Çarpaz baxış

Hibrid müharibə müasir konfliktlərin əsas xüsusiyyətlərindəndir və son üç ildə bu termin fəal siyasi mühitdə çox istifadə olunur. Bu anlayış ənənəvi hərbi gücün tətbiqi ilə yanaşı, qeyri-ənənəvi vasitələr olan  –  kiber hücumlar, dezinformasiya, iqtisadi təzyiqlər və diplomatik manevrlər sinerjisindən ibarətdir. Bu cür müharibələrdə düşmən dövlətlər arasındakı münaqişə yalnız döyüş meydanında deyil, eyni zamanda informasiya məkanında, iqtisadi sistemlərdə və cəmiyyətlərdə də davam edir. Bu yazıda hibrid müharibənin mahiyyəti, və onun müasir dövrdəki rolu araşdırılacaq. Həmçinin müasir dövrdə dövlətlər hibrid müharibəyə qarşı nə qədər hazırlıqlıdır?

Mövzuyla bağlı Crossmedia.az-a danışan hərbi ekspert Azər Bayramov qeyd edir ki: “Cari dövrdə dünyada gedən müharibələrin xarakterinə baxdığımız zaman burda hibrid müharibənin elementlərini açıq-aydın görürük. Hibrid müharibə ənənəvi müharibə ilə yanaşı asimmetrik elementləri özündə birləşdirən və təkcə döyüş sahəsində deyil bir çox sahələrdə düşmənə qarşı aparılan mübarizənin kompleks formasını ifadə edir. Dövlətlərin bu müharibəyə nə qədər hazırlıqlı olduğunu demək fərdi yanaşma tələb edir. Çünki hər bir dövlətin siyasi, iqtisadi, hərbi potensialı onun müharibəyə nə qədər hazırlıqlı olduğunun göstəricisidir. Günümüzdə hibrid müharibələrə qarşı dövlətlərin hazırlığı ilk növbədə dövlətin təhlükəsizliyi gücü ilə yanaşı siyasi, ideoloji, psixoloji inamın formalaşdırılmasıdır. Belə ki,  hibrid müharibədə tərəflərin hədəf aldığı birinci cəmiyyət olur və cəmiyyətlə dövlət arasında bu istiqamətdə bağlılıq və inam çox olarsa bu cür müharibələrdə həmin dövlətin dayanıqlı olduğunu deyə bilərik. Hibrid müharibənin mürəkkəb xarakterini və dinamikasını nəzərə alaraq ola biləcək təhdid və təhlükələri vaxtında aşkar etmək, və onların zərərsizləşdirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi vacibdir. Dünyada gedən müharibələrə və münaqişələrə baxdığımız zaman bunların fonunda digər dövlətlərdə gələcəkdə öz təhlükəsizliyini təmin etmək məqsədilə ciddi şəkildə silahlandığını müşahidə edirik. Bu da özlüyündə gələcəkdə bəşəriyyətə ciddi risklər yaratdığını göstərir”.

Beləliklə hibrid müharibə tək cəbhədə yox, cəbhə ilə paralel  siyasət və cəmiyyətlərdə uzunmüddətli təsirə malikdir. Hibrid müharibə dövlətlərin təhlükəsizlik siyasətlərini və qlobal nizamı yenidən formalaşdırır. Məhz bu səbəbdən onun dərin təsirlərini öyrənmək və ona uyğun strategiyalar inkişaf etdirmək zəruridir.

Ayhan Ağarzayev

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il