Kosmosda ilk dəfə ölmüş ulduzun qalıqlarından planet aşkar edildi
Alimlər ilk dəfə ölmüş ulduzun qalıqlarından yaranmış ola biləcək planet aşkar etdiklərini bildiriblər.
Crossmedia.az xəbər verir ki, “CNN” bu barədə “Nature Astronomy” jurnalında dərc olunan araşdırmaya istinadən məlumat yayıb.
Tədqiqatçılara görə, söhbət Yerdən təxminən 270 işıq ili uzaqlıqda yerləşən HS 0209+0832 adlı ağ cırtdanın ətrafında dövr edən qaz nəhəngindən gedir.
NASA-nın “Hubble” kosmik teleskopu və digər cihazların müşahidələrini təhlil edən alimlər planetin tərkibindəki kimyəvi elementlərlə bağlı məlumat əldə ediblər. Bu məlumatlar planetin ulduzun enerjisini itirərək ağ cırtdana çevrilməsi zamanı kosmosa atılan maddələrdən formalaşmış ola biləcəyini göstərir.
Günəşə bənzər ulduzlar ömrünün sonunda əvvəlcə sürətlə genişlənərək qırmızı nəhəngə çevrilir, daha sonra isə xarici təbəqələrini kosmosa atır. Nəticədə onların yerində daha kiçik, lakin sıx və yüksək temperaturlu nüvə – ağ cırtdan qalır.
Ulduzun ətrafında əvvəldən mövcud olan bəzi planetlər kifayət qədər geniş orbitdə yerləşdikləri halda bu prosesdən sağ çıxa bilirlər. Astronomlar daha əvvəl ağ cırtdanların ətrafında belə planetlərdən bir neçəsini müşahidə ediblər.
Lakin alimlərin sözlərinə görə, indiyədək ulduzun ölümündən sonra onun qalıqlarından formalaşan “ikinci nəsil” planetə rast gəlinməyib. Yeni kəşf bu baxımdan kosmik tədqiqatlarda ilk nümunə ola bilər.
05:40 06.10.2026
Oxunuş sayı: 66