OpenAI rəhbəri süni intellektlə bağlı narahatlığını açıqladı
OpenAI şirkətinin CEO-su Sem Altman süni intellekt modellərinə dini güc verilməsi və insan mühakiməsinin onlara həvalə edilməsi cəhdlərini təhlükəsizlik problemi hesab etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Anadolu Agentliyi” bu barədə Altmanın ABŞ-nin “X” sosial media platformasındakı paylaşımına istinadən məlumat yayıb.
Altman bu cür cəhdlərdən “son dərəcə narahat” olduğunu qeyd edib. O bildirib ki, insanların süni intellekt modellərinə dini güc aid etməsi və insan mühakiməsini onlara təhvil verməyə çalışması real təhlükəsizlik problemi yaradır.
“Microsoft AI” şirkətinin CEO-su Mustafa Süleyman da ötən ay şirkətin bloqunda yayımlanan yazısında ABŞ-nin “Anthropic” şirkətinin “Claude” süni intellekt modelini “şüurlu olacaq şəkildə” inkişaf etdirməyə çalışmasının ciddi risklər daşıdığını bildirib.
“Anthropic” dini mütəfəkkirlərlə görüşüb
Altman və Süleymanın açıqlamaları “The New York Times” qəzetinin sentyabrın sonunda “Anthropic” şirkəti ilə bağlı yaydığı məlumatı yenidən gündəmə gətirib.
Qəzetin yazdığına görə, “Anthropic” ötən ildən etibarən ABŞ-ın Kaliforniya ştatında dünyanın müxtəlif ölkələrindən və fərqli dini inanclardan olan dini mütəfəkkir və filosoflarla gizli görüşlər keçirib.
Məlumata görə, şirkətin həmtəsisçisi Kristofer Olah katolik, yəhudi, siqh, evangelist xristian və Afrika fəlsəfəsinin “Ubuntu” cərəyanının nümayəndələri ilə üzbəüz, telefon və yazılı şəkildə müzakirələr aparıb.
Olahın “Claude” üçün hazırlanacaq insan əxlaqının plüralist, bütün dinləri və dünyəvi baxışları əhatə edən formada olmasını planlaşdırdığı bildirilib. O, süni intellekt modellərinin insanlara bənzər hisslər göstərə biləcəyini və onların əziyyət çəkə biləcəyi ehtimalını nəzərə alaraq, zərər verə biləcək hərəkətlərdən çəkinməyin vacibliyini vurğulayıb.
“The New York Times”ın məlumatına görə, Olah görüşlər zamanı süni intellektin 12-18 ay ərzində bioloji silahların hazırlanmasında istifadə edilə biləcəyini də bildirib və dini mütəfəkkirlərdən bu modellərə “əxlaq qazandırılması” məsələsində kömək istəyib.
Görüşlərdə iştirak edən mütəfəkkirlərdən birinin “şüurlu maşınların qadağan edilməsini”, digərinin süni intellekt modellərinin “günahlarını etiraf etməsini” təklif etdiyi, başqa bir iştirakçının isə insan etikasının süni intellekt yaradıldıqdan sonra deyil, inkişaf etdirildiyi mərhələdə öyrədilməli olduğunu müdafiə etdiyi qeyd olunub.
Məlumata görə, Olah mart ayından etibarən süni intellektlə maraqlanan dini mütəfəkkirləri bir araya gətirərək iki günlük seminarlar da təşkil etməyə başlayıb. Bu görüşlərdə şirkət daxilində “müdriklik ənənəsi” adlandırılan qrupların nümayəndələrinə “Claude” barədə təqdimatlar keçirilib.
00:30 06.10.2026
Oxunuş sayı: 45