Ağ Ev altında nüvə partlayışına davamlı gizli bunker tikilib
ABŞ hakimiyyətinin Ağ Evin altında yüksək səviyyədə qorunan və nüvə partlayışına davamlı olduğu bildirilən gizli bunker inşa etdiyi açıqlanıb.
Crossmedia.az xəbər verir ki, “The Washington Post” bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, bunker 10 ildən əvvəl, Barak Obamanın prezidentliyi dövründə gizli şəkildə tikilib. Obyekt Ağ Ev kompleksinin 18 metrdən daha dərin hissəsində yerləşir və milli təhlükəsizliyə təhdid yarandığı halda prezidentin və yaxın köməkçilərinin burada sığınmasına imkan verir.
Üç keçmiş ABŞ rəsmisinin sözlərinə görə, bunker bir neçə həftə ərzində onlarla insanın qalması üçün nəzərdə tutulub və nüvə partlayışının təsirinə tab gətirəcək şəkildə inşa edilib.
Məlumat Donald Trampın Ağ Evdə böyük yeni bal zalının tikintisinə ehtiyac olduğunu əsaslandırması fonunda gündəmə gəlib. Tramp yeni zalın həm indiki, həm də gələcək prezidentlər üçün təhlükəsiz və möhkəmləndirilmiş məkan yaradacağını bildirib. Keçmiş rəsmilər isə Ağ Ev kompleksində artıq belə məqsədlər üçün nəzərdə tutulmuş obyektin olduğunu qeyd ediblər.
10:56 24.08.2026
Oxunuş sayı: 58