Yaxın şərq

Son dövrlər ərzində Türkiyənin xarici siyasətində bir neçə dövlətlə, eləcə də əlaqələrinin mürəkkəb xarakterə malik olduğu Suriya ilə münasibətlərin normallaşması addımları da mühüm yer alır. Belə bir prosesdə digər dövlətlərin də marağını müşahidə etmək mümkündür. Yaxın günlərdə Türkiyə-Suriya münasibətləri ilə bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin “Hürriyet” qəzetinə müsahibəsində söyləyib:

“Türkiyə və Suriya hakimiyyətlərindən dialoqun bərpasına ciddi maraqla bağlı siqnallar gəlir. Rusiya danışıqlar prosesinin tezliklə yenidən başlanmasına fəal kömək edəcək".

Buradan isə sual doğur:

Rusiya niyə bu dioloqda maraqlıdır? 

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Crossmedia.az-a açıqlamasında qeyd edir ki, Suriya Rusiyanın Yaxın Şərqdə əsas məkanlarından biridir:

"Hazırda Suriyada Rusiyanın 2 hərbi bazası yerləşməkdədir. Bu münasibətlər kifayət qədər yüksək səviyyədədir və bunların hər biri 2015-ci ildə Rusiyaya həmin ərazilərdə yenidən gücünü formalaşdırmağa imkan yaratdı. Türkiyə-Suriya dioloqunun bərpasında, Rusiya özü də maraqlıdı və bunun başlıca səbəbləri inkişaf etməkdə olan Rusiya-Türkiyə münasibətləri və Türkiyə-Suriya münasibətləri normallaşacağı təqdirdə, Suriya ərazisindən çıxacaq Amerika qoşunları məsələsinin gündəmə gəlmə ehtimalıdır. Eləcə də Türkiyə bununla öz beynəlxalq nüfuzunu daha da artıra bilər. Belə bir şərait zamanı Türkiyə artıq öz qoşunlarını Suriyadan çıxartmalıdır. 2015-ci ildən Türkiya Suriya ərazisində müxtəlif hərbi əməliyyatlar keçirərək, ərazidə yerləşən terror yuvalarını məhv etmək istiqamətində fəaliyyət göstərir və belə bir addımla ölkə yerli əhalinin təhlükəsizliyini təmin edir".

Rusiyanın mövzuda marağına gəlincə isə, politoloq Oqtay Qasımov əlavə edir ki, Rusiya Türkiyənin Suriya ilə münasibətlərini normallaşdıraraq, qoşunlarını sözügedən ərazilərdən çəkməsini istəyir:

"Bu hal, özlüyündə Rusiyanın Suriya ərazilərində nəzarətinin güclənməsinə səbəb olacaq. Lakin nəzərə almaq lazımdır ki, Türkiyə qoşunlarının orada olması, Suriya ərazisində yerləşən digər qüvvələrin, xüsusilə də, PKK həmin ərazilərdə güclənməsinin qarşısının alınmasına səbəb olur və bu da Suriyanı daha çox təşvişə salan məqamlardandır".

Aytac Kərimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il