Netanyahunun planı üzə çıxdı: İsrail yeni əməliyyata hazırlaşır
Qəzza zolağında İsrail və HƏMAS arasında qarşıdurma fonunda gərginlik yenidən yüksəlib. İsrail ordusunun Qəzza şəhərinin şimalında yerləşən Şati bölgəsində HƏMAS mövqelərinə endirdiyi hava zərbələri bölgədə onsuz da ağır olan hərbi və humanitar vəziyyəti daha da mürəkkəbləşdirib. İsrail tərəfi hücumların hərbi qüvvələrinə qarşı planlaşdırılan hücumların qarşısını almaq məqsədi daşıdığını bildirir.
İsrail ordusunun HƏMAS-ın komandir heyətinə qarşı keçirdiyi əməliyyatlar fonunda əsas sual isə bu zərbələrin bölgədə təhlükəsizliyi təmin edib-etməyəcəyidir. Hərbi əməliyyatların davam etməsi münaqişənin siyasi həll perspektivlərini də gündəmə gətirir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, İsrail ABŞ-nin İrana qarşı hərbi əməliyyatları davam etdirməsində maraqlıdır:
“Amerika və İsrail arasında onsuz da mövcud olan fikir ayrılıqları İranla atəşkəs əldə olunandan sonra daha da dərinləşib. Hətta soyuq münasibətlər də müşahidə olunur. Xüsusilə Amerika birləşmiş ştatlarının prezidenti Donald Tramp və İsrailin baş naziri Netanyahu arasında bir növ söz oyununa da dünya şahidlik edir. Netanyahu Amerikaya səfər edəndə əvvəlki səfərləri ilə müqayisədə nisbətən soyuq qarşılandı. Səfərdən qayıtdıqdan sonra da dövlətlərarası münasibətlərdə heç nəyin dəyişmədiyi açıq şəkildə göründü”.

Onun sözlərinə görə, İsrail ABŞ-nin hərbi əməliyyatları bərpa etməsində maraqlıdır:
“İsrail hər vəchlə çalışırdı ki, ABŞ əməliyyatları dayandırmasın, davam etdirsin. Lakin aprelin 8-də İranla əvvəlcə 14 günlük atəşkəs əldə olundu, daha sonra isə atəşkəsin müddəti uzadıldı və bu günə qədər davam edir. Bu isə İsraili qane etmir. İsrail bu gün də çalışır ki, Amerika əməliyyatları bərpa etsin. Çünki özünün təkbaşına, Amerikanın dəstəyi olmadan İranla müharibə aparmaq iqtidarında olmadığını çox yaxşı anlayır”.
C.Abbaslı hesab edir ki, İsrail ən azı əvvəlki 12 günlük əməliyyata bənzər hərbi kampaniyanın keçirilməsinə çalışır:
“Ona görə də ən azı ötən yay həyata keçirilən 12 günlük əməliyyata bənzər bir əməliyyat keçirməyə çalışır. Təbii ki, bunun arxasında Amerikanın dəstəyi olmalıdır. Amma həmin dəstəyi hələlik görmür”.
Siyasi şərhçi qeyd edib ki, hazırda Tramp administrasiyasının əsas diqqəti ABŞ-də keçiriləcək aralıq seçkilərinə yönəlib:
“Trampın əsas niyyəti noyabr ayında keçiriləcək aralıq seçkilərində qələbə qazanmağa yönəlib və düşünürəm ki, seçkilərə qədər İsrailə kömək etməyəcək. Eyni zamanda, Netanyahu üçün də oktyabrın 27-si çox kritik gündür. Həmin tarixdə parlament seçkiləri keçiriləcək. Netanyahu düşünür ki, müharibə fonunda seçkiləri uda bilər. Belə bir ciddi vəziyyət yaranıb”.
C.Abbaslı bildirib ki, bütün bunların fonunda Netanyahunun siyasi mövqeyi zəifləyir:
“Hesab edirəm ki, İsrail bütün bunların fonunda öz aləmində Amerikaya cavab verir. Əslində isə Netanyahu çox ciddi şəkildə cəzalandırıla bilər. Ən azı oktyabrın 27-si qarşıdadır və həmin seçkilərdə Amerikanın dəstəyi olmadan Netanyahunun qalib gəlməsi o qədər də real görünmür. Son sorğular da göstərir ki, o, təkbaşına hökumət formalaşdıra bilməyəcək.
Bütün bunlar göstərir ki, Netanyahunun siyasi mövqeyi getdikcə zəifləyir. ABŞ və İsrail arasındakı fikir ayrılıqları onsuz da mövcuddur və düşünürəm ki, bu fikir ayrılıqları bundan sonra da bir müddət davam edəcək”.
Siyasi şərhçi, həmçinin, ABŞ-Türkiyə münasibətlərində müşahidə olunan yaxınlaşmanın da proseslərə təsir etdiyini vurğulayıb:
“Bir nüansı da unutmaq olmaz ki, son zamanlar Amerika və Türkiyə arasında münasibətlərdə yaxınlaşma müşahidə olunur. Bütün bunların fonunda Suriyada İsrailin zərbələrinin şahidi oluruq. Bu isə, təbii ki, Amerika tərəfindən qəzəblə qarşılanır. Türkiyə də İsrailə bir növ cavabını Amerika üzərindən verir”.
Nigar Xəlilli
16:00 21.08.2026
Oxunuş sayı: 49