Çarpaz baxış

Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara və İrəvan arasında münasibətlər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi
bağlandıqdan sonra normallaşacaq. Bəs yaxın vaxtlarda Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi gözlənilirmi? Sülh sazişi imzalanarsa, Türkiyə və Ermənistan arasındakı münasibətlərə necə təsir göstərə bilər?

Məsələ ilə bağlı politoloq Sultan Zahidov Crossmedia.az-a açıqlamasında bildirib ki, Türkiyə dəfələrlə bunu bəyan edib ki,Türkiyə və Ermənistan münasibətlərindəki irəliləyiş Azərbaycan-Ermənistan münasibətlərindəki irəliləyiş ilə əlaqəlidir:

"Azərbaycan və Ermənistan münasibətlərində müəyyən nəticələr əldə olunarsa, Türkiyə də Ermənistanla münasibətlərini nəzərdən keçirməyə
hazırdır. Xatırlatmaq lazımdır ki, İkinci Qarabağ müharibəsindən, yəni Azərbaycan erməni işğal rejiminə son qoyduqdan sonra Türkiyə və
Ermənistan arasında müəyyən kontaktlar yarandı, bir neçə görüş baş tutdu. O cümlədən, Vyanada hər iki ölkənin nümayəndələri arasında görüş keçirildi. Nəticədə üçüncü ölkə vətəndaşlarının hər iki ölkəyə daxil ola bilməsi ilə bağlı razılıq imzalandı. Bütün bunlar onu göstərir ki, Türkiyə Ermənistanla münasibətlərini təzələməyə hazırdır, sadəcə Azərbaycan-Ermənistan arasında nəticələrin əldə olunmasını gözləyir.
Azərbaycan-Ermənistan arasında sülh sazişi məsələsinə gəldikdə isə politoloq qeyd edib ki, əslində sülh üçün real imkanlar formalaşıb:

"Xüsusilə də İkinci Qarabağ müharibəsində  işğalçılıq və separatçılığa son qoyulduqdan sonra və son bir neçə ildə Azərbaycan-Ermənistan arasında təmaslar sülh prosesini xeyli irəlilədib, vacib prinsiplər ətrafında razılıqlar əldə olunub. Amma bununla belə yenə də müəyyən maneələr qalmaqdadır. Bu maneələrdən biri ondan ibarətdir ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, həmin maddələri ləğv etməlidir. Eyni zaman Ermənistan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı quruma Azərbaycanla birgə rəsmi çağırış göndərməlidir. Digər tərəfdən Ermənistan Qərbin diktəsi ilə hərəkət etməkdən, intensiv şəkildə silahlanmaqdan imtina etməlidir. Bütün bu maneələr aradan qaldırılarsa, sözsüz ki, sülh sazişi imzalana bilər. Amma, fikrimcə, bu qısa zamanda gözlənilmir, yəni COP29 ərəfəsində imzalanacağını düşünmürəm".
Həmçinin politoloq onu da bildirib ki, xüsusilə nəzərə almaq lazımdır ki, Ermənistan son vaxtlar sülh sazişi ilə bağlı həqiqətə uyğun olmayan
bəyanatlar səsləndirir:

"Ermənistan tərəfinin 16 maddədən 13-nün razılaşdırıldığını, digər 3-nün isə sonra razılaşdıralacağını bəyan etməsi, bir daha onu göstərir ki,
Ermənistan sülh prosesini uzatmağa çalışır. Çünki digər 3 maddə Azərbaycan üçün fundamental əhəmiyyət daşıyan maddələrdir və
Azərbaycan yarımçıq sülh sazişini imzalamağa razı deyildir. Bu baxımdan müəyyən maneələr qalmaqdadır, amma 2020-ci ildən bu günə qədər
müəyyən irəliləyiş qət olunub. Bunu da etiraf etmək lazımdır".

Gülşad İbrahimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il