Mənfi president: İstanbul boğazlarından keçiddə də rüsum tətbiq oluna bilər
Hörmüz boğazında gəmiçiliklə bağlı müzakirələr davam edərkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçiddə hər hansı rüsum tətbiqinin yolverilməz olduğunu bildirib. Onun sözlərinə görə, boğazdan keçidin pulsuz həyata keçirilməsi qlobal gəmiçilik və ticarətin davamlılığı baxımından daha praktik yanaşma ola bilər.
Ərdoğan bu fikirləri Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində səsləndirib. Türkiyə lideri hesab edir ki, Hörmüz boğazından sərbəst və rüsumsuz keçidin təmin edilməsi beynəlxalq ticarətə müsbət təsir göstərə bilər.
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Crossmedia.az-a açıqlamasında bildirib ki, Hörmüz boğazında azad naviqasiyanın qorunması həm regional, həm də qlobal baxımdan mühüm əhəmiyyət daşıyır:
“Amerika-İran müharibəsi Hörmüz problemini ortaya atdı. Çünki Hörmüz boğazı dünya iqtisadiyyatında, dünya enerji təchizatında mühüm rol oynayır və buranın bağlanması və yaxud rüsum tətbiq olunması, təbii ki, Yaxın Şərqdə geosiyasi proseslərdə mühüm dəyişikliklərə gətirib çıxara bilər. Xüsusilə İranın geosiyasi mövqeyi güclənə bilər. Ona görə də Türkiyə bu prosesdən narazıdır”.

Politoloqun sözlərinə görə, Hörmüz boğazında rüsum tətbiq olunması digər strateji boğazlarla bağlı da presedent yarada bilər:
“Sabah Türkiyədə, İstanbul boğazlarından rüsum tətbiq oluna və dünyada yeni presedentlər yarana bilər. Düşünürəm ki, cənab Ərdoğanın bu açıqlaması, təbii ki, İran tərəfindən müsbət qəbul olunmalıdır. Çünki Hörmüzdə azad naviqasiya tələb olunub və bundan sonra da belə olmalıdır. Burada rüsumların tətbiqi artıq dünya iqtisadiyyatına mənfi təsir edə bilər”.
M.Əsədullazadə hesab edir ki, Hörmüz boğazı ilə bağlı məsələ Yaxın Şərqdə güc balansına da təsir göstərə bilər:
“Həmçinin siyasi proseslərdə yeni dominant ölkənin ortaya çıxması, xüsusilə İranın mövqeyinin də güclənməsi deməkdir və dünyada, demək olar ki, qlobal güc balansında Yaxın Şərqdə İran diktə edən tərəf ola bilər”.
Politoloq qeyd edib ki, Türkiyənin mövqeyi regionda sülh və təhlükəsizliyin, eləcə də beynəlxalq hüquq normalarının qorunmasına hesablanıb:
“Hesab edirəm ki, cənab Ərdoğanın bu açıqlaması dünyada sülh və təhlükəsizliyə, regionda geosiyasi proseslərin normal müstəvidə, beynəlxalq hüquq çərçivəsində davam etməsinə hesablanıb. Yəni Türkiyə regionun əsas aparıcı ölkəsidir və əgər cənab Ərdoğanın bu qeyd etdikləri İran tərəfindən qəbul edilərsə və Hörmüz boğazında azad naviqasiya əvvəlki vəziyyətə qayıdarsa, bu regionda, təbii ki, sülhə və təhlükəsizliyə xidmət edəcək, iqtisadi inteqrasiyaya xidmət edəcək”.
Nigar Xəlilli
13:00 19.08.2026
Oxunuş sayı: 57