Hovuzda oynayan 5 yaşlı uşağı GÜLLƏLƏDİLƏR
İstanbulun Beylikdüzü rayonunda hovuzda əkiz qardaşı və dostu ilə oynayan 5 yaşlı Karan Aydınlısoy pnevmatik tüfəngdən açılan atəş nəticəsində ağır yaralanıb. Güllə uşağın ağciyərini və sümüyünü zədələyərək ürəyinə gedən əsas damarlara yaxın yerdə qalıb.
Crossmedia.az xəbər verir ki, “Demirören Haber Ajansı” bu barədə məlumat yayıb.
Hadisə zamanı Karanın ailəsi uşaqları hovuzda oynadarkən çəkib. Qəfil silah səsi eşidilib və Karan qan içində hovuzdan çıxarılıb. Xəstəxanaya çatdırılan uşağın vəziyyətinin kritik olduğu müəyyən edilib.
Karan 16 gün reanimasiyada həyat mübarizəsi aparıb və iyulun 22-də xəstəxanadan evə buraxılıb. Lakin güllə hələ də onun bədənindədir. Onun çıxarılması üçün planlaşdırılan əməliyyatın yüksək risk daşıdığı bildirilir.
Hadisə ilə bağlı aparılan araşdırmada atəş açdığı müəyyən edilən 17 yaşlı şübhəli həbs olunub.
Karanın atası Cenk Aydınlısoy hadisənin təsadüfi olmadığını düşündüklərini bildirib. Onun sözlərinə görə, atəşin yaxınlıqdakı villadan, 17 yaşlı şəxsin atasına məxsus dürbünlü pnevmatik tüfənglə açıldığı müəyyənləşdirilib.
Anası Naz Aydınlısoy isə oğlunun yaşadığı travmadan danışaraq, Karanın “Mən pis uşaq idim ki, mənə atəş açdılar?” deyə soruşduğunu bildirib.
Ailə hadisənin bütün təfərrüatlarının araşdırılmasını və məsul şəxslərin ən ağır şəkildə cəzalandırılmasını tələb edir.
14:57 24.08.2026
Oxunuş sayı: 60