Leykoz diaqnozdan 50 il əvvəl inkişaf etməyə başlaya bilər
Britaniyalı alimlər müəyyən ediblər ki, kəskin mieloid leykozun inkişafına səbəb olan ilk genetik dəyişikliklər xəstəliyə diaqnoz qoyulmasından onilliklər əvvəl meydana çıxa bilər.
Crossmedia.az xəbər verir ki, Kembric Universiteti və London Universitet Kollecinin tədqiqatçıları araşdırma zamanı qan nümunələrini və genetik dəyişiklikləri təhlil ediblər.
“Nature” jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, araşdırılan xəstələrin təxminən üçdə ikisində leykozla əlaqəli ilk mutasiya 20 yaşdan əvvəl yaranıb. Bu dəyişikliklər uzun illər nəzərəçarpan simptomlar olmadan qala, sonradan isə xəstəliyin inkişafına səbəb ola bilər.
Alimlər müəyyən ediblər ki, ilkin mərhələdə mutasiyaya uğramış qan hüceyrələri çox yavaş çoxalır. Lakin əlavə genetik dəyişikliklər toplandıqca onların artım sürəti dəfələrlə yüksəlir.
Tədqiqatçılar hesab edirlər ki, bu mexanizmin öyrənilməsi gələcəkdə yüksək riskli şəxslərin xəstəlik əlamətləri ortaya çıxmamış müəyyən edilməsinə və leykozun qarşısının alınması strategiyalarının hazırlanmasına kömək edə bilər.
Bununla belə, alimlər vurğulayırlar ki, belə mutasiyaların mövcudluğu hər kəsdə mütləq leykoz yaranacağı demək deyil.
05:14 24.11.2026
Oxunuş sayı: 46