İsraildə hakimiyyət dəyişikliyi baş verə bilər - MÜSAHİBƏ
İsraildə oktyabrın 27-də keçiriləcək parlament seçkiləri ərəfəsində siyasi mübarizə yenidən diqqət mərkəzinə gəlib. İctimai yayımçı KAN-ın son sorğusuna görə, müxalifət partiyaları 52, Baş nazir Benyamin Netanyahu hökumətini dəstəkləyən blok isə 51 mandat əldə edə bilər. Bununla belə, 120 yerlik Knessetdə hökumət formalaşdırmaq üçün tələb olunan 61 mandat həddi hələlik heç bir tərəf üçün əlçatan görünmür. Sorğuda Qadi Ayzenkotun rəhbərlik etdiyi Yashar partiyası 23 mandatla ilk sırada, Netanyahunun Likud partiyası isə 21 mandatla ikinci yerdə qərarlaşıb. Seçkilərə üç həftədən az vaxt qaldığı bir vaxtda bu nəticələr İsraildə yeni hökumətin formalaşdırılması üçün koalisiya danışıqlarının və kiçik partiyaların mövqeyinin əhəmiyyətini artırır.
Mövzu ilə bağlı Politoloq Zərdüşt Əlizadə Crossmedia.az-a müsahibə verib.

-İsraildə hökumət dəyişikliyi baş verərsə, bu, Yaxın Şərqdə özünü necə göstərə bilər?
-İsraildə hökumət dəyişikliyi ölkənin xarici siyasətində ciddi dəyişikliyə gətirib çıxarmaya bilər. Çünki müxalifətdə olan qüvvələr Netanyahu-dan mahiyyətcə ciddi şəkildə fərqlənmirlər. Yair Lapid də, Naftali Bennet də vaxtilə baş nazir vəzifəsini tutublar. Onların yürütdükləri siyasətlə Netanyahunun siyasəti arasında ciddi fərq yoxdur. Netanyahunun seçkilərdə uduzmaq ehtimalı var. Əgər uduzsa, onunla bağlı davam edən hüquqi proseslər də siyasi gündəmdə qalacaq. Ona qarşı cinayət işləri qaldırılıb və baş nazir vəzifəsi onun siyasi-hüquqi vəziyyətinə təsir edən əsas amillərdən biridir.
-Yeni hökumət hakimiyyətə gələrsə, Türkiyə ilə münasibətlərdə dəyişikliklər baş verə bilərmi?
-Türkiyə ilə İsrail arasında münasibətlər onsuz da gərgindir. Türkiyə üçün Fələstinliləri müdafiə etməkdən geri çəkilmək asan deyil. Ona görə də onların münasibətlərinin gərgin olaraq qalacağını düşünürəm.
-Əgər yeni hökumət gələrsə, Türkiyə ilə münasibətlərin yumşaldılması üçün Azərbaycan vasitəçilik etsə, bu, münasibətlərin yaxşılaşmasına təsir göstərə bilərmi?
-Vasitəçi olmaq üçün böyük siyasi, maddi, hərbi və maliyyə potensialına malik olmaq lazımdır. Fərz edək ki, Azərbaycanın Ermənistanla bağlı vasitəçilik imkanları var. Orada əsas vasitəçilik imkanlarına malik olan tərəflər Rusiya və Qərb olub. Azərbaycanın vasitəçilik edəcək potensialı yoxdur. Odur ki, mən Azərbaycanın bu məsələdə vasitəçilik potensialını çox məhdud hesab edirəm.
-Bəs İsraildə hökumət dəyişikliyi baş verərsə, ABŞ-lə münasibətlər necə dəyişə bilər?
-Amerika İsraili daima müdafiə edir. Bəli, Amerika cəmiyyətində İsrailə münasibətin daha tənqidi istiqamətdə dəyişdiyini görmək mümkündür. İsrailin Fələstin siyasəti ilə bağlı proseslər müəyyən narazılıqlar yaradıb. Lakin ABŞ-nin siyasi sistemində xarici siyasətə təsir edən müxtəlif siyasi və maliyyə qrupları var. Buna görə də mən Amerikanın İsrailə göstərdiyi dəstək siyasətinin dəyişəcəyini düşünmürəm. Amerika ilə İsrail arasında yaxın müttəfiqlik münasibətləri davam edəcək.
-Yeni hökumətin hakimiyyətə gəlməsi İsrailin təhlükəsizlik siyasətində dəyişiklik yaradarsa, bunun regiondakı qüvvələr balansına təsiri necə ola bilər?
-İsrailin təhlükəsizlik siyasəti uzun illərdir mübahisə mövzusudur. Təhlükəsizlik o zaman dayanıqlı olur ki, bir dövlət öz təhlükəsizliyi ilə yanaşı, qonşularının da təhlükəsizliyini nəzərə alsın. Yalnız bir tərəfin təhlükəsizliyinin üstün tutulması və digər dövlətlərin təhlükəsizliyinə zərər dəyməsi ümumi təhlükəsizliyi poza bilər. İsrail də bunun nümunələrindən biridir. İsrail yarandığı dövrdən etibarən regionda uzunmüddətli münaqişələr içərisindədir və bu vəziyyət onun təhlükəsizlik siyasətinin nəticələri ilə bağlı müzakirələri davam etdirir.
Nigar Xəlilli
17:30 05.10.2026
Oxunuş sayı: 54