Naxçıvanda yeni ünvan verilmiş daşınmaz əmlak obyektlərinin sayı 35 % artıb
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 787 daşınmaz əmlak obyektinə yeni ünvan verilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35 % çoxdur.
Hesabat dövründə yeni ünvan verilmiş obyektlərdən 512-si torpaq sahəsi, 98-i mənzil, 69-u fərdi yaşayış evi, 64-ü qeyri-yaşayış binası, 44-ü isə qeyri-yaşayış sahəsi olub.
Bundan başqa, 7 ayda 5 202 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb. Onlardan 1 868-i daşınmaz əmlakın texniki pasportu, 3 334-ü isə torpaq sahəsinin planı və ölçüsüdür.
Həmçinin bu dövrdə 6 978 daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricidə 19 % artım qeydə alınıb.
Dövlət qeydiyyatına alınan əmlaklardan 3 139-u torpaq sahəsi, 2 633-ü fərdi yaşayış və bağ evi, 887-si mənzil, 158-i qeyri-yaşayış sahəsi, 150-si qeyri-yaşayış binası, 11-i isə əmlak kompleksidir.
Yanvar-iyul aylarında daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən 1,4 milyon manat xidmət haqqı toplanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 73,4 min manat və yaxud 5,4 % çoxdur.
Elektron xidmətlərin vahid platforma üzərindən təqdim edilməsi də xidmətlərə çıxış imkanlarını genişləndirib. Belə ki, cari ilin 7 ayında Xidmətə hüquqi və fiziki şəxslər, o cümlədən notariat ofisləri tərəfindən 7 869 elektron müraciət daxil olub. Elektron müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə artıb.(Report)
12:33 24.08.2026
Oxunuş sayı: 55