Bursada 3 nöqtədə meşə yanğını: Havadan və qurudan müdaxilə edilir
Türkiyənin Bursa vilayətinin Kestel və Yıldırım rayonlarında üç fərqli ərazidə meşə yanğını başlayıb.
Crossmedia.az xəbər verir ki, “Anadolu Agentliyi” bu barədə məlumat yayıb.
Məlumata görə, Kestel rayonunun Derekızık və Aktaştepe məhəllələri, həmçinin Yıldırım rayonunun Karapınar məhəlləsindəki meşəlik ərazilərdə yanğın qeydə alınıb. Yanğınların hansı səbəbdən başladığı hələlik müəyyən edilməyib.
Hadisə ilə bağlı ərazilərə Bursa Meşə Regional Müdirliyinin və yanğınsöndürmə qruplarının əməkdaşları cəlb olunub.
Son məlumata görə, yanğınların söndürülməsinə 2 təyyarə, 4 helikopter, 8 yanğınsöndürən maşın, 3 su tankeri, 6 ilkin müdaxilə və xidmət avtomobili, 4 buldozer və 92 əməkdaş cəlb edilib. Yanğınlar böyük ölçüdə nəzarət altına alınıb, söndürmə işləri davam etdirilir.
13:52 24.08.2026
Oxunuş sayı: 53