Süfrəmizdəki bəzi balıqlarda təhlükəli civə ola bilər
İnsanlar gündəlik istifadə etdikləri bəzi balıqların tərkibində sağlamlıq üçün təhlükəli miqdarda civə ola biləcəyindən xəbərsiz ola bilərlər.
Crossmedia.az ˝Unian˝-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Ticarət-İqtisadi Universitetinin Əmtəəşünaslıq və Əczaçılıq kafedrasının rəhbəri Yelena Sidorenko açıqlama verib.
Mütəxəssisin sözlərinə görə, dəniz canlılarında ağır metalların toplanmasına bir neçə amil təsir edir. Bunlara sənaye tullantıları, ətraf mühitin çirklənməsi, eləcə də keçmiş müharibələrin nəticələri daxildir. Məsələn, Baltik dənizində İkinci Dünya müharibəsi zamanı batan gəmilərdən zəhərli maddələrin yayıla biləcəyi qeyd olunur.
Sidorenko bildirib ki, ən böyük risk dərin sularda yaşayan balıqlarla bağlıdır. Bu səbəbdən civə miqdarına görə ən çox diqqət çəkən balıqlardan biri ton balığıdır.
Ekspert qeyd edib ki, yüksək civə səviyyəsinə görə ton balığı hamilə qadınlara və uşaqlara tövsiyə edilmir.
Bununla belə, təhlükə yalnız ton balığı ilə məhdudlaşmır. Mütəxəssisin sözlərinə görə, bəzi hallarda adətən təhlükəsiz hesab edilən digər balıq növlərində də civə göstəricilərinin yüksək olduğu aşkarlanıb:
skumbriya;
dəniz levreyi;
sazan.
00:30 20.08.2026
Oxunuş sayı: 53