Dünyanın ən nüfuzlu beynəlxalq konfransı olan COP29-un başlamasına sayılı günlər qalıb. Ölkəmizdə keçirilməsi böyük əhəmiyyət kəsb edən bu tədbirlə əlaqədar Bakı və Sumqayıt şəhərlərində, Abşeronda peşə, orta ixtisas və ali təhsil pillələrində distant formada təhsilə keçid ediləcək. Aylardır müzakirə olunan onlayn dərs mərhələsinə çox yaxın olsaq da, gedişatın təsirlərini təxmin etmək olduqca çətindir.
Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuri Crossmedia.az saytına açıqlama verib:
“COP29 dünya səviyyəli tədbirdir və on minlərlə insan paytaxtığımıza qonaq olacaq. Düşünürəm ki, həmin tədbirin uğurlu başa çatması üçün atılan doğru addımlardan biri də tədrisin distant formaya keçididir. Bu dəyişikliyin tədris mühitinə, dərs prosesinə və onun inkişaf dinamikasına mənfi təsir göstərəcəyini zənn etmirəm”.
Ekspert distant təhsillə bağlı müəyyən təcrübənin olduğunu da dilə gətirib:
“Pandemiyanın əvvəllərində, hətta ilk 1 ilində universitetlərimiz COVİD sınağından çıxa bilmədilər. Distant təhsilə mövzu, forma, həm də psixoloji olaraq hazır deyildik. Son dönəmlər vəziyyətin kritikliyi başa çatdıqca və müəyyən vaxt keçdikcə universitetlərimiz buna alışdı. İstər imtahan, istərsə də dərs prosesində distant təhsili həyata keçirməyə çalışırdılar. Həmin təcrübə bizə 10 gün ərzində müvəqqəti distant təhsili həyata keçirməyə şərait yaradacaqdır”.
E.Nuri Azərbaycanda distant təhsil formasına keçidin hər hansı səbəblə əlaqələndirilməsinin düzgün olmadığını qeyd edib:
“Distant təhsil artıq ənənəvi tədris kimi müstəqil formada tətbiq olunmalıdır. Klassik təhsilin tamamilə sıradan çıxacağını demək olmaz. Bu, mümkün deyil. Lakin gələcəyin təhsili hibrid təhsildir. Gələcəkdə davamlı olaraq həm klassik, həm də hibrid təhsildən istifadə olunacaqdır. Distant təhsilə sıradan forma kimi baxacağıq. Bundan sonra müzakirə olunası mövzular distant təhsil formasınının inkişafı, məzmun, forma və infrastruktur xəttinin genişləndirilməsi haqqında olmalıdır”.
Gülay Məmmədova