Partiya sədri: Məktəb geyimləri ilə bağlı qərar dinə qarşı çıxmaq deyil
Son günlərdə vahid məktəbli formasının tətbiqini əsassız şəkildə fərqli istiqamətlərə çəkmək istəyənlər var.
Sözügedən qərar qızların məktəbdə zinət əşyaları taxmasını, dar və ya qısa geyimlər geyinməsini, eləcə də qeyri-adi saç düzümündə olmasını, makiyaj etməsini, uzun və rəngli dırnaqlardan istifadəsini, oğlanların da isə saqqal saxlamasını, dar geyinməsini, təsbeh kimi alətlərlə dərsə gəlməsini qadağan edir. Göründüyü kimi, sadalananların onsuz da məktəblə hansısa bir əlaqəsi yoxdur. Əksinə, cəmiyyət indiyə kimi belə qadağaların verilməsini tələb edirdi. Üstəlik, yeni qərarın hicaba qarşı olduğunu iddia etmək gülüncdür. Ölkədə heç bir yerdə hicab qadağası yoxdur. Lakin beynəlxalq qaydalara uyğun olaraq məktəblərdə dünyəvi təhsil keçirilir. Yəni məktəb dini qurum və ya məscid deyil. Tədris məkanında kimsə digərindən seçilməməlidir. Necə ki, yeni qayda ilə varlı ilə kasıb seçilməyəcəksə, hicablı və ya başı açıq olan uşaqlar da fərqlənməməlidir. Psixoloqlar da etiraf edir ki, şagirdlər arasında istənilən fərq onların psixologiyasına müəyyən təsirlər edir. Məktəbdə isə gələcəyimiz olan uşaqları istənilən təsir və yə təzyiqdən qorumalıyıq. Şagirdlərin yeganə düşüncəsi dərslərini yaxşı oxumaq olmalıdır. Bunun əksinə çalışmaq uşaqlara yaxşılıq deyil, ən böyük pislikdir...
Azad Vətən Partiyasının sədri, tarix üzrə fəlsəfə doktoru, müəllim Akif Nağı vahid məktəbli forması ilə bağlı Crossmedia.az-a müsahibə verib:
- Akif müəllim, son günlərdə məktəbdə vahid geyim qaydaları ilə bağlı qərarlar bəzi qüvvələr tərəfindən konteksdən çıxarılaraq fərqli istiqamətlərə çəkilməyə çalışılır. Siz partiya sədri olaraq necə düşünürsünüz, nə üçün bəzi qüvvələr məktəbin daxili nizam-intizamı ilə bağlı məsələni “hicab qadağası” kimi təqdim edirlər?
- Mən bu məsələnin həddindən artıq şişirdilməsinin və geniş şəkildə müzakirələr aparılmasının tərəfdarı deyiləm. Çünki bu, həddindən artıq incə və təhlükəli məsələdir. Üstəlik, bəzilərinin məktəb geyimləri ilə bağlı qərarı dinə qarşı çıxmaq kimi təqdim etməsi də yanlışdır. Bu məsələyə yalnız dövlət maraqları çərçivəsində baxılmalıdır.
Dövlət maraqları ilə yanaşı, ideologiya məsələsi də mövcuddur. İdeologiya dövlətə xidmət edən vasitə və alətdir, din də bir ideologiyadır. Ona görə də hər kəs həmişə nəzərə almalıdır ki, hansı ideologiya və ya ideyanın arxasınca gedilirsə, həmin ideoloji xətt və ya təbliğat dövlət maraqlarına toxunan an orada dayandırılmalıdır. Unutmayaq ki, dövlət millətə xidmət edir və millətə xidmət edən dövlətin maraqları hər şeyin üstündə durmalıdır.
Hər kəs öz məsuliyyətini dərk etməli və bu məsələdə heç bir istisnaya yol verilməməlidir. Tariximizə və mənəviyyatımıza nəzər salsaq, görərik ki, bayrağımızın rənglərində dünyəvilik, türkçülük və islam dinimiz harmonik və güclü şəkildə birləşir. Üçü birlikdə əsas xəttimizi müəyyənləşdirir və bunlar heç kəs tərəfindən bir-birinə qarşı qoyulmamalıdır. Söhbət ondan gedir ki, bunların hamısı Azərbaycan siyasətində birləşir və hansı birinə üstünlük verməyə və ya aşağı endirməyə ehtiyacı yoxdur. Onların birliyində və harmoniyasında Azərbaycan irəliyə doğru gedir və bu günə qədər də nailiyyətlər qazanıb.
Ümumiyyətlə, məktəblərdə uşaqların geyimi ilə bağlı tətbiq olunan qaydalar hər hansı bir dini etiqada qarşı maneə deyil. Bütün dünyada məktəbli formaları mövcuddur və Azərbaycanda da bu qaydalar tətbiq olunur. Artıq yeni mərhələ başlayır və bütün məktəblərdə eyni forma tətbiq olunur ki, bu da çox xoş təəssürat yaradır. Həm şagirdlər məktəbli formasını geyinir, həm də o formaya layiq olmağa çalışırlar. Uşaqların yetkinlik yaşına çatana qədər olan seçimi ilə bağlı məsələ valideynlərin iradəsi ilə qəbul olunsa belə, bu, uşağın sərbəst iradəsi deyil, xüsusilə də aşağı siniflərdə oxuyan məktəblilər üçün belə bir tendensiya olmamalıdır. Bütün bu məsələlər diqqətlə nəzərə alınmalı və bu, böyük bir kampaniyaya, dövlətə qarşı hər hansı bir təbliğat vasitəsinə çevrilməməlidir.
- Görünən odur ki, bununla bağlı etiraz paylaşımları bir kampaniya kimi məqsədyönlü paylaşılır. Bəs onların arxasındakı qüvvələr kimlərdir?
- Bu kampaniyanın arxasında kimlərin maraqlı olduğuna baxmaq lazımdır. Ölkə daxilində hansısa qruplar, xaricdə isə hansısa dövlətlər bunda maraqlıdır. Bunu axtaranda görürsən ki, Azərbaycanda sabitliyin pozulmasını, xaosun yaranmasını istəyənlər bu məsələnin qabardılmasına və ona başqa bir rəng verilməsinə çalışırlar. Lakin Azərbaycan güclü dövlətdir və kimsə ölkəmizə diktə edə bilməz. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bildirib ki, biz öz siyasətimizdə sərbəstik, müstəqilik, kimsə hansısa məsələdə, o cümlədən ideoloji məsələlərdə bizə diktə edə bilməz.
Kimlərsə öz aləmlərində deyə bilər ki, siz liberal xətti, millətçiliyi götürün və ya dini xətti götürün. Ancaq hər ölkənin özünün xətti var və Azərbaycan da öz seçimini həmişə sərbəst, müstəqil şəkildə edir. Ona görə də heç kim Azərbaycana diktə etməyə çalışmasın.
Xaricdə və daxildə bu məsələdə insanları qıcıqlandırmaq istəyən müəyyən qüvvələr var, amma qətiyyən qıcıqlanmadan dövlətin qanunlarına tabe olmaq lazımdır. Hər kəs məsələlərə öz istəklərindən və ya ideoloji baxışlarından deyil, dövlətin qəbul etdiyi qanunlardan və apardığı siyasətdən çıxış edərək yanaşmalıdır.
Reallıq ondan ibarətdir ki, Azərbaycanda qarışıqlıq yaratmaqda maraqlı olan qüvvələr var. Həmçinin, daxildə hakimiyyət uğrunda mübarizə aparan bəzi qüvvələr bundan tərəfdar toplamaq üçün istifadə edə bilərlər. Bunların hamısı ortadadır və yanaşmamızda belə məkrli planları nəzərə almalıyıq. Bizim Qarabağ Azadlıq Təşkilatının (QAT) vaxtında da bir formulumuz, düsturumuz və şablonumuz var idi ki, hər hansı bir hadisə dövlət maraqlarına cavab verir, yoxsa yox? Yəni həmişə dövlət maraqlarına uyğun mövqedən çıxış etmişik. İndi də Azad Vətən Partiyası olaraq həmin mövqedən çıxış edirik.
- Siz siyasətçi olmaqla yanaşı, eyni zamanda həm də uzun illərdir müəllimlik edirsiniz. Lakin sosial şəbəkələrdə bəzi müəllimlər və ya direktorlar vahid geyim forması ilə bağlı absurd fikirlər səsləndidirlər. Təhsildəki belə şəxslərlə bağlı mövqeyiniz nədən ibarətdir?
- Təəssüf ki, bəzi məktəb direktorları və müəllimlər özlərini sığortalamaq üçün məktəblərində yeni qaydaların tətbiqinə imkan verməyəcəklərini iddia edirlər. Lakin bu yanaşma səhvdir. Əgər hər hansı məktəb direktoru və ya pedaqoq bu cür mövqedən çıxış edirsə, deməli, o, öz yerində deyil. Söhbət ondan gedir ki, dövlətin qərarları hər kəs üçün məcburidir.
Hesab edirəm ki, bu məsələdə qətiyyən ifratçılığa yol verilməməlidir. Nə şagird, nə də müəllim tərəfindən dərslərdən yayınma qəbuledilməzdir. Təhsil almaq yalnız hüquq deyil, həm də hər bir vətəndaşın və gəncin dövlət qarşısında borcu və öhdəliyidir. Buna görə də hər kəs öz borcunu və öhdəliyini yerinə yetirməlidir. Bəzi valideynlərin uşaqlarını məktəbdən uzaqlaşdıraraq başqa dərnəklərə yönəltməsi və ya evdə təhsilə cəlb etməsi ümumi məqsədlərə uyğun deyil və bu, uşaqların cəmiyyətdən təcrid olunmasına səbəb olar.
Məktəb bütün ailələrdən gələn uşaqların təhsil aldığı ümumi məkandır. Əgər hər kəs öz qanunu, marağı və mənəvi dəyərləri ilə ora gəlsə, orada yaxınlaşma ola bilməz, münasibətlərdə gərginliklər və mübahisələr yaranar. Hamının əməl etdiyi ümumi dəyərlərə hər kəs riayət etməlidir. Hazırkı məsələdə bu dəyərləri dövlət müəyyənləşdirir və dövlətin müəyyənləşdirdiyi xətt ilə hər kəs getməlidir.
- Ümumiyyətlə, həm şagirdlərin, həm də müəllimlərin məktəbdə vahid formada olmasının əhəmiyyətini necə qiymətləndirərsiniz?
- Orta məktəblərdə məktəbli formalarının tətbiqi və müəllimlərin bu qaydalara əməl etməsi təhsil müəssisələri üçün çox müsbət haldır. Bu proses uğurla irəliləyir, çünki şagirdlər kasıb və ya varlı ailələrdən gəlirlər. Vahid forma məktəbdə uşaqlarda psixoloji gərginliyin, eləcə də sosial bərabərsizlik hissiyyatının yaranmasının qarşısını alır. Məktəb şagirdlərə həm təhsil, həm də tərbiyə verir. Lakin son dövrlərdə bəzi gənc müəllimlərin geyimlərinə kifayət qədər diqqət yetirmədiyi, axşam hansısa musiqi məclisində və ya tədbirdə olduqları paltarla səhəri gün şagirdlərin qarşısına çıxdıqları müşahidə olunur. Məktəbin öz qanun-qaydaları mövcuddur və hər kəs – həm müəllimlər, həm də şagirdlər bu qaydalara uyğun şəkildə geyinməlidirlər.
Üstəlik, müəllimlərin də vahid sadə formada məktəbə gəlməsi çox müsbət addımdır. Kimsə məktəbdə özünü göstərməyə çalışmamalıdır. Bu dəyişikliklər məktəblərdəki bir çox problemin həllinə kömək edəcək. Yəni tədris məkanına hamının eyni formada getməsi çox yaxşıdır.
Düşünürəm ki, məktəblərdə həyata keçirilən islahatlar davamlı olmalı, məktəblər nümunəvi müəssisələrə çevrilməli və bu dəyişikliklər mövcud problemlərin həllinə kömək etməlidir. Dövlət qərar qəbul edir və ya mövqe bildirirsə, bu qaydalar həyata keçirilməlidir. Məktəblərdə heç bir ifratçılığa, qanunsuzluğa və ya fərqlənmək cəhdlərinə qətiyyən yol verilməməlidir. Heç kəs – nə şagird, nə də müəllim bu qaydalardan kənara çıxa bilməz.
Ayhan
12:00 12.10.2026
Oxunuş sayı: 160