə çalışmasından və hansı peşəkar nəticələrə nail olmasından asılı olmayaraq, sonda özünə sadə bir sual verməlidir: mən ailəm, ətrafımdakı insanlar, çalışdığım təşkilat, cəmiyyətim və ölkəm üçün hansı real dəyəri yaratmışam? Düşünürəm ki, insanın karyerasında müəyyən mərhələdən sonra əsas sual “növbəti vəzifəm nə olacaq?” olmamalıdır. Daha vacib sual budur: “Mən hansı miqyasda dəyər yarada və faydalı ola bilərəm?” “Yüksəliş” bunun tam əksini təqdim edirdi. Sizi tanımayan insanlar, fərqli sektorlardan gələn güclü iştirakçılar, məhdud zaman, yüksək təzyiq və əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan situasiyalar... Belə mühitdə vəzifənizin, şirkətinizin və əvvəlki statusunuzun əhəmiyyəti azalır. Əsas olan necə düşündüyünüz, necə qərar verdiyiniz, insanlarla necə işlədiyiniz və təzyiq altında hansı davranışı nümayiş etdirdiyinizdir. Məni ən çox maraqlandıran da məhz bu idi. Eyni zamanda “Yüksəliş” sözünün özündə mənim üçün maraqlı bir məna var. Yüksəlişi yalnız vertikal karyera hərəkəti kimi qəbul etmirəm. Əsl yüksəliş insanın məsuliyyətinin, düşüncə miqyasının və başqalarına verə bildiyi faydanın böyüməsidir.
– Müsabiqə sizə özünüz haqqında nə göstərdi?
– Məncə, “Yüksəliş”in ən dəyərli tərəflərindən biri insanın həm güclü, həm də inkişaf etdirməli olduğu tərəflərini çox qısa müddətdə üzə çıxarmasıdır. Biznesdə rəhbər olaraq çox vaxt nəticəyə fokuslanırsınız. Problem var – həll edilməlidir; hədəf var – çatılmalıdır; qərar var – verilməlidir. Amma belə qiymətləndirmə mühitində təkcə nəticə deyil, nəticəyə necə çatdığınız da ölçülür. Bu, mənim üçün çox vacib idi. Bir problemi həll etmək kifayət etmir. Komandanı həmin həllin bir hissəsinə çevirmək, alternativ fikirləri dinləmək, düzgün prioritet müəyyənləşdirmək, məhdud resursları bölüşdürmək və sonda verilmiş qərarın məsuliyyətini üzərinə götürmək lazımdır. Əslində idarəçilik də budur. Müsabiqə mənim bəzi yanaşmalarımı təsdiqlədi, bəzi məsələlərə isə fərqli rakursdan baxmağa səbəb oldu. Ən vacibi isə mənə bir daha göstərdi ki, inkişaf müəyyən nöqtəyə çatmaq deyil. İnsan vəzifə və məsuliyyət baxımından böyüdükcə öyrənməyə daha çox ehtiyac duyur.
– Sizin üçün liderlik nə deməkdir və müasir lideri ənənəvi rəhbərdən fərqləndirən nədir?
– Mənim üçün liderlik ilk növbədə məsuliyyətdir. Vəzifə insana müəyyən səlahiyyət verir. Amma düşünürəm ki, rəhbərin səviyyəsini müəyyən edən həmin səlahiyyətin böyüklüyü deyil, ondan necə istifadə etməsidir. Səlahiyyət insanları idarə etmək üçün verilmiş üstünlük deyil; nəticə yaratmaq, insanları inkişaf etdirmək və təşkilatı daha güclü etmək üçün verilmiş məsuliyyətdir. Liderlik eyni zamanda nəticə yaratmaq bacarığıdır. Amma nəticə yalnız liderin şəxsi iştirakı ilə yaranırsa, bunu davamlı liderlik modeli hesab etmirəm. Güclü rəhbərin əsas göstəricilərindən biri onun olmadığı zaman komandanın necə işləməsidir. Əgər bütün qərarlar bir nəfərdən asılıdırsa, hər problem rəhbərə eskalasiya olunursa və sistem yalnız onun şəxsi müdaxiləsi ilə işləyirsə, orada güclü rəhbər ola bilər, amma güclü təşkilat yoxdur. Mən liderliyin daha yüksək mərhələsini özündən asılılığı azaltmaq bacarığında görürəm. Doğru insanları seçmək, onlara qərarvermə sahəsi yaratmaq, məsuliyyət vermək, müəyyən çərçivədə səhv etmək imkanı yaratmaq və zamanla sizdən daha güclü ola biləcək insanları yetişdirmək lazımdır. Lider hər məsələdə otaqdakı ən ağıllı insan olmağa çalışmamalıdır. Onun işi otaqdakı bütün potensialın düzgün istiqamətə yönəlməsini təmin etməkdir.
– Dəyərlərin idarəçilikdə rolu nə qədər vacibdir?
– Mənim üçün dəyərlər idarəçilikdə əlavə komponent deyil. Onlar qərarvermənin təməlidir.
Strategiya sizə hara getmək istədiyinizi göstərir. Dəyərlər isə ora necə gedəcəyinizi və nələri etməyəcəyinizi müəyyən edir. Xüsusilə biznesdə çətin qərarlar zamanı dəyərlərin real çəkisi ortaya çıxır. Hər şey yaxşı gedərkən dürüstlükdən, ədalətdən, etimaddan və məsuliyyətdən danışmaq asandır. Əsl test həmin prinsiplərlə qısamüddətli kommersiya marağının toqquşduğu məqamda başlayır. Mənim üçün burada bir neçə prinsip xüsusilə vacibdir: dürüstlük, məsuliyyət, ədalətlilik, qarşılıqlı hörmət, etimad və faydalılıq. İnsanların sizə etimad etməsini tələb edə bilməzsiniz. Etimad gündəlik davranışların kumulyativ nəticəsidir. Kiçik qərarlarda necə davrandığınız zamanla sizin və rəhbərlik etdiyiniz təşkilatın mədəniyyətinə çevrilir. Ona görə dəyərlər korporativ təqdimatda yazılmış ifadələr kimi qalmamalıdır. Onlar işə qəbulda, performansın qiymətləndirilməsində, müştəriyə münasibətdə, tərəfdaş seçimində və ən əsası rəhbərin öz davranışında görünməlidir.
– Bəs qərarvermədə sizin üçün əsas prinsip nədir?
– Mən qərarları üç müstəvidə qiymətləndirməyə çalışıram: nəticə, risk və davamlılıq. Bəzən qısamüddətli nəticə verən qərar uzunmüddətli perspektivdə biznes üçün yanlış ola bilər. Satışı artırmaq mümkündür, amma bunu qeyri-sağlam debitor borcu hesabına edirsinizsə, real dəyər yaratmırsınız. Bazar payını artırmaq mümkündür, amma bunu davamlı olmayan qiymətlə edirsinizsə, sadəcə problemi gələcəyə ötürürsünüz. Ona görə kommersiyada mənim üçün yalnız “nə qədər satdıq?” sualı kifayət deyil. Hansı marja ilə satdıq? Hansı risklə satdıq? Müştərini qazandıq, yoxsa sadəcə bir əməliyyat etdik? Bu model sabah da işləyəcəkmi? Rəhbərin əsas vəzifələrindən biri nəticənin keyfiyyətini ayırd edə bilməkdir. Burada daha bir prinsip mənim üçün vacibdir: bugünkü nəticəni sabahın imkanları hesabına yaratmamaq. Qısamüddətli performans vacibdir, amma yaxşı idarəçilik həm də təşkilatın uzunmüddətli dayanıqlılığını qorumaqdır. Bəzən ən düzgün qərar bu gün daha az qazandıran, amma sabah daha güclü mövqe yaradan qərardır. Eyni yanaşma insanlarla bağlı qərarlara da aiddir. Sürətli nəticə əldə etmək üçün hər işi öz üzərinə götürmək daha asan görünə bilər. Amma bu yanaşma uzunmüddətli perspektivdə komandanı zəiflədir. İdarəçilikdə ən təhlükəli optimallaşdırmalardan biri bugünkü nəticəni yaxşılaşdırıb sabahkı sistemi zəiflətməkdir.
– Komandanın idarə olunmasında hansı prinsipləri əsas götürürsünüz?
– Komandadan yüksək nəticə gözləyirəmsə, ilk növbədə üç məsələni təmin etməyə çalışıram: aydın gözlənti, qərar vermək üçün səlahiyyət və nəticəyə görə məsuliyyət.
İnsan nə etməli olduğunu dəqiq bilmirsə, ondan nəticə tələb etmək düzgün deyil. Nəticəyə görə cavabdehdirsə, müəyyən qərarları vermək səlahiyyəti də olmalıdır. Mikromenecmentə əsaslanan sistemlər müəyyən müddət işləyə bilər, amma miqyaslana bilmir. Mən komandada insanların fikirlərini açıq ifadə etməsini vacib hesab edirəm. Rəhbərin fikri ilə razılaşmaq komanda üzvünün vəzifəsi deyil. Əksinə, əsaslandırılmış şəkildə fərqli fikir bildirmək təşkilat üçün dəyərdir. Hətta düşünürəm ki, rəhbər müəyyən mərhələdən sonra öz ətrafında sadəcə onunla razılaşan insanlardan ibarət komanda görürsə, bunu rahatlıq deyil, risk siqnalı kimi qəbul etməlidir. Amma müzakirə bitib qərar verildikdən sonra komanda həmin qərarın arxasında vahid şəkildə dayanmalıdır. Digər vacib prinsip performans və etimad arasında balansdır. Yüksək performans etimadı əvəz etmir, etimad da aşağı performansı sonsuzadək kompensasiya edə bilməz. Davamlı güclü komanda üçün hər ikisi lazımdır.
– Sizin fəaliyyətiniz əsasən kommersiya sahəsi ilə bağlıdır. Sizcə, bu gün kommersiya rəhbərinin rolu necə dəyişib?
– Məncə, kommersiya artıq yalnız satış funksiyası deyil. Klassik yanaşmada satış komandasının qarşısına həcm hədəfi qoyulur və əsas performans göstəricisi həmin hədəfin icrası hesab edilirdi. Bu gün isə bazar daha mürəkkəbdir. Kommersiya rəhbəri qiymət siyasətini, marjinallığı, müştəri portfelini, kredit riskini, bazar payını, distribusiya modelini, təchizat zəncirini və müəyyən hallarda istehsal planlamasını birlikdə düşünməlidir. Mən kommersiyanı şirkətin bazarla təmas nöqtəsi hesab edirəm. Bazarın nə istədiyini təşkilata düzgün çatdırmaq və təşkilatın yaratdığı dəyəri bazara düzgün təqdim etmək kommersiyanın əsas funksiyasıdır. Burada ən böyük səhvlərdən biri satış həcmini məqsədə çevirməkdir. Satış özü məqsəd deyil. Davamlı və gəlirli böyümə məqsəddir. Bəzən “yox” demək də kommersiya qərarıdır. Hər satış yaxşı satış deyil, hər müştəri də şirkət üçün doğru müştəri deyil. Digər tərəfdən, biznes yalnız səhmdar üçün maliyyə nəticəsi yaratmaqdan ibarət deyil. Güclü biznes müştəriyə, əməkdaşa, tərəfdaşa, fəaliyyət göstərdiyi sektora və nəticə etibarilə ölkə iqtisadiyyatına dəyər yaratmalıdır. Məncə, uzunmüddətli perspektivdə ən güclü şirkətlər məhz kommersiya nəticəsi ilə faydalılığı bir-birinə qarşı qoymayan, əksinə, onları eyni modelin iki komponentinə çevirən şirkətlər olacaq.
– “Yüksəliş” qalibi olmaq karyeranıza və düşüncə tərzinizə necə təsir etdi?
– İlk növbədə məsuliyyət hissini artırdı. Belə platformada qalib olmaq müəyyən mənada sizin idarəçilik potensialınıza verilən etimaddır. Həmin etimadı yalnız növbəti vəzifə və ya şəxsi karyera inkişafı ilə ölçmək düzgün olmaz. Əsas məsələ bu imkanı hansı dəyərə çevirdiyinizdir.
“Yüksəliş”dən sonra mentorluq proqramı çərçivəsində ölkənin yüksək səviyyəli rəhbərləri ilə müzakirələr aparmaq, fərqli idarəçilik təcrübələrini dinləmək və dövlət idarəçiliyinə başqa rakursdan baxmaq imkanımız oldu. Mənim üçün xüsusilə maraqlı məqamlardan biri biznes və dövlət idarəçiliyində fərqli görünən problemlərin arxasında çox zaman eyni fundamental sualların dayanması idi: resursları necə bölüşdürürük, prioritetləri necə müəyyən edirik, insanları necə motivasiya edirik və qərarlarımızın uzunmüddətli nəticəsini necə qiymətləndiririk?
Sonradan özümün də gənclərlə mentor kimi işləməyim bu prosesin təbii davamına çevrildi. Çünki əldə etdiyiniz təcrübə yalnız sizdə qalırsa, onun yaratdığı dəyər məhduddur. Bilik və təcrübənin dəyəri paylaşdıqca azalmaq əvəzinə artır. Mən bunu faydalılıq prinsipinin bir hissəsi hesab edirəm. İnsan yalnız öz karyerasına deyil, ətrafındakı insanların inkişafına da müəyyən töhfə verməlidir.
– Sizcə, uğurlu karyera necə qurulur?
– Mən uğurlu karyeranı vəzifələrin ardıcıllığı kimi görmürəm. Karyerada iki növ artım var: status artımı və məsuliyyət artımı. Bunlar hər zaman eyni şey deyil. İnsan daha yüksək vəzifəyə keçə bilər, amma idarə etdiyi problemin miqyası, yaratdığı dəyər və verdiyi qərarların keyfiyyəti dəyişmirsə, bunu real inkişaf hesab etmək çətindir. Məncə, karyerada əsas sual “mən hansı vəzifədəyəm?” deyil, “mən əvvəlkindən daha mürəkkəb hansı problemi həll edə bilirəm?” olmalıdır. İnsan öz peşəkar dəyərini titul ilə deyil, həll edə bildiyi problemlərin mürəkkəbliyi və yaratdığı fayda ilə artırır. Burada mənim üçün xarakter də çox vacibdir. Bilik insanı müəyyən mərhələyə gətirir, amma məsuliyyət artdıqca xarakterin çəkisi də artır. Uğur bəzən insana təhlükəli bir rahatlıq verir: insan onu irəli aparan kompetensiyalara deyil, artıq qazandığı mövqeyə arxalanmağa başlayır. Məncə, məhz bu nöqtədə inkişaf zəifləyir. Ona görə hansı səviyyəyə çatmağınızdan asılı olmayaraq, bilik statusdan, kompetensiya tituldan, xarakter isə reputasiyadan əvvəl gəlməlidir. Bu səbəbdən komfort zonasının müəyyən mərhələdən sonra inkişaf üçün risk yaratdığını düşünürəm. Əgər uzun müddətdir hər şeyi çox rahat edirsinizsə, böyük ehtimalla artıq kifayət qədər öyrənmirsiniz.
– Gənc rəhbərlərdə ən çox hansı səhvi müşahidə edirsiniz?
– Bəzən insanlar liderliyi bütün cavabları bilmək kimi qəbul edirlər. Məncə, bunun əksi daha doğrudur. Rəhbərin dəyəri bütün cavabları bilməsində deyil, doğru sualları verə bilməsindədir.
İkinci məsələ sürətli nəticə ilə davamlı nəticəni qarışdırmaqdır. Xüsusilə karyeranın ilk mərhələlərində insan özünü sübut etmək istəyir və mümkün qədər tez nəticə göstərməyə çalışır. Bu normaldır. Amma idarəçilik səviyyəsi yüksəldikcə qərarların zaman horizontu da uzanmalıdır. Bugünkü nəticənin altı ay, bir il və üç il sonra hansı nəticə yaradacağını düşünmək lazımdır. Üçüncü məsələ feedback-dən qaçmaqdır. İnsan yalnız onu təsdiqləyən insanlarla əhatə olunursa, müəyyən müddətdən sonra reallıqla əlaqəsi zəifləyir. Məncə, rəhbərin ətrafında ona rahatlıq verən deyil, lazım gəldikdə narahat suallar verən insanlar da olmalıdır. Dördüncü və bəlkə də ən vacib məsələ vəzifə ilə liderliyi eyniləşdirməkdir. Vəzifə sizə səlahiyyət verə bilər, amma liderliyi avtomatik vermir. Liderlik insanların sizə titulunuza görə deyil, etimad etdikləri üçün qoşulmasıdır.
– “Yüksəliş” müsabiqəsində iştirak etmək istəyənlərə nə tövsiyə edərdiniz?
– İlk növbədə müsabiqəyə yalnız qalib olmaq məqsədi ilə yanaşmamağı tövsiyə edərdim. Qalibiyyət, əlbəttə ki, çox dəyərlidir. Amma prosesin özü də kifayət qədər ciddi inkişaf platformasıdır. “Yüksəliş” üçün qısa müddətdə öyrənilə biləcək universal formul olduğunu düşünmürəm. Çünki orada illər ərzində formalaşan davranış və idarəçilik kompetensiyaları üzə çıxır. Analitik düşüncə, kommunikasiya, komanda işi, prioritetləşdirmə, emosional dayanıqlılıq, qərarvermə və məsuliyyət götürmək – bunlar bir neçə həftəyə hazırlanan bacarıqlar deyil. Ona görə ən yaxşı hazırlıq üsulu gündəlik iş həyatında bu kompetensiyaları şüurlu şəkildə inkişaf etdirməkdir. Bir də iştirakçılara özlərini başqaları ilə müqayisə etməkdənsə, situasiyaya fokuslanmağı tövsiyə edərdim. Otaqda sizdən daha çox təcrübəsi, fərqli biliyi və ya başqa üstünlüyü olan insanlar mütləq olacaq. Bu, zəiflik deyil. Güclü komanda məhz fərqli üstünlüklərin birləşməsindən yaranır. Əsas məsələ özünüzü göstərmək deyil, yaradılan ümumi nəticəyə real töhfə verməkdir. Paradoksal olaraq, bunu düzgün etdikdə sizin fərdi liderlik keyfiyyətləriniz də daha aydın görünür.
– Gələcək üçün əsas hədəflərinizi necə müəyyənləşdirirsiniz?
– Mən məqsədlərə konkret vəzifə adları üzərindən yanaşmıram. Məni daha çox idarə etdiyim biznesin və qərarların miqyasının böyüməsi, daha mürəkkəb sistemlərin qurulması və daha böyük iqtisadi və sosial dəyərin yaradılması maraqlandırır. Hazırda aqrar və qida sənayesində çalışıram. Bu sahənin xüsusi əhəmiyyəti ondadır ki, kommersiya nəticələri ilə yanaşı, ölkənin ərzaq təhlükəsizliyi, yerli istehsal, fermer ekosistemi, ixrac potensialı və bütövlükdə real iqtisadiyyatla birbaşa əlaqəlidir. Bu, mənim üçün vacibdir. Çünki insanın gördüyü işin nəticəsinin özündən və çalışdığı şirkətdən daha geniş miqyasda fayda yaratmasını dəyərli hesab edirəm. Ümumiyyətlə, mənim üçün faydalı insan olmaq çox fundamental prinsipdir. İlk növbədə ailən üçün, sonra çalışdığın insanlar və təşkilat üçün, daha geniş mənada cəmiyyət və ölkən üçün.
İnsan peşəkar olaraq yüksəldikcə onun təsir dairəsi böyüyür. Məncə, bu, yalnız daha çox imkan deyil, eyni zamanda daha böyük məsuliyyətdir. Ölkəmizin inkişafında biznesin və peşəkar idarəçilərin üzərinə ciddi məsuliyyət düşür. Kapital yaratmaq vacibdir, amma bundan da strateji resurs insan kapitalıdır. Güclü ölkənin arxasında bilikli, məsuliyyətli, dəyərlərə sahib və yaratdığı dəyəri yalnız özü üçün deyil, daha geniş cəmiyyət üçün düşünən insanlar dayanır.
Mənim üçün növbəti inkişaf mərhələsi də məhz bu miqyasın genişlənməsidir: daha güclü komandalar, daha dayanıqlı biznes modelləri, regional bazarlarda daha rəqabətli Azərbaycan şirkətləri və qərar verən yeni nəsil rəhbərlərin yetişdirilməsi.
– Sonda uğur və liderlik haqqında bir fikri gələcək iştirakçılarla bölüşməli olsaydınız, bu nə olardı?
– Məncə, müəyyən mərhələdən sonra uğuru yalnız əldə etdiyiniz nəticələrlə ölçmək kifayət etmir. Əsas sual budur: sizdən sonra nə qalır və siz kimə, nəyə fayda vermisiniz? Əgər rəhbər olaraq ayrıldığınız gün sistem zəifləyirsə, bütün qərarlar dayanırsa və komanda istiqamətini itirirsə, deməli, yaratdığınız model sizdən həddindən artıq asılı olub. Amma siz olmadığınız halda da komanda qərar verə, inkişaf edə və nəticə yarada bilirsə, artıq sadəcə nəticə deyil, institusional dəyər yaratmısınız. Eyni yanaşmanı şəxsi uğura da tətbiq edirəm. İnsan çox yüksək vəzifəyə çata, böyük biznes idarə edə və əhəmiyyətli nəticələr əldə edə bilər. Amma bütün bunların sonunda ailəsinə, ətrafındakı insanlara, yetişdirdiyi komandaya, cəmiyyətinə və ölkəsinə real fayda yaratmayıbsa, mənim üçün həmin uğurun müəyyən hissəsi natamam qalır.
“Yüksəliş”ə də bu prizmadan baxıram. Qalib olmaq mühüm nailiyyətdir, amma qalibiyyət son nöqtə deyil. Əsl məsələ bundan sonra sizə verilmiş imkanları, etimadı və qazandığınız təcrübəni hansı dəyərə çevirdiyinizdir. Mənim üçün yüksəlişin mahiyyəti də budur: Daha yüksək mövqeyə çatmaq deyil, yüksəldikcə daha çox məsuliyyət götürmək, daha çox dəyər yaratmaq və daha çox insana faydalı ola bilmək. Çünki sonda insanın uğurunun ən vacib ölçülərindən biri nə qədər yüksəldiyi deyil, yüksəldikcə nə qədər faydalı olduğudur.
Kənan Novruzov
10:00 06.10.2026
Oxunuş sayı: 77