Sosial şəbəkədən necə qorunaq? - 81,8% insan informasiyanı sosial şəbəkələrdən əldə edir
Uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı müzakirələr Azərbaycanda da konkret rəqəmlərlə gündəmə gəlib. Medianın İnkişafı Agentliyinin keçirdiyi ictimai rəy sorğusuna əsasən, respondentlərin 88,2 faizi 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsini dəstəkləyib. Bu göstərici 16 yaşdan aşağı uşaqları olan respondentlər arasında daha yüksək, 91,2 faiz təşkil edib. Eyni zamanda, sorğu iştirakçılarının 87,5 faizi sosial şəbəkələrin uşaqların təhsil və tərbiyəsinə mənfi təsir göstərdiyini düşünür.
Sorğunun nəticələri sosial şəbəkələrin Azərbaycanda əsas informasiya mənbələrindən birinə çevrildiyini də göstərir. Respondentlərin 81,8 faizi informasiyanı sosial şəbəkələrdən əldə etdiyini bildirib, gənclər arasında bu göstərici 94,1 faizə yüksəlib. Digər tərəfdən, sosial şəbəkələrdən istifadə edənlərin yarısı platformalarda qarşılaşdıqları məlumatların doğruluğunu ümumiyyətlə yoxlamır. 25 iyul–2 avqust tarixlərində keçirilən sorğuda 1200 nəfər iştirak edib və nəticələr üzrə xəta əmsalı ±3 faiz təşkil edib.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Crossmedia.az-a açıqlamasında uşaqların informasiya təhlükəsizliyinin qorunmasının vacibliyindən danışıb: “Uşaqların 16 yaşına qədər hansı informasiyaları əldə etməsi mühüm məsələdir. 16 yaşında uşağın geosiyasi proseslərə, Azərbaycanın Türk dünyasındakı roluna və bu kimi mövzulara maraq göstərməsi hər zaman gözlənilən deyil. Bu yaş qrupunda informasiya əsasən uşaqların yaşına və inkişaf səviyyəsinə uyğun məzmunla, o cümlədən maarifləndirici və əyləncəli materiallarla məhdudlaşmalıdır”.
E.Şıxlı uşaqların yaşlarına uyğun olmayan informasiyadan qorunmasının onların psixoloji inkişafı baxımından əhəmiyyətli olduğunu bildirib: "Bu baxımdan uşaqların müəyyən informasiya növlərindən qorunması onların psixoloji inkişafı üçün əhəmiyyətli ola bilər. Çünki yaşlarına uyğun olmayan məzmun uşaqların psixikasına mənfi təsir göstərə və ailə, milli və mənəvi dəyərlərə münasibətlərinə təsir edə bilər. Bununla yanaşı, burada valideynlərin və ailənin rolu da böyükdür. Xüsusilə valideynlər uşaqlarının internetdə və sosial şəbəkələrdə hansı məzmunları izlədiyinə diqqət yetirməli, onların informasiya təhlükəsizliyinə nəzarət etməlidirlər. Uşaqların informasiya təhlükəsizliyinin təmin olunması yalnız müəyyən məzmunlara məhdudiyyət qoyulması ilə həll edilə bilməz. Uşaqların qorunması yalnız informasiya məhdudiyyətləri ilə deyil, həm də valideyn məsuliyyəti və düzgün ailə nəzarəti ilə təmin olunmalıdır”.

Sosioloq Mail Yaqub isə açıqlamasında dövlət nəzarətinin və hüquqi mexanizmlərin gücləndirilməsinin vacibliyindən danışıb: “Dövlətin sosial şəbəkələrdə uşaqların və yeniyetmələrin təhlükəsizliyinin təmin olunmasına nəzarəti vacibdir. Xüsusilə 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması məsələsi diqqətdə saxlanılmalıdır. Uşaqların sosial şəbəkələrdə qarşılaşdığı məzmun onların psixoloji inkişafına təsirsiz ötüşmür. Çünki uşaqlıq və yeniyetməlik dövründə qarşılaşılan məzmun onların psixoloji inkişafına və dünyagörüşünə ciddi təsir göstərə bilər. Bu baxımdan yaş məhdudiyyətlərinin və müvafiq nəzarət mexanizmlərinin tətbiqi əhəmiyyətlidir”.
M.Yaqub sosial şəbəkələrdə zərərli məzmunun yayılmasının qarşısının alınması üçün mövcud tədbirlərin daha geniş mexanizmlərlə tamamlanmasının vacibliyini vurğulayıb: “Sosial şəbəkələrdə əxlaqi və ictimai dəyərlərə zidd məzmun yayan şəxslərlə bağlı inzibati-hüquqi tədbirlərin görülməsi müsbət addımdır, lakin bununla kifayətlənmək olmaz. Sosial şəbəkələrin yeni informasiya mühiti olması bu sahədə ayrıca hüquqi və inzibati yanaşmaların formalaşdırılmasını zəruri edir. Sosial şəbəkələr yeni informasiya mühiti olduğuna görə bu sahəyə uyğun hüquqi və inzibati mexanizmlər də formalaşdırılmalıdır. Əsas məqsəd uşaqların zərərli məzmundan qorunması, onların psixoloji sağlamlığına mənfi təsir göstərə biləcək amillərin qarşısının alınması və təhlükəsiz rəqəmsal mühitin yaradılması olmalıdır”.

Hüquqşünas Cavad Ağayev mövzumuzun hüquqi tərəfinə belə açıqlayır ki, uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması üçün mümkün mexanizmlər var: “Son dövrlərdə sosial şəbəkələrdə uşaqların iştirakı ilə hazırlanan kontentlər, eləcə də sonu faciə ilə nəticələnən “Mavi Balina” oyunu və bu qəbildən olan digər onlayn resurslar dövlətləri uşaqların rəqəmsal təhlükəsizliyi ilə bağlı konkret addımlar atmağa sövq edir. Azərbaycan da bu istiqamətdə “Uşaq hüquqları haqqında” Qanunun və digər normativ-hüquqi aktların müvafiq müddəalarından irəli gələn tədbirləri həyata keçirir. Lakin internet resurslarının sürətlə dəyişməsi qanunvericiliyin yeni risklərə çevik uyğunlaşdırılmasını zəruri edir. 16 yaşdan aşağı şəxslər üçün məhdudiyyətlərin tətbiqi yalnız hüquqi qərarla deyil, texniki imkanlarla da dəstəklənməlidir. “16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinin hüquqi baxımdan məhdudlaşdırılması həm texniki-hüquqi mexanizmlərin yaradılmasını, həm də uşaqların hüquqları ilə onların təhlükəsizliyi arasında balansın qorunmasını tələb edir. Bu məqsədlə istifadəçilərin yaşının rəqəmsal identifikasiya vasitəsilə təsdiqlənməsi, müəyyən yaş həddinə qədər valideyn razılığının tələb olunması və sosial şəbəkə platformaları üçün yaş filtrlərinin tətbiqi kimi mexanizmlər nəzərdən keçirilə bilər”.
C.Ağayev sosial şəbəkə platformalarının da uşaqların təhlükəsizliyinin təmin edilməsində daha böyük məsuliyyət daşımalı olduğunu bildirib. “Eyni zamanda sosial şəbəkə platformalarının üzərinə uşaqların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əlavə hüquqi öhdəliklər qoyula bilər. Yaş məhdudiyyətlərinin pozulması halında platformaların məsuliyyətinin müəyyənləşdirilməsi, effektiv nəzarət mexanizmlərinin yaradılması və zəruri hallarda maliyyə sanksiyalarının tətbiqi mümkün variantlar sırasındadır”.
Ekspert yaşın müəyyənləşdirilməsində texnoloji vasitələrdən istifadə zamanı şəxsi məlumatların qorunmasına xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb. “Yaşın müəyyənləşdirilməsində süni intellekt və digər texnoloji vasitələrdən istifadə də alternativ mexanizm kimi nəzərdən keçirilə bilər. Lakin bu zaman uşaqların fərdi məlumatlarının və biometrik göstəricilərinin qorunması xüsusi əhəmiyyət daşıyır. Tam qadağa tətbiqi isə uşaqların informasiya əldə etmək və inkişaf hüquqları baxımından müəyyən suallar yarada bilər. Buna görə daha balanslı yanaşma olaraq yaşa uyğun olmayan və zərərli məzmunun filtrlənməsi, 16 yaşdan aşağı istifadəçilər üçün məhdud funksiyalara malik “uşaq hesabları”nın yaradılması, reklam və mesajlaşma imkanlarının məhdudlaşdırılması kimi mexanizmlər tətbiq oluna bilər”.
Ekspert hesab edir ki, dövlət tənzimləməsi valideyn nəzarətini əvəz etməməli, onu tamamlamalıdır: “Dövlət tənzimləməsi valideyn nəzarətini əvəz etməməli, əksinə, valideynlərin uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etməsinə kömək etməlidir. Bu istiqamətdə müxtəlif ölkələrin təcrübəsi də diqqət çəkir. Avstraliyada 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq edilib və bu prosesdə əsas məsuliyyət platformaların üzərinə qoyulub. Fransada isə müəyyən yaş həddindən aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsi üçün valideyn razılığı mexanizmi tətbiq olunur. Praktiki təcrübə göstərir ki, yalnız qadağa və texniki məhdudiyyətlərlə problemi tam həll etmək mümkün deyil. Yeniyetmələr saxta doğum tarixlərindən, digər şəxslərin hesablarından və müxtəlif texnoloji vasitələrdən istifadə etməklə məhdudiyyətlərdən yayınmağa çalışa bilərlər. Bu səbəbdən dövlət qurumları, sosial şəbəkə platformaları və valideynlər arasında koordinasiyalı əməkdaşlıq, eləcə də uşaqların rəqəmsal savadlılığının artırılması əsas istiqamətlərdən biri olmalıdır”.
C.Ağayev sonda qeyd edib ki, uşaqların sosial şəbəkələrdə təhlükəsizliyinin təmin olunması yalnız qadağa ilə məhdudlaşmamalıdır: “16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdə təhlükəsizliyinin təmin olunması yalnız qadağa məsələsi kimi deyil, kompleks rəqəmsal təhlükəsizlik siyasəti çərçivəsində nəzərdən keçirilməlidir. Qanunvericilik, texnoloji nəzarət, platformaların məsuliyyəti, valideyn nəzarəti və rəqəmsal savadlılıq birlikdə tətbiq edildikdə uşaqlar üçün daha təhlükəsiz onlayn mühit yaratmaq mümkündür”.
Nigar Xəlilli
13:00 24.08.2026
Oxunuş sayı: 50