Çarpaz baxış

2012- ci ildən başlayaraq ildə bir dəfə Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin və müşahidəçilərin iştirakı ilə zirvə görüşləri təşkil olunur. Tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi və digər istiqamətlərdə mövcud problemlər və məsələlər müzakirə edilir. Təşkilata 5 dövlət üzv olsa da qalan bir neçə türk dövləti isə müşahidəçi rolunda çıxış edir. Hazırki çox qütüblü dünyada Türk dövlətlərinin vacib qərarlar qəbul edəcəyini düşündüyümüz halda bəzi dövlətlər hələ də təşkilatın tərkibində müşahidəçi qismində və ya passiv iştirakçı olaraq qalmaqda davam edir.
Qeyd edək ki, növbəti görüşün 6 noyabr 2024- cü ildə Bişkekdə keçirilməsi planlaşdırılıb. Görüşdə Bişkek bəyənnaməsinin imzalanması və bir çox məsələlərin müzakirə edilməsi gözlənilir.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən AMEA Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinə müdiri Faiq Ələkbərli Türk Dövlətlər Təşkilatının 11- ci Zirvə görüşünün Bişkekdə keçirilməsini rəhbərliyin Qırğızıstandan keçməsi ilə bağlı olduğunu söyləyib:

"Bu görüşdə Türk birliyinin həm siyasi, həm iqtisadi, həm də digər anlamlarda güclərini birləşdirmək və daha da aktivləşmək məsələləri müzakirə olunacaq. Bu günə qədər gəldiyimiz mərhələ bizə müəyyən ümidlər verir. Ötən 30- 35 il ərzində Türk dilli dövlətlərin sammiti adından Türk Dövlətlər Şurasına daha sonra isə Türk Dövlətlər Təşkilatına çevrilməyin özü də ciddi addımlardır. Ancaq biz bütövlükdə dünyada gedən prosesləri izləsək görərik ki, bir qədər ləngimələr də var".

Ekspert bəzi Türk dövlətlərinin Türk birliyinin güclənməsi və daha da güclü hala gəlməsində yetərincə addımlar atmadığına və bunun müəyyən problemlər yaratdığına da diqqət çəkib:

"Ümid edirik ki, Türk Dövlətlər Təşkilatın daxil olan ölkələr: Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, eləcə də müşahidəçi olan dövlətlər: Macarıstan, Türkmənistan, Kuzey Kıbrıs Türk Cumhuriyyəti və digərləri də bu məsələdə fəal iştirak edəcəklər. Türk dövlətlərinin xeyli bir qisminin həm Müstəqil Dövlətlər Birliyində olması, həm də BRİCS- də müşahidəçi rolunda çıxış etmələri Türk Dövlətləri Təşkilatının güclənməsində müəyyən problemlər yaradır. Xüsusilə də Türk Dövlətləri istənilən halda beynəlxalq səviyyəli tədbirlər keçirəndə, iqtisadi, siyasi, mədəni və hərbi anlamda ilk növbədə Türk dövlətlərinin maraqlarını nəzərə almalıdırlar. Bununla bağlı Azərbaycanın dövlət başçısı prezident İlham Əliyev də bir neçə dəfə çıxışlarında bildirib ki, biz əsas gücümüzü Türk ailəsinə yönəltməliyik, bizim birinci növbədə gücləndirməli olduğumuz Türk ailəsidir, Türk dünyasıdır".

Faiq Ələkbərli Türkiyə və Azərbaycanın sözü gedən məsələlərdə daha ciddi və daha fəal iştirak nümaiş etdirdiyini, Qazaxıstanın, Özbəkistanın da müəyyən qədər fəallıqlarının olduğunu deyib: 

"Qazaxıstan və Qırğızıstanın, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin müəyyən məsələlərdə problemləri var. 
Türkmənistan hələ bir mənalı şəkildə bu təşkilata qoşulmur. Qazaxıstandan sonra Qırğızıstanın rəhbərliyi dönəmində ümid edirik ki, o da daha fəal iştirak edəcək. Bir sözlə əslində TDT- nin əsas strategiyası məhz bütün Türk dövlətlətlərinin bura öz gücünü yönəltməsidir. Məsələn Türkiyə NATO- dan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan isə MDB- dən daha çox gücünü, fəallığını TDT- yə yönəltməlidir".

Türkoloq sonda Bişkek bəyənnaməsində bu məsələlərin daha dəqiq və daha konkret şəkildə öz əksini tapacağına ümid etdiyini bildirib. O qeyd edib ki, çox qütüblü dünyada türk dövlətlərinin güclənməsi üçün bütün sahələrdə daha qəti qərarlar qəbul ediləcəyini gözləyirik.

Banuçiçək Kalbalıyeva

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il