Yaxın şərq

Yaxın Şərqdə vəziyyət getdikcə gərginləşir. Eskalasiyanın genişlənməsi an məsələsidir. Belə demək mümkünsə, region "qaynar qazan"a çevrilib. İran İsraildən yarana biləcək təhdidlər fonunda Təl- Əvivi hədələyir. Prezident Məsud Pezaşkian və digər rəsmilər bu barədə müvafiq açıqlamalar da verirlər. Proseslərin necə inkişaf edəcəyi maraq doğurur.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Yusif Bağırzadə İranın İsrailə cavab zərbələri endirəcəyini söyləyib:

"İranın öz hava məkanını bağlaması və ayrı-ayrı dövlət rəsmiləri və SEPAH mənsublarının açıqlamaları onu deməyə əsas verir ki, İranın İsrailə cavab zərbələri endirməsi mütləq şəkildə baş tutacaq. Odur ki, İsrailin də İranın mümkün zərbəsi ilə bağlı qabaqlayıcı tədbirlər görməsi və müvafiq hazırlığa başlaması başa düşüləndir. 
Əslində isə İsrailin uzun müddətdir istədiyi və üzərində çalışdığı da İranın birbaşa müharibəyə cəlb olunması idi. Yaxın Şərqdə İranın proksi qüvvələrinə qarşı mübarizə aparan İsrail İranın da birbaşa müharibəyə qoşulması ilə onun üzərinə hücuma çalışır. Təbii ki, bu, İsrailin tək aparacağı müharibə olmayacaq. Mümkün müharibə zamanı ABŞ-nin və ümumilikdə anti-İran koalisiyasının da İsrailin yanında olacağı şübhəsizdir"

Ekspert indiki halda böyük müharibənin hələ ki, mümkünsüz göründüyünü bildirib:

"ABŞ-də seçkilərdir və seçkilərdən sonra kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq yeni prezidentin öz postuna oturması müəyyən vaxt aparacaq. Həmin dövrə qədər tərəflərin bir-birinin ərazisində hansısa hərbi obyektləri hədəf alan zərbələr endirməsi ola bilər və olacaq da.
İranın hücum üçün üçüncü ölkələrin ərazisindən istifadə ehtimalına gəldikdə isə bu da mümkündür. Məsələn, İsrailin İrana son zərbələri İraq ərazisindəki ABŞ bazasının ərazisindən həyata keçirildiyinə dair məlumatlar var. Eyni şəkildə əgər müvafiq ölkələrin bununla bağlı razılığı olacaqsa, İran da Suriya, İraq və ya Yəməndə öz nəzarətində olan ərazilərdən İsrailə hücum üçün istifadə edə bilər. Çünki adı çəkilən ölkələr də bilir ki, öz ərazilərindən belə bir hücuma razılıq vermək faktiki olaraq həmin ölkələrin ərazisinin də İsrail tərəfindən hədəf alınmasına gətirib çıxaracaq. Hizbullahın hücumlarına qarşı Livan ərazisinin hədəf alındığı kimi, həmin ərazilər də legitim hədəfə çevrilə bilər. Bu isə böyük müharibənin başlaması demək olacaq. İndiki halda buna region ölkələrinin razılıq verəcəyini və özlərini hədəfə qoyacaqlarını düşünmürəm".

Banuçiçək Kalbalıyeva

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il