Buğda bazarında təhlükə - qıtlıq olacaq
Dünya buğda bazarında qiymətlərə təsir edən amillər Azərbaycanın ərzaq bazarı üçün də diqqət çəkən məsələlərdən biridir. İqlim dəyişiklikləri, quraqlıq və anomal istilər əsas buğda istehsalçısı ölkələrdə məhsuldarlığa mənfi təsir göstərə bilər. Geosiyasi münaqişələr və logistika problemləri də buğdanın istehsalı və ixracında əlavə çətinliklər yaradır. Azərbaycanın buğdaya olan tələbatının müəyyən hissəsinin idxal hesabına ödənilməsi ölkənin qlobal bazardakı dəyişikliklərə həssaslığını artırır. Dünya bazarında buğdanın bahalaşması isə daxili bazarda un və çörəyin qiymətinin avtomatik və dərhal yüksələcəyi anlamına gəlmir. Lakin qiymət artımı uzun müddət davam edərsə, idxal olunan buğdanın maya dəyərinin yüksəlməsi yerli un istehsalçılarına əlavə təzyiq yarada bilər. Bu baxımdan strateji taxıl ehtiyatlarının qorunması və yerli ərzaqlıq buğda istehsalının artırılması Azərbaycanın ərzaq təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır:
Crossmedia.az-a açıqlamasında iqtisadçı Eyyub Kərimli bildirib ki, dünya buğda bazarında müşahidə olunan proseslər Azərbaycan üçün də müəyyən risklər yaradır:
“İqlim dəyişiklikləri, əsas istehsalçı ölkələrdə quraqlıq və anormal istilər, eyni zamanda geosiyasi münaqişələr buğdanın istehsal və ixrac imkanlarını məhdudlaşdıra, nəticədə dünya qiymətlərinin yüksəlməsinə səbəb ola bilər.

Azərbaycanın buğdaya olan tələbatının əhəmiyyətli hissəsinin idxal hesabına ödənilməsi xarici bazarlardakı qiymət dəyişikliklərinin ölkəmiz üçün də vacib olduğunu göstərir. Bununla belə, dünya bazarında buğdanın bahalaşması daxili bazarda un və çörəyin qiymətinin dərhal eyni səviyyədə artması demək deyil. Mövcud ehtiyatlar, manatın məzənnəsinin sabitliyi və dövlətin bazarı tənzimləmək imkanları bu təsiri müəyyən müddət yumşalda bilər".
İqtisadçı qeyd edib ki, yüksək dünya qiymətləri uzun müddət davam edərsə, idxal olunan buğdanın maya dəyəri artacaq və bu, ilk növbədə un istehsalçılarına təzyiq göstərəcək: "Növbəti mərhələdə isə həmin təsirin çörək və digər un məmulatlarının qiymətlərində hiss olunması mümkündür.
Hazırkı şəraitdə Azərbaycanda çörəyin kəskin bahalaşmasını qaçılmaz hesab etmək düzgün olmazdı. Ancaq quraqlıq, məhsuldarlığın azalması və Qara dəniz regionunda logistika problemləri eyni vaxtda dərinləşərsə, qiymət riskləri yüksələ bilər. Buna görə strateji taxıl ehtiyatlarının qorunması, idxal mənbələrinin şaxələndirilməsi və xüsusilə yerli ərzaqlıq buğda istehsalının artırılması daha böyük əhəmiyyət kəsb edir".
Zeynəb Həsən
14:00 24.08.2026
Oxunuş sayı: 54