Paşinyan: Ermənistan KTMT-yə qayıtmayacaq
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yaxın beş il ərzində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində fəaliyyətini bərpa etmək niyyətində olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, "Sputnik Ermənistan" bu barədə məlumat yayıb.
Paşinyan hökumətin 2026–2031-ci illər üçün proqramını parlamentdə təqdim edərkən Ermənistanın KTMT-yə qayıtmaq və təşkilat çərçivəsində fəaliyyətini yenidən başlatmaq planının olmadığını deyib.
O bildirib ki, Ermənistan KTMT-də fəaliyyətini aktivləşdirməyəcək. Paşinyan təşkilatın nizamnaməsində üzv dövlətin təşkilatdan çıxarılması imkanının nəzərdə tutulduğunu qeyd edərək, Ermənistanın KTMT-dən xaric edilməsindən məmnun olacağını söyləyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyun ayında Ermənistanın KTMT-yə üzvlük haqları üzrə borcu səbəbindən təşkilatın öhdəliklərini yerinə yetirməyən dövlətlərə qarşı nizamnamədə nəzərdə tutulan tədbirlərin tətbiqi məsələsinə baxacağını bildirmişdi.
Ermənistan 2024-cü ilin fevralında KTMT-də iştirakını “dondurduğunu” açıqlayıb. Paşinyan bu qərarı 2021–2022-ci illərdə müttəfiqlərin Ermənistan qarşısında Kollektiv Təhlükəsizlik Müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi ilə əsaslandırmışdı.
Hazırda KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.
14:12 24.08.2026
Oxunuş sayı: 47