Çarpaz baxış

Şimal-Cənub dəhlizi Azərbaycan üçün böyük iqtisadi və geosiyasi əhəmiyyətə malik bir layihədir. Bu dəhliz, Fars körfəzindən Baltik dənizinə qədər uzanan strateji bir nəqliyyat marşrutudur və region ölkələrinə tranzit imkanları yaratmaqla yanaşı, Azərbaycana da ciddi dividentlər qazandırma potensialına sahibdir. Azərbaycan uzun müddətdir bu layihədə  logistika mərkəzinə çevrilmək üçün infrastrukturun inkişafına çox böyük yatırımlar edir.

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Crossmedia.az-a açıqlamasında bildirib ki, Şimal-Cənub dəhlizi Azərbaycan və ümumiyyətlə regional ölkələr üçün gələcəkdə çox ciddi dividentlər gətirmə imkanına malikdir. Azərbaycan bu dəhlizin açılmasında uzun müddətdir maraqlıdır və dəhlizin əsas moderatorlarından və körpülərindən biri rolunu oynamaq üçün çox işlər görüb. Hətta 2015-ci ildən bəri bununla bağlı müəyyən addımlar atmağa çalışır. İndi isə Şimal-Cənub dəhlizinin reallaşması üçün regional ölkələrdə bir çox addımlar atılır. Bu kontekstdə Rəşt-Astara dəmir yolunun yenidən qurulması üçün Rusiya ilə İranın birgə yatırımları mövcuddur. Azərbaycan ərazisində isə infrastruktur daha yaxşı vəziyyətdədir. Astara keçid məntəqəsində yeni qatarların qəbul edilməsi və sürətli keçid üçün imkanlar da genişləndirilməkdədir:

“Logistik mərkəzə çevrilmək Azərbaycanın Şimal-Cənub dəhlizindən əldə edəcəyi əlavə üstünlüklər sırasındadır. Azərbaycan Dəmir Yolları bu istiqamətdə çox böyük işlər görür. Dəmir yollarının yenidən qurulması, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, yeni vaqonların alınması Azərbaycanın gələcəkdə bu dəhliz sayəsində mühüm logistik mərkəzə çevrilməsinə xidmət edən əsas amillərdir sırasındadır”.

Ekspert N.Cəfərli qeyd edib ki, bu halda bəzi problemlər də mövcuddur. Bunlardan ən əsası, Fars körfəzini Baltik dənizinə bağlayacaq bu yolun indiki şəraitdə fəaliyyətində beynəlxalq sanksiyaların yaratdığı əngəllərdir:

“İran və Rusiyaya qarşı tətbiq olunan sanksiyalar müəyyən çətinliklər yaradır. Gələcəyə yönəlik baxsaq, əgər bu əngəllər aradan qalxarsa, mən əminəm ki, 2027-ci ilə qədər tam gücü ilə işləməyə başlayacaq o zaman Şimali Avropa və Cənub ölkələrinin də bu dəhlizə qoşulması böyük bir üstünlük yaradacaq. Onun sözlərinə görə, Baltik dənizini Fars körfəzinə 10-12 gün ərzində bağlayacaq bu yol kifayət qədər cəlbedicidir”.

Həmçinin ekspert son olaraq onu da qeyd edib ki, bu Azərbaycana tranzit gəlirləri qazandırmaqla yanaşı, həm də ölkənin geosiyasi önəmini artıran bir faktora çevrilə bilər. Bundan əlavə, dəhliz boyunca infrastrukturun qurulması əlavə iş yerlərinin yaranmasına səbəb olacaq. Bu da həm dəmir yolları, həm də avtomobil yolları vasitəsilə yük daşıma xidmətləri sahəsində yeni iş yerlərinin açılmasına gətirib çıxara bilər.

Aytac Bəhruzqızı

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il