Rusiya Finlandiya sərhədində hərbi bazasını genişləndirir
Rusiya Finlandiya sərhədindən təxminən 60 kilometr məsafədə yerləşən Kamenka hərbi qarnizonunda genişmiqyaslı yenidənqurma işlərinə başlayıb.
Crossmedia.az xəbər verir ki, Finlandiyanın “Yle” ictimai yayım şirkəti bu barədə məlumat yayıb.
Bildirilib ki, 2026-cı il ərzində qarnizonun ərazisində çoxsaylı köhnə binalar sökülüb və onların yerində yeni obyektlərin tikintisinə başlanılıb.
Peyk görüntülərində hərbi bazanın cənub hissəsində anqarların, anbarların, iki yeməkxananın və iki kazarmanın söküldüyü görünür.
Kamenka qarnizonunda Rusiyanın 69-cu motoatıcı diviziyası yerləşir. Hazırda bu hərbi birləşmənin formalaşdırılması və şəxsi heyətinin artırılması prosesi davam edir.
Məlumata görə, əvvəllər qarnizonda təxminən 4 400 hərbçidən ibarət briqada yerləşirdisə, yeni diviziyanın şəxsi heyətinin gələcəkdə 11 min nəfərə çatdırılması planlaşdırılır.
Hərbi ekspert Marko Eklund peyk görüntülərini təhlil edərək qarnizon ərazisində yeni döyüş və atıcılıq hazırlığı mərkəzinin inşa olunduğunu bildirib.
Qeyd olunur ki, Rusiya Finlandiya və İsveçin NATO-ya üzv olmasından sonra şimal-qərb istiqamətində hərbi qüvvələrini gücləndirmək qərarı verib.
Kamenkadakı yenidənqurma işləri də bu istiqamətdə həyata keçirilən hərbi infrastruktur layihələrinin bir hissəsi kimi qiymətləndirilir.
10:06 24.11.2026
Oxunuş sayı: 39