Çarpaz baxış

Müasir gənclər dinamik həyat tempinə uyğunlaşaraq yaşamağa həvəs edirlər. İndi ki halda isə xaricə üz tutmaq onların prioritet məsələlərindən birinə çevrilib. Gənclər iş, təhsil, karyera və digər səbəblərə görə xaricə üz tuturlar. 
Qeyri-rəsmi statistikaya görə, son 10 il ərzində 120 mindən çox ali təhsilli Azərbaycan vətəndaşı ölkəni tərk edərək xaricə üz tutub. Onların arasında gənclər böyük üstünlük təşkil edib. 


Mövzu ilə bağlı təhsil eksperti İlqar Orucov Crossmedia.az-a açıqlamasında gənclərin xaricə üz tutmalarının səbəblərinə diqqət çəkib:


"Gənclərimizin xaricə üz tutmalarının səbəbləri fərqlidir. Bunların arasında ən əsas səbəb gənclərin təhsil dalınca xaricə getmələridir. Eyni zamanda əmək miqrantı olaraq da bizim gənclərdən xeyli sayda insanlar dünyanın müxtəlif ölkələrində fərqli əmək bazarlarında öz idealarını reallaşdırmaq, iş tapmaq istəyirlər. Xüsusilə xatırladım ki, bununla bağlı mətbuatda da xeyli sayda yazılar gedirdi. Bizim çox sayda həkim gənclərimiz keçən və bu il ərzində Almaniyaya üz tutublar. Əlbəttə ki, gənclər seçimlərində sərbəstdirlər".

Ekspert Azərbaycanda əmək bazarının geniş olmadığından və bunun da gənclərin xaricə üz tutmasına səbəb olduğunu da vurğulayıb:

"Azərbaycandan gənclərin xarici əmək bazarına üz tutmaları başa düşüləndir. Hesab edirəm ki, burada qəbahətli heç nə yoxdur. Əsas odur ki, bizim insanlarımız dünyanın harasında olursa olsun özlərini tədiq edə bilsinlər.  Azərbaycanın əmək bazarı kifayət qədər böyük deyil. İndiki gənclər bir qədər fərqli düşünürlər. Onlar daha çox əmək haqqını hədəf olaraq götürürlər. Bu baxımdan da xeyli sayda gənclər dünyanın müxtəlif ölkələrinə gedirlər".


İlqar Orucov gənclərin təhsilə görə xaricə üz tutmalarından və onların qarşılaşdıqları problemlərdən də söhbət açıb:

"Təhsil dalınca da gənclərimiz hər il dünyanın müxtəlif ölkələrinə üz tuturlar. Onların arasında həm xaricdə təhsil dövlət proqramı çərçivəsində, həm də dövlətlər arası təqaüd proqramları çərçivəsində gedənlər var. Eyni zamanda beynəlxalq səviyyədə təsdiq edilən qəbul imtahanlarında yüksək nəticə qazanaraq da gənclər xaricdə oxumağa gedirlər. Bu məsələdə onlar xüsusilə diqqətli olmalıdırlar. 
Ayrı- ayrı təhsil şirkətləri təhsil almaq məqsədilə gəncləri xaricə göndərirlər. Hansı ki, onların bir çoxu yaxın ölkələrə: Ukraynaya, Gürcüstana, Rusiyaya, Dağıstana üz tuturlar. Bir çox hallarda gənclər Azərbaycanda təhsil diplomlarının təsdiqlənməsində problemlərlə üzləşirlər. Çünki bəzən universitetin özü deyil, sadəcə adı olur. Bu narahat edici faktdır".

Ekspert sonda ölkəmizdə aparılan gənclər siyasətindən də danışıb:

"Biz gənclərimiz üçün imkanları genişləndirməliyik. Ulu Öndərin Azərbaycanda əsasını qoyduğu gənclər siyasəti bu gün də davam edir. Prezident İlham Əliyev də hər zaman gənclərin inkişafına xüsusi önəm verir. Onların inkişafı ilə bağlı müxtəlif normativ sənədləri qəbul edir. 
Eyni zamanda bizim gənclərə hədəflənən dövlət proqramlarımız var. Amma bu o demək deyil ki biz gənclərin qarşısını almalıyıq. Düşünürəm ki, biz ağıllı gənclərimizin fərqli ölkələrdə özlərini reallaşdırmaq, öz gələcəkləri ilə bağlı perspektivlərini planlaşdırma istəklərini alqışlamalı və dəstəkləməliyik. Dünyanın hansı ölkəsində olmasına baxmayaraq bizim gənclərimiz torpağına, millətinə bağlıdır. Onların ürəyi, əməlləri daim Azərbaycan naminə olacaq. Burada yalnız biz yalnız gənclərə uğur diləməliyik ki onlar sağlam ,bilikli, bacarıqlı və peşəkar olsunlar. Özlərinin xoşbəxt gələcəyini təmin edə bilsinlər. Amma yaxşı olar ki, savadlı gənclərimiz bizim ölkəmizdə qalıb çalışsınlar. Ölkəmizin inkişafı naminə öz bacarıqlarını, biliklərini realizə etsinlər".

Banuçiçək Kalbalıyeva

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il