Peskov: Ermənistan KTMT-dən çıxa bilər
Ermənistan milli maraqlarına uyğun hesab etmədiyi təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq hüququna malikdir.
Crossmedia.az xəbər verir ki, "Sputnik Ermənistan" bu barədə məlumat yayıb.
Kremlin sözçüsü Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkənin gələcəkdə Avropa İttifaqına üzvlük üçün müraciət prosesinə başlayacağı ilə bağlı açıqlamasını da şərh edib.
Peskovun sözlərinə görə, Ermənistan KTMT-də üzvlüyə ehtiyac duymadığını düşünürsə, təşkilatı tərk edə bilər.
Paşinyan daha əvvəl Ermənistan hökumətinin 2026–2031-ci illər üçün proqramını parlamentdə təqdim edərkən ölkənin KTMT-yə qayıtmaq və təşkilat çərçivəsində fəaliyyətini bərpa etmək planının olmadığını bildirib.
Ermənistanın Aİ-yə üzvlük üçün müraciət etməsi məsələsinə toxunan Peskov Türkiyə və digər ölkələrin təcrübəsini xatırladıb. O qeyd edib ki, bəzi dövlətlərin müraciətindən onilliklər keçməsinə baxmayaraq, onların Aİ-yə üzvlük prosesi hələ başa çatmayıb.
Peskov həmçinin bildirib ki, Ermənistan Aİ-yə üzvlük üçün müraciət etdikdən sonra qanunvericiliyini müxtəlif sahələrdə Avropa İttifaqının normalarına uyğunlaşdırmalı olacaq. Onun sözlərinə görə, bu normalar Rusiya və Avrasiya İqtisadi İttifaqında qəbul edilən qaydalarla müəyyən sahələrdə uyğun gəlmir və bu, Ermənistan üçün ciddi ziddiyyətlər yarada bilər.
Qeyd edək ki, Ermənistan 2024-cü ilin fevralında KTMT çərçivəsində iştirakını “dondurduğunu” açıqlayıb. 2025-ci ilin martında isə Ermənistan parlamenti ölkənin Avropa İttifaqına üzvlük prosesinə başlamaq haqqında qanun qəbul edib.
14:21 24.08.2026
Oxunuş sayı: 49