Süd Yolunda yeni ulduzların yaranması ilə bağlı maraqlı kəşf
Astronomlar Süd Yolu qalaktikasının mərkəzində yeni ulduzların yaranması ilə bağlı indiyədək məlum olmayan proses aşkar ediblər.
Crossmedia.az xəbər verir ki, Sidney Universitetinin alimlərinin araşdırmasına əsasən, qalaktikanın mərkəzində yerləşən nəhəng fırlanan ulduz strukturu güclü zərbə dalğaları yaradır. Bu dalğalar qaz buludlarını sıxaraq yeni ulduzların formalaşmasına imkan verir.
Tədqiqatın maraqlı tərəfi odur ki, oxşar qalaktikalarda belə güclü proseslər adətən ulduz yaranmasını məhdudlaşdırır. Lakin Süd Yolunda əks proses müşahidə oluna bilər.
“Nature Astronomy” jurnalında dərc olunan araşdırma Norma spiral qolunun bir hissəsinin əslində spiral qol deyil, ulduzların yarandığı xüsusi bölgə ola biləcəyini də göstərir.
Alimlər hesab edirlər ki, bu kəşf qalaktikamızın quruluşu ilə bağlı mövcud təsəvvürlərin yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər.
06:11 24.11.2026
Oxunuş sayı: 47