“Yüksəliş” qalibi: “Liderlik komandanın potensialını nəticəyə çevirmək bacarığıdır”
Artıq bir neçə ildir təşkil olunan "Yüksəliş" layihəsi Azərbaycanda ciddi marağa səbəb olub. Müsabiqənin qaliblərindən bir çoxu bu gün yüksək vəzifələrdə çalışırlar. Təkcə bunun özü onu deməyə əsas verir ki, “Yüksəliş” idarəetmə prosesində mühüm rol oynamaqla, həm etibarlı, bacarıqlı kadrların tapılmasında, müəyyənləşdirilməsində mühüm rol oynayır.
Crossmedia.az məsələnin aktuallığını nəzərə alaraq “Yüksəliş” hekayəsi” rubrikası çərçivəsində qaliblərlə silsilə müsahibələri davam etdirir. Bu dəfəki müsahibimiz III “Yüksəliş”in qaliblərindən biri olan, Polşada “Magnexus” Şirkətlər qrupunun vitse-prezidenti və Babayev Investments Groupun təsisçi və baş direktoru Mirzə Ələkbər Babayevdir.
—— “Yüksəliş” layihəsində iştirak etmək qərarına necə gəldiniz? Layihə haqqında ilk dəfə necə məlumat əldə etdiniz?
—— “Yüksəliş” müsabiqəsində iştirak etmək qərarım əslində müəyyən mənada əvvəlki təcrübəmin məntiqi davamı idi. Həmin dövrdə İqtisadiyyat Nazirliyi sistemində çalışırdım və nazirlik daxilində keçirilən “Uğur yolu” müsabiqəsində iştirak etmişdim. Maraqlısı odur ki, iştirak etmək qərarımın arxasında əvvəlcə kiçik bir dost rəqabəti dayanırdı — nazirlikdə çalışan dostlarımdan biri müsabiqənin ilk qaliblərindən olmuşdu və bu, mənim üçün də özümü sınamaq baxımından əlavə motivasiya yaratdı. Nəticədə mən də “Uğur yolu”nun qalibi oldum. Bundan sonra qarşıma daha böyük bir sual qoydum: özünü bir qurum daxilində sınadın, bəs ölkə miqyasında necə? “Yüksəliş” haqqında da artıq məlumatlı idim və onu növbəti, daha böyük çağırış kimi gördüm. Mənim üçün burada əsas motivasiya sadəcə qalib olmaq deyil, öz potensialımı daha geniş və daha rəqabətli mühitdə sınamaq idi. Bu düşüncə ilə “Yüksəliş”ə müraciət etdim və nəticədə həmin müsabiqənin də qaliblərindən biri oldum.
—— " Yüksəliş” layihəsində iştirak sizin peşəkar inkişafınıza və karyera baxışınıza nə verdi?
—— Düşünürəm ki, belə proqramların insana nə verdiyindən daha çox, insanın həmin imkanlardan nə götürdüyü önəmlidir. “Yüksəliş” də mənim üçün ilk növbədə bu baxımdan dəyərli təcrübə oldu. Mənim müsabiqədən sonrakı peşəkar yolum, bəlkə də, klassik ssenari üzrə davam etmədi. Bu gün tamam fərqli bir mərhələdəyəm və beynəlxalq miqyasda sahibkarlıq fəaliyyəti ilə məşğulam. Ona görə “Yüksəliş”in təsirini konkret vəzifə, titul və ya karyera dəyişikliyi ilə əlaqələndirmək istəməzdim. Mənim üçün daha vacib olan başqa bir məqam idi: müəyyən mərhələdə insan artıq öz uğurlarına öyrəşə bilir və istər-istəməz özünü tanıdığı mühitin meyarları ilə qiymətləndirməyə başlayır. “Yüksəliş” isə məni həmin komfortdan çıxarıb, özümü ölkə miqyasında çox güclü, fərqli təcrübəyə malik insanlarla eyni müstəvidə sınamaq imkanı verdi. Bu, həm güclü tərəflərimi təsdiqlədi, həm də üzərində işləməli olduğum istiqamətləri göstərdi. Karyera baxışıma ən böyük təsiri isə yəqin ki, bu oldu: karyeranı yalnız pillələrlə deyil, seçimlərin miqyası ilə də ölçmək olar. Mənim sonrakı yolum da müəyyən mənada bunun göstəricisi oldu.
—— Hazırda Avropada biznes fəaliyyəti ilə məşğulsunuz. “Yüksəliş” layihəsində qazandığınız bilik və bacarıqları beynəlxalq biznes mühitində tətbiq edə bilirsinizmi?
—— Əlbəttə. Düşünürəm ki, “Yüksəliş”də qiymətləndirilən və inkişaf etdirilən bacarıqların əsas üstünlüklərindən biri onların konkret ölkəyə, sektora və ya vəzifəyə bağlı olmamasıdır. Liderlik, strateji düşüncə, qeyri-müəyyənlik şəraitində qərarvermə, insanlarla işləmək və nəticəyə görə məsuliyyət daşımaq universal idarəçilik bacarıqlarıdır. Beynəlxalq biznes mühitində isə bunların əhəmiyyəti daha aydın hiss olunur. Fərqli ölkələrdə biznes mədəniyyəti, danışıqlar üslubu və qərarvermə mexanizmləri fərqli ola bilər. Belə bir mühitdə yalnız peşəkar bilik kifayət etmir — situasiyanı düzgün oxumaq, fərqli yanaşmaları anlamaq, çevik qərar vermək və insanları ortaq məqsəd ətrafında birləşdirə bilmək xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan “Yüksəliş”də qazandığım təcrübənin müəyyən elementlərini bu gün də gündəlik fəaliyyətimdə tətbiq edirəm. Məncə, idarəçilik bacarığının coğrafiyası yoxdur — sadəcə tətbiq olunduğu mühit və qarşıya çıxan çağırışların miqyası dəyişir.
—— “Yüksəliş” layihəsinin iştirakçıları üçün mentorluq, təlim və müxtəlif inkişaf imkanları nəzərdə tutulur. Bu imkanlardan sizin üçün ən faydalısı hansı oldu və niyə?
—— Məncə, “Yüksəliş”in ən güclü tərəflərindən
biri odur ki, qalib olduğunuz gün proses bitmir, əslində yeni mərhələ məhz həmin
gün başlayır. Qaliblər üçün yaradılan mentorluq imkanları, təlimlər, inkişaf
proqramları və formalaşdırılan peşəkar mühit müsabiqənin davamlı dəyərini
yaradır. Mənim vəziyyətim bir qədər fərqli olub. Peşəkar fəaliyyətimin böyük
hissəsi xaricdə olduğuna görə bu imkanların hamısında eyni intensivliklə
iştirak etmək imkanım olmayıb. Ona görə konkret bir təlimi və ya proqramı digərlərindən
fərqləndirməyim çox obyektiv olmazdı. Amma mənim üçün ən dəyərli məqam “Yüksəliş”in
yaratdığı şəbəkənin bir hissəsi olmaqdır. Çünki təlim müəyyən bir bilik verir,
mentorluq müəyyən bir mərhələdə istiqamət göstərə bilir, amma güclü peşəkar şəbəkə
illər keçdikcə də öz dəyərini qoruyur. Məncə, “Yüksəliş”in ən uzunmüddətli
kapitalı da məhz budur.
—— Layihə çərçivəsində tanış olduğunuz digər iştirakçılarla əlaqələriniz bu gün də davam edirmi? “Yüksəliş” sizə peşəkar şəbəkə baxımından nə qazandırdı?
—— Məncə, peşəkar şəbəkənin real dəyəri onun nə qədər geniş olması ilə deyil, zaman keçdikdən sonra həmin əlaqələrin nə qədər canlı qalması ilə ölçülür. Bu baxımdan “Yüksəliş” mənim üçün kifayət qədər uğurlu təcrübə oldu. Müsabiqə vasitəsilə çox fərqli sahələrdən, fərqli peşəkar təcrübəyə və düşüncə tərzinə malik insanlarla tanış oldum. Bu gün də həmin insanların bir çoxu ilə əlaqəmiz davam edir. Mən əsasən xaricdə fəaliyyət göstərdiyim üçün bunun mənim üçün ayrıca əhəmiyyəti var — Bakıda olduğum zaman qaliblərlə mütəmadi görüşürük və bu ənənənin davam etməsini xüsusilə dəyərləndirirəm. Amma mən “networking” anlayışına yalnız kimisə tanımaq və ya gələcəkdə ondan peşəkar baxımdan faydalanmaq kimi yanaşmıram. Güclü şəbəkənin dəyəri odur ki, ətrafınızda sizinlə eyni səviyyədə düşünə bilən, eyni zamanda sizdən fərqli baxış bucağına malik insanlar olur. Bəzən onlarla bir fikir mübadiləsi belə müəyyən məsələyə yanaşmanı dəyişə bilir. Mənim üçün “Yüksəliş”in bu baxımdan əsas qazancı da məhz budur: kontakt bazamı deyil, ünsiyyət qura bildiyim insanların keyfiyyətini və müxtəlifliyini artırdı.
—— Sizcə, “Yüksəliş” layihəsini digər karyera və inkişaf proqramlarından fərqləndirən əsas xüsusiyyət nədir?
—— Məncə, “Yüksəliş”i fərqləndirən əsas xüsusiyyət onun sizə kim olduğunuzu danışmaq deyil, bunu göstərmək imkanı verməsidir. Peşəkar həyatda insanı çox vaxt CV-si, tutduğu vəzifə, çalışdığı qurum və ya əvvəlki nailiyyətləri təqdim edir. “Yüksəliş”də isə müəyyən mərhələdən sonra bunların əhəmiyyəti xeyli azalır. Qarşınıza konkret situasiya qoyulur və artıq titulunuz deyil, necə düşündüyünüz, necə qərar verdiyiniz, insanlarla necə işlədiyiniz və məsuliyyəti necə üzərinizə götürdüyünüz görünür. Digər vacib məqam rəqabətin miqyası və müxtəlifliyidir. Eyni mühitdə dövlət sektorundan, özəl sektordan, müxtəlif sahə və regionlardan gələn, fərqli təcrübəyə malik güclü insanlar özlərini eyni meyarlar əsasında sınayırlar. Bu, insanın özünü yalnız alışdığı peşəkar çevrə ilə deyil, daha geniş miqyasda müqayisə etməsinə imkan verir. Məncə, “Yüksəliş”in əsas fərqi də elə budur: orada keçmiş nailiyyətləriniz sizi müsabiqəyə gətirə bilər, amma nəticəni həmin anda göstərə bildiyiniz idarəçilik potensialı müəyyən edir.
—— Beynəlxalq səviyyədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan biri kimi, “Yüksəliş” layihəsində iştirak Azərbaycandakı peşəkar mühitlə əlaqələrinizi qorumaq baxımından sizə hansı üstünlükləri qazandırdı?
—— Səkkiz ilə yaxındır xaricdə yaşasam da, Azərbaycanla peşəkar əlaqəm heç vaxt coğrafi məsafədən asılı olmayıb. Uzun illər ölkəmizi diplomatik nümayəndəlik çərçivəsində təmsil etmişəm, Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması və qeyri-neft ixracının təşviqi ilə məşğul olmuşam. Ola bilər ki, bu gün fəaliyyətimin formatı dəyişib, amma Azərbaycan həmin peşəkar trayektoriyada öz yerini qoruyur. Ona görə “Yüksəliş” mənim Azərbaycanla əlaqəmi qoruyan platforma olmadı — bu əlaqə heç vaxt itməyib. Onun mənə verdiyi daha fərqli və daha dəyərli bir şey oldu: Azərbaycandakı güclü insan kapitalı ilə yeni bir əlaqə müstəvisi. Məncə, xaricdə olmağın əsas üstünlüyü məsafə deyil, iki perspektivi eyni anda görə bilməkdir: Azərbaycanı dünyadan, dünyanı isə Azərbaycanın imkanları prizmasından. “Yüksəliş” bu iki perspektiv arasında çox yaxşı bir körpü oldu.
—— “Yüksəliş” layihəsində iştirak zamanı özünüz haqqında əvvəllər fərqində olmadığınız hansı güclü və ya zəif tərəfləri kəşf etdiniz?
—— “Yüksəliş” mənə özüm haqqında tamamilə yeni bir şey öyrətməkdən daha çox, özüm haqqında bildiklərimi yüksək rəqabət mühitində sınaqdan keçirmək imkanı verdi. Çünki insanın özünü necə qiymətləndirməsi bir şeydir, həmin təsəvvürün obyektiv və rəqabətli mühitdə təsdiqlənməsi isə tamam başqa şey. Mənim üçün ən maraqlı nəticə təzyiq və qeyri-müəyyənlik şəraitində analiz və qərarvermə bacarığımın təsdiqlənməsi oldu. Bütün məlumatların və şərtlərin ideal olmasını gözləmədən mövcud vəziyyəti düzgün qiymətləndirmək, qərar vermək və onun məsuliyyətini daşımaq idarəçilikdə həmişə vacib hesab etdiyim xüsusiyyətlərdən olub. “Yüksəliş” bunu fərqli situasiyalarda real şəkildə sınamaq imkanı verdi. Digər tərəfdən, özümlə bağlı vacib bir məqamı da daha aydın gördüm. Mən yüksək tempdə işləməyə və nəticəyə sürətlə getməyə öyrəşmişəm. Amma idarəçilik insanların sizin tempinizə uyğunlaşması deyil; fərqli tempdə, fərqli xarakterdə və fərqli düşüncə tərzində olan insanları ortaq nəticəyə gətirə bilməkdir. Məncə, mənim üçün ən dəyərli dərslərdən biri də bu oldu: liderlik öz sürətini nümayiş etdirmək deyil, komandanın potensialını nəticəyə çevirmək bacarığıdır.
—— Sizcə, “Yüksəliş” layihəsinin məzunlarının əldə etdiyi təcrübə onların gələcəkdə həm Azərbaycanda, həm də beynəlxalq müstəvidə daha rəqabətqabiliyyətli mütəxəssis olmalarına necə təsir edir?
—— Məncə, “Yüksəliş”in əsas təsiri iştirakçını sadəcə qiymətləndirməsi deyil, onu daha mürəkkəb və daha yüksək tələblər olan mühitə hazırlamasıdır. Müsabiqə zamanı sınanan analitik düşüncə, qərarvermə, effektivlik, liderlik və komanda ilə işləmək bacarıqları həm Azərbaycanda, həm də beynəlxalq mühitdə birbaşa rəqabət üstünlüyünə çevrilir. Çünki bu gün bazarlar fərqli ola bilər, iş mədəniyyətləri fərqli ola bilər, amma güclü mütəxəssisə olan əsas tələb dəyişmir: situasiyanı düzgün oxumaq, sürətlə uyğunlaşmaq, düzgün qərar vermək və nəticə yaratmaq. , “Yüksəliş” məzunlarının üstünlüyü də bundadır: onlar yalnız biliklə deyil, fərqli mühitlərdə işləyə biləcək idarəçilik düşüncəsi ilə formalaşırlar. Bu isə həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə rəqabətqabiliyyətliliyi ciddi şəkildə artırır.
—— “Yüksəliş”ə qoşulmaq istəyən, lakin özünü hələ kifayət qədər hazırlıqlı hesab etməyən gənclərə nə deyərdiniz? Onlar layihəyə müraciət etməzdən əvvəl nələrə diqqət etməlidirlər?
—— Mən onlara ilk növbədə deyərdim ki, özünüzü tam hazır hiss edəcəyiniz günü gözləməyin. Çünki insanın inkişafında ən böyük səhvlərdən biri əvvəlcə hazır olmaq, sonra isə özünü sınamaq istəməsidir. Əslində çox vaxt bunun əksi baş verir — özünü sınadıqca hazırlaşırsan. “Yüksəliş”ə də yalnız qalib olmaq məqsədi ilə yanaşmaq lazım deyil. Əlbəttə, hamı qalib olmaq istəyir. Amma minlərlə güclü insanın iştirak etdiyi bir mühitdə siz ilk növbədə özünüzü test edirsiniz: necə düşünürsünüz, təzyiq altında necə qərar verirsiniz, komanda daxilində hansı rolu götürürsünüz, harada güclüsünüz və harada hələ inkişaf etməlisiniz. Bəzən insanın özü haqqında əldə etdiyi bu cavablar qalibiyyətdən də uzunömürlü olur. Hazırlığa gəlincə, mən yalnız testlərə və nəzəri biliklərə fokuslanmazdım. Dünyagörüşünüzü genişləndirin, analitik düşüncənizi inkişaf etdirin, fərqli insanlarla işləməyi öyrənin, fikrinizi əsaslandırmağı və eyni zamanda başqa fikri dinləməyi bacarın. Ən əsası isə, hazır cavablar əzbərləməyə deyil, düzgün düşünməyi öyrənməyə çalışın. Çünki real idarəçilikdə qarşınıza çıxan problemlərin sonunda cavab variantları olmur. Bir şeyi də unutmaq lazım deyil: müraciət etməmək üçün insan özünə yüz səbəb tapa bilər — təcrübəm azdır, hələ tezdir, daha yaxşı hazırlaşmalıyam, gələn il iştirak edərəm. Amma öz potensialınızın harada olduğunu onu sınamadan müəyyən edə bilməzsiniz. Ona görə gənclərə məsləhətim çox sadədir: “Yüksəliş”ə özünüzün artıq nə qədər yaxşı olduğunuzu sübut etməyə yox, nə qədər yaxşı ola biləcəyinizi görməyə gəlin. Çünki yüksəliş qalib olduğunuz gün başlamır. Əsl yüksəliş, özünüz üçün əvvəlkindən daha yüksək standartı qəbul etdiyiniz gün başlayır.
13:22 21.08.2026
Oxunuş sayı: 121