Dəmir dövrünün qüdrətli hökmdarının qadın olduğu ehtimal edilir
Britaniyalı arxeoloqlar eramızın I əsrində yaşamış və uzun müddət kişi hesab edilən Verikanın əslində qadın hökmdar ola biləcəyinə dair yeni sübutlar üzə çıxarıblar.
Crossmedia.az xəbər verir ki, Bornmut Universitetinin tədqiqatçıları Verikanın Britaniyanın Atrebat tayfasına rəhbərlik etdiyini və Roma imperiyasının Britaniyanı işğal etməsi ilə nəticələnən hadisələrdə mühüm rol oynadığını bildirirlər.
Araşdırmaya əsasən, Verika təxminən eramızın 40-cı ilində hakimiyyətdən uzaqlaşdırılaraq Romaya sığınıb və imperator Klavdidən kömək istəyib.
Alimlər onun qadın olduğunu göstərən sübutlar sırasında adının quruluşunu və hakimiyyəti dövründə buraxılmış sikkələrin üzərindəki təsvirləri qeyd edirlər. Sikkələrdə at üzərində nizə tutmuş qadın döyüşçüyə bənzər fiqur əks olunub.
Tədqiqatçılar bildirirlər ki, Verikanın tarixdə kişi kimi təqdim edilməsi XIX əsr tarixçilərinin yanaşması ilə bağlı ola bilər.
Kəşf qədim Britaniyada qadınların siyasi hakimiyyətdəki rolu ilə bağlı tarixi təsəvvürlərin yenidən araşdırılmasına səbəb ola bilər.
07:24 24.11.2026
Oxunuş sayı: 42