Məkkə sazişi nəyə xidmət edir - Ekspert inanılmaz detalları açdı
Məkkə sazişi çərçivəsində ortaq müdafiə məqsədilə yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin iclasının keçirilməsi Yaxın Şərqdə təhlükəsizlik sahəsində regional əməkdaşlığın gündəmdə olduğunu göstərir. Komitənin fəaliyyəti tərəflər arasında müdafiə məsələləri üzrə koordinasiyanın gücləndirilməsi və mümkün təhlükələrə qarşı birgə yanaşmaların müzakirəsi baxımından əhəmiyyət daşıyır.
İclasın keçirilməsi regionda təhlükəsizlik vəziyyətinin mürəkkəb olaraq qaldığı bir dövrdə Yaxın Şərq ölkələri arasında müdafiə əməkdaşlığının institusional mexanizmlər vasitəsilə inkişaf etdirilməsi məsələsini yenidən ön plana çıxarıb.
Crossmedia.az-a açıqlamasında Yaxın Şərq məsələləri üzrə ekspert Rufiz Hazifoğlu Məkkə sazişinin ilkin mərhələdə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının təhlükəsizlik maraqları baxımından əhəmiyyət daşıdığını bildirib.

Onun sözlərinə görə, sazişin əsas məqsədlərindən biri bu ölkələrin İran və onun regiondakı proksi qüvvələrindən qaynaqlanan təhlükələrə qarşı müdafiəsinin gücləndirilməsidir:
“Çoxları düşünür ki, Məkkə sazişi müsəlman ölkələrini kənar müdaxilədən qorumaq üçün atılan addımdır. Amma mən o vaxt da demişdim ki, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının daxil olduğu bu anlaşma ilk növbədə bu üç dövləti birbaşa İran müdaxiləsindən, daha doğrusu, İranın proksi qüvvələrindən qorumağa xidmət edir”.
Ekspert qeyd edib ki, Səudiyyə Ərəbistanının təhlükəsizliyi baxımından Yəməndəki vəziyyət xüsusi əhəmiyyət daşıyır:
“Bu gün Məkkə nizamnaməsinin başlıca prioriteti ilkin mərhələdə Yəmən torpaqlarının husilərdən təmizlənməsidir. Səudiyyə Ərəbistanı üçün Yəmən həyati əhəmiyyət kəsb edir və İran tərəfindən dəstəklənən husi qüvvələrinin burada mövcudluğu ciddi risk yaradır”.
Rufiz Hazifoğlu bildirib ki, ərəb ölkələri üçün əsas təhlükənin hansı istiqamətdən gəldiyi ilə bağlı yanaşmalar da dəyişir. Onun fikrincə, bu proses Məkkə sazişinin gələcəkdə genişlənməsi məsələsini də gündəmə gətirə bilər:
“Bu gün ərəb ölkələri özləri dərk edirlər ki, İsrail ərəb ölkələri üçün ciddi hərbi-siyasi risk təşkil etmir. Ciddi hərbi-siyasi risk İran və onun bölgədəki proksi maraqlarıdır. İran bu vaxta qədər Qərblə, xüsusilə də Birləşmiş Ştatlarla dialoq apardığı müddətdə İslam dövlətləri ilə, müsəlman dövlətləri ilə normal münasibətlər qura bilsəydi, bu, İran üçün daha faydalı olardı”, - deyə ekspert vurğulayıb.
Nigar Xəlilli
20:50 05.10.2026
Oxunuş sayı: 52