Çarpaz baxış

Kriptovalyutalar rəqəmsal və ya virtual valyutadır. Bu, üçüncü tərəf olmadan təhlükəsiz onlayn ödənişləri təmin edir.

“Azərbaycanda kriptovalyutaya maraq hansı səviyyədədir və bunun əsas səbəbləri nələrdir?”-, sualını Crossmedia.az olaraq Crypto

Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəriUNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyevə  ünvanladıq:


 -Azərbaycanda kriptovalyutalara maraq olduqca yüksək səviyyədədir. Nəzərə almaq lazımdır ki, 2024-cü ilin əvvəlindən kriptovalyutaların qiymətinin müsbət dinamika üzrə artdığını müşahidə edirik. Hazırda dünyada “bitcoin-ETF” Fondların təsdiq edilməsi, ABŞ Federal Ehtiyatlar Sisteminin uçot faiz dərəcəsini endirməsi, Donald Trampın ABŞ-də prezident seçkilərində qalib gəlmə ehtimalının artması ilk kriptovalyuta olan bitkoinin 73.000 dollara qədər dəyər qazanmasını təmin etdi. Hazırda ölkəmizdə bitcoin ilə paralel ethereum, solana, ton, ripple, dogecoin və s. kimi altkoinlərə investisiya edənlər də az deyil. Lakin bu, sadəcə həvəskar invostor səviyyəsindədir. Çünki hələ də ölkəmizdə kriptovalyutaların tənzimlənməsi ilə bağlı konkret tənzimləmə mexanizmləri yoxdur.


 -Azərbaycanda kriptovalyutalarla ödəniş vasitəsi kimi istifadə edilməsi mümkündürmü və bu ölkə iqtisadiyyatına necə təsir edə bilər?
      

 -Azərbaycanda yegənə ödəniş vasitəsi manatdır və hesab edirəm ki, yaxın 3 il ərzində birbaşa kriptovalyutalarla hər hansı əməliyyat aparmaq mümkün olmayacaq. Kriptovalyutaların istifadəsi üçün ilk növbədə ölkədə sosial, iqtisadi və hüquqi şərait yaranmalıdır. Bunun üçün insanlar maarifləndirilməli və müvafiq qanunvericilik aktları qəbul olunmalıdır. Yalnız bundan sonra real sektorda kriptovalyutalardan ödəniş vasitəsi kimi istifadəsi mümkündür. Lakin ölkəmizdə ödəniş vasitəsi kimi alternativ metodların olması təbii ki, müsbət faktor olardı. Çünki bu, bir ödəniş mədəniyyəti və yeni texnoloji yenilikdir. Hansı ki, iqtisadiyyatın şəffalaşdılıması üçün yeni mərhələdir. Nə qədər ki, kriptovalyutalara hüquqi status verilməyib və ödəniş metodları texniki baxımdan iqtisadi subyektlər arasında interqrasiya edilməyəcəksə, ümumilikdə ölkəmizdə rəqəmsal valyutalar sektorunun inkişafı sual altında olacaq. 
Hesab edirəm ki, rəqəmsal aktivlərin statusunun müəyyənləşdirilməsi üzrə vergi qanunverciliyinin təkmilləşdirməsinin vaxtı çatıb və buna həqiqətən ehtiyac var. Bu istiqamətdə inkişaf etmiş ölkələrinin təcrübəsi əsasında milli tənzimləmə modeli hazırlamaq olar. İlkin mərhələdə hətta müəyyən dövr üçün 0% vergi dərəcəsi və ya digər güzəşt tədbirlləri tətbiq etmək mümkündür. Nəzərə almaq lazımdır ki, hüquqi statusun müəyyən edilməsi ölkəmizdə maliyyə savadlılığının artırılmasına, məşğulluğun təmin edilməsinə, startap ekosisteminin inkişafına müsbət təsir edəcək və yeni fəaliyyət istiqamətlərinin – kriptovalyuta mayninqi, kripto-birjalar, yerli mübadilə servislərinin yaradılmasını stimullaşdıracaq. Ədalətli və obyektiv vergi mexanizminin tətbiqi ümumilikdə bu sektorun inkişafına şərait yaradacaq, korporativ şirkətləri və adi vətəndaşları kripto-əməliyyatlar üzrə gəlir vergisini ödəməyə motivasiya edəcək. Bu istiqamətdə inkişaf etmiş (Yaponiya, İsveçrə, ABŞ) və MDB ölkələrinin (Ukrayna, Özbəkistan, Belarus) təcrübəsi əsasında milli tənzimləmə modeli hazırlamaq olar.


 -Elnur bəy, Azərbaycanda hazırda kriptovalyutalardan əldə edilən gəlirdən vergi tutulurmu?


      
 -Azərbaycanda kriptovalyuta gəlirləri üzrə verginin ödənilməsi ancaq könüllülük prinsipi əsasında ola bilər, çünki hazırda kripto-investisiyaların və ya kriptovalyuta ticarəti üzrə əməliyyatların rəsmi izləməsi üçün hər hansı bir mexanizm yoxdur. Bundan əlavə, kriptovalyutalar mövcud qanunvericilik üzrə aktiv və ya əmlak kimi də tanınmır. Bu səbəbdən Vergi Məcəlləsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının kriptovalyuta ilə əməliyyatlardan aldığı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur. Bu zaman gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinə uyğun olaraq 14% gəlir vergisi ödəməlidir.
 
Samirə Kərimli

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il