Brisbane-2032-nin loqosu belə olacaq
Beynəlxalq Olimpiya Komitəsi 2032-ci ildə Brisbendə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının rəsmi loqolarını təqdim edib.
Crossmedia.az xəbər verir ki, “Sports.ru” bu barədə Beynəlxalq Olimpiya Komitəsinə istinadən məlumat yayıb.
Olimpiya Oyunlarının loqosunda Avstraliyada yaşayan çəhrayı kakadu, Paralimpiya Oyunlarının loqosunda isə sarı kəkilli kakadu təsvir olunub. Quşların kəkillərində Oyunların keçiriləcəyi Kvinslend ştatının konturları əks olunub. Dizaynda həmçinin Olimpiya və Paralimpiya məşəllərinin elementlərindən istifadə edilib.
Kəkildəki lələklərin düzülüşü Oyunların keçiriləcəyi 2032-ci ilə işarə edir. Lələklər üçlük və ikilik qruplar şəklində yerləşdirilib. Loqolarda “Brisbane 2032” yazısı, Olimpiya halqaları və Paralimpiya aqitosu da yer alıb.
BOK-un Brisbane-2032 Oyunlarına hazırlıq üzrə Koordinasiya Komissiyasının rəhbəri Mikaela Kojuanqo-Yavorski bildirib ki, emblem Avstraliyanın, regionun və yerli əhalinin xarakterini təbiətlə və Olimpiya simvolları ilə birləşdirir.
Yay Olimpiya Oyunları Brisbendə 23 iyul–8 avqust 2032-ci il tarixlərində keçiriləcək. Paralimpiya Oyunlarının isə 24 avqust–5 sentyabr tarixlərində keçirilməsi planlaşdırılır.
Bu, Avstraliyanın Melburn-1956 və Sidney-2000-dən sonra ev sahibliyi edəcəyi üçüncü Olimpiya Oyunları olacaq. Beynəlxalq Olimpiya Komitəsinin rəsmi məlumatına görə, Brisbane-2032 Oyunları Avstraliyanın növbəti Olimpiya və Paralimpiya yarışlarına hazırlığının əsas mərhələlərindən biridir.
11:07 06.10.2026
Oxunuş sayı: 61