Çarpaz baxış

Günümüzdə Ermənistan-Azərbaycan arasında sülh sazişinin əldə olunması siyasi arenada əsas müzakirə mövzularından biridir. Məsələ ətrafında müxtəlif sammitlər, zirvə görüşləri keçirilərək, danışıqlar yolu ilə həllinə çalışılır. Lakin belə bir mövzuda Ermənistan yenə də sözü ilə əməli uyğun gəlməyən tərəf kimi yadda qalır. O, həm "sülh sazişi" istəyir, həm də bununla bağlı Konstitusiyasında müəyyən dəyişikliklərə cəhd etmir.

Yaxın günlərdə Ermənistanda hökumətin aparat rəhbəri Araik Arutyunyan parlamentdə keçirilən brifinq zamanı bu barədə bildirib:

"İrəvan və Bakı arasında sülh sazişinin bütün bəndlərinin razılaşdırılması imkanı var".

Sual yaranır:

Ermənistan bu tip fikirlər irəli sürdüyü təqdirdə, niyə hələ də Konstitusiyasında bununla bağlı hər hansısa bir addım atmır? 

Söylənilən ifadələr sülh prosesində manipulyasiya addımlarından ola bilərmi? 

Politoloq Azad Məsiyev mövzunu Crossmedia.az üçün şərh edib:

Ermənistan sadəcə söz olaraq sülhdən danışır, əməldə Azərbaycan əleyhinə koalisiyanı gücləndirməkdədir:

"Ermənistan sürətlə silahlanma həyata keçirərək, başda ABŞ olmaqla, Qərb koalisiyasını öz arxasına alaraq Azərbaycana qarşı təzyiqlər göstərməkdədir. Belə ki, müntəzəm şəkildə Ermənistanın Xarici İşlər Naziri, Təhlükəsizlik Şurasının katibi və digər bu kimi nümayəndələr xarici səfərlərdə Azərbaycan əleyhinə bəyanatlar səsləndirərək, kəskin mövqe nümayiş etdirməkdədir. Digər tərəfdən isə, söz olaraq sülh bəyanatları verir və bununla da beynəlxalq ictimaiyyəti aldadır, vaxt qazanmağa çalışırlar. Ümumilikdə, Ermənistan-Azərbaycan sülh sazişinin imzalanması üçün ölkəmizin tələb etdiyi bir sıra prinsiplər həyata keçməlidir. Bunlardan təməl olanı, iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Ermənistan isə, rəsmi şəkildə Konstitusiyalarında qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyünü tanımır. Bu baxımdan, əgər Ermənistan "sülh sazişinə" getmək istəyirsə, bu zaman Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə cavab verən tələblərini həyata keçirməlidir. Burada qarşı tərəf özü də 30 il torpaqlarımızı işğal etdiklərini, işğal müddətində vurduqları ziyan kimi bəzi nüansları unudur. Bu gün Ermənistan dövləti Azərbaycanda mina terroru həyata keçirir və bundan minlərlə ölkəmizin vətəndaşı əziyyət çəkir. Qarşı tərəf buna görə təzminat ödəməli olduğu halda, öhdəlik götürmür".

Başda ABŞ və Qərb olmaqla, Ermənistanı himayə edən dairələr Azərbaycanı tələsdirərək, qarşı tərəfin maraqlarına uyğun şəkildə sülh sazişinə gedilməsinə çalışırlar:

"Ermənistan-Azərbaycan arasında sülh sazişi beynəlxalq hüququ, siyasi reallığı özündə əks etdirəcək bir sənəd olmalıdır. Eləcə də müvəqqəti yox, uzunmüddətli olmalıdır. Burada Qərbin bir sıra istəkləri var. Qərb istəyir ki, Ermənistan ATƏT(Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı)-nın Minsk qrupunun ləğv edilməsini tələb etməsin, Zəngəzur dəhlizi açılacaqsa, Azərbaycan 10 noyabr sazişinin 9-cu müddəasını gündəmə gətirməsin, Xankəndi və ətrafı ərazilərindən gedən ermənilər geri qayıtsın və onlara beynəlxalq təhlükəsizlik mexanizmi yaradılsın. Bu istəklər özü də Ermənistan tərəfindən ortaya atılan iddialardır. Bu baxımdan da, Azərbaycan xalqı elə bir sənəd istəyir ki, bu həm beynəlxaq hüquqa, həm də siyasi reallığa əsaslansın".

 Aytac Kərimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il