"Gizli əllər" işə düşüb: ABŞ- İran danışıqları dalanda
ABŞ və İran arasında diplomatik təmasların davam edib-etmədiyi ilə bağlı ziddiyyətli məlumatlar fonunda Donald Trampın son açıqlaması danışıqların perspektivini yenidən sual altına salıb. ABŞ prezidentinin İranla hazırda heç bir dialoqun aparılmadığını və danışıqların planlaşdırılmadığını bildirməsi tərəflər arasındakı gərginliyin hələ də yüksək olaraq qaldığını göstərir.
Tramp eyni zamanda ABŞ-nin İrana qarşı tətbiq etdiyi dəniz blokadasının qüvvədə olduğunu, Hörmüz boğazının açıq və fəaliyyət göstərən vəziyyətdə qaldığını bildirib. Ağ Evdən gələn bu mesaj Vaşinqton-Tehran xəttində diplomatik həll imkanlarının yaxın perspektivdə nə dərəcədə real olduğu ilə bağlı yeni suallar doğurur.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, danışıqların dayanması ABŞ və İran arasında ciddi fikir ayrılıqlarının mövcudluğundan xəbər verir:
“Trampın danışıqların davam etmədiyini deməsi ABŞ və İran arasındakı gərginliyin davam etdiyini göstərir. Konkret olaraq, iki ölkə arasındakı münasibətlərdə soyuqlaşma yenidən başlayıb. Bir müddət əvvəl qeyri-rəsmi də olsa, dialoqun olduğu və danışıqların aparıldığı barədə məlumatlar yayılsa da, hazırda ümumilikdə dialoqun kəsildiyi və danışıqların getmədiyi barədə məlumat var. Hər iki tərəf də bunu təsdiq edir. Həm İran tərəfindən bu cür açıqlamaların şahidi oluruq, həm də ABŞ konkret olaraq danışıqların getmədiyini bəyan edir.

Bu, öz-özlüyündə onu göstərir ki, ciddi problem var və danışıqların dalana dirənməsi ilə bağlı iki ölkə arasında çox ciddi fikir ayrılıqları mövcuddur. Bu müddət ərzində, 2025-ci ildə baş verən müharibədən sonra Pakistanın səyləri nəticəsində müəyyən dərəcədə razılaşmalar əldə olunmuşdu. Məsələn, Hörmüz boğazı və digər məsələlərlə, eləcə də İranın nüvə ehtiyatları ilə bağlı razılaşmalar var idi. Ancaq daha sonra gərginlik yenidən davam etməyə başladı”.
Politoloqun sözlərinə görə, danışıqların nəticəsiz qalmasına həm ABŞ və İran daxilindəki müəyyən qüvvələrin mövqeyi, həm də xarici aktorların maraqları təsir göstərir:
“Burada əsas məqsəd və amillərdən biri ABŞ daxilində İranla anlaşmanı istəməyən qüvvələrin mövcud olmasıdır. Məsələn, Dövlət Departamentində bəzi şəxslərin danışıqlardan və prosesin ümumi gedişatından narazı olduğu barədə məlumatlar var. Eyni zamanda, İranın öz daxilində də SEPAH-a bağlı radikal qanad ABŞ ilə danışıqlarda o qədər də maraqlı deyil və bu aksiyanın davam etməsində həvəslidir.
Bütün bunlarla yanaşı, kənar dövlətlərdə də iki ölkə arasındakı münasibətlərdə ziddiyyətlərin yaranmasında və hər hansı anlaşmanın əldə olunmamasında maraqlı qüvvələr var. Məhz bu amillər ümumi prosesə mane olur, danışıqların davam etdirilməsində və real nəticənin əldə olunmasında problemlər yaradır. Buna görə də bütün bunlar danışıqların dayandırılmasına gətirib çıxarır”.
Nigar Xəlilli
20:00 19.08.2026
Oxunuş sayı: 45