Türkiyə Ukraynaya PUA-lara qarşı yeni silah göndərib
Türkiyə 2026-cı ildə Ukraynaya Korkut hava hücumundan müdafiə sistemləri verib.
Crossmedia.az xəbər verir ki, “Middle East Eye” (MEE) məlumatlı mənbələrə istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, Türkiyənin bu addımında əsas məqsəd Ukraynaya yeni silah sistemlərini sınaqdan keçirmək və pilotsuz uçuş aparatlarına qarşı mübarizə imkanlarını gücləndirmək imkanı yaratmaq olub.
Söhbətin Korkut komplekslərinin məhdud sayda partiyasının tədarükündən getdiyi bildirilir. Təhvil verilən qurğuların dəqiq sayı, eləcə də onlardan neçəsinin artıq döyüş bölgəsində istifadə olunduğu açıqlanmayıb.
Korkut kompleksinin standart batareyasına üç özüyeriyən zenit qurğusu və bir komanda-qərargah maşını daxildir. Sistem avtomatik toplarla təchiz olunub və PUA-lar, eləcə də qanadlı raketlər də daxil olmaqla hava hədəflərinin məhv edilməsi üçün hazırlanıb.
“MEE” qeyd edir ki, Ukraynanın Korkut sistemlərinə marağı daha əvvəl də olub. Türkiyənin müdafiə şirkəti “Aselsan” 2021-ci ildə Ukrayna tərəfinə bu kompleksləri almağı təklif etmişdi.
23:03 05.10.2026
Oxunuş sayı: 54