Çarpaz baxış

Ərzaq istehsalında qıtlığın yaranması yerli və qlobal səviyyədə ciddi sosial və iqtisadi nəticələrə səbəb ola bilər. Ərzaq qıtlığı təbii fəlakətlər, iqlim dəyişiklikləri, su resurslarının azalması, kənd təsərrüfatı sahələrinin məhdudlaşması və müharibə kimi müxtəlif səbəblərdən irəli gəlir. Bu vəziyyətin iqtisadi nəticələri isə çoxşaxəlidir.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Crossmedia.az-a açıqlamasında bildirib ki, hazırda dünyada baş verən yeniliklər, xüsusilə iqlim dəyişmələri və bu iqlim dəyişikliyinə səbəb olan insan qaynaqlı istixana qazlarının təbiətə atılması, bir çox qlobal istiləşmə ərzaqların yetişdirilməsində, saxlanılmasında heyvan mənşəli qidaların əldə olunmasında müəyyən dəyişikliklərə səbəb olur:

“Bu  həm iqtisadi cəhətdən, həm də siyasi cəhətdən dünyada ərzaqların tərkibinin dəyişməsinə, eyni zamanda istehsal mərhələsində öz fərqini göstərir.

Burada əsas məqam ərzaq istehsalında qıtlaşma deyil, daha çox kənd əhalisi üçün ərzaq təhlükəsizliyinin, qidalanmanın,  dolanışıq vasitələrinin mühüm mənbəyi olan heyvan mənşəli qidaların dünyada sayının azalmasıdır. Burada normal saxlanılmadan daha çox sənayə üsulu, ferma üsulu, eyni zamanda daha çox qapalı şəraitdə saxlanılması mühüm rol oynayır. 

Heyvanların normal otlaqlarda yox, artıq ferma mühitində saxlanılması, onların yeminin əldə olunması üçün əkilən buğda, arpa, digər yem vasitələri və bunların il boyu təmin olunması isə dünyada fərqli bir sistemin yaranmasına səbəb olur. Peyinin, gübrənin idarə olunması karbon emissiyasının artmasına gətirib çıxardır ki, bu da ən önəmli məsələlərdən biridir”. 

Ekspert qeyd edib ki, dünyada qida tullantılarının sayı günü-gündən artır: “Demək olar ki, hər il 1 milyard ton ərzaq dünya istehlakçılarına təqdim olunursa, bunun təxminən 17 faizi zibil qutularına atılır. Bu hal nəinki Azərbaycanda bütün dünyada özünü göstərir. Ona görə də istehsal və daşınma prossesində, hətta saxlanılma mərhələsindəki verilən nöqsanlar qida çürüməsinə gətirib çıxardır. Bütün bunlar da istixana-qaz emissiyalarının bir çox hissəsini təşkil edir. 

İqtisadi baxımdan inkişaf etmək və ərzaq qıtlığının qarşısını almaq üçün ilk növbədə qida tullantılarının və qida israfının qarşısı alınmalıdır. Bunun üçün də daha sağlam və istehlak prossesinə qədərki qidanın alınması və bişirilməsi ən önəmli məsələlərdən biridir. Bir neçə müxtəlif enerji və qida dəyəri olan daha çox bitki ilə zəngin balanslaşdırılmış qida menyusu və orqanizmə lazım olacaq heyvan mənşəli qidalardan istifadə etmək lazımdır. Çünki bir çox hallarda bu balans pozulur və həddindən çox heyvan mənşəli qida qəbul olunur. Bitki mənşəli qidalar isə az qəbul olunduğuna görə iqtisadi cəhətdən daha çox israf etməyə yönəlir”.

M.Hüseynova vurğulayıb ki, qidanı alarkən, hazırlayarkən, yeyərkən atılmaması barədə mümkün qədər düşünülməlidir. Hər bir ailə üçün bu məqamlara diqqət etdikdə həmin ailənin iqtisadi səviyyəsi belə yuxarı qalxır. Bu istiqamətdə qida tullantılarının sayını 0-a endirməyi hədəf qoymaq və israfa yol verməmək lazımdır. Yalnız ehtiyac olan qədər alınmalı və aldığı qidanın hamısı istifadə olunmalıdır:

“Elementar olaraq, biz çörəyi bu gün tullantılarda ən çox yer verilən qidalar sırasında görə bilərik. Çörəyin tez xarab olması ilə yanaşı, alınan çörək məhsulunun istifadə olunmaması belə onun israfa yol verildiyinin göstəricisidir. 

Çanta seçimində artıq bir neçə dəfə istifadə olunan paketlərin seçiminin lazımlığını bildirən ekspert, polietilen paketlərin istifadəsini təkrar istifadə olunan şüşə qablarla əvəzləmək təklifini irəli sürüb. Onun sözlərinə görə bu, hər bir halda istər ölkə iqtisadiyyatına, istərsə də bir ailənin büdcəsində öz töhfəsini verəcək.

Sağlam və xoşbəxt gələcək üçün bu sadə davranışlardan başlamaq, bunları vərdiş halına çevirmək lazımdır. Bu da hər birimizin həyatına, sağlamlığına, həmçinin iqtisadi cəhətdən də rifahımızın daha çox artmasına gətirib çıxardır”.

Aytac Bəhruzqızı

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il