Çarpaz baxış

Ermənistan parlamenti ehtiyatda olan zabitlərin yenidən hərbi xidmətə qayıtmasına imkan verən qanun layihəsini yekdilliklə təsdiqləyib. Müdafiə naziri Suren Papikyanın sözlərinə görə, bu qərar ölkənin sərhəd, xüsusi təyinatlı, kəşfiyyat və hava hücumundan müdafiə bölmələrində zabit çatışmazlığını aradan qaldırmağı hədəfləyir.

Bu qanunun qəbul edilməsi Ermənistanın hərbi strukturlarında ciddi dəyişikliklər və dövlətin gələcək hərbi strategiyası barədə suallar yaradır. Ermənistanın silahlanma sahəsində göstərdiyi aktivlik, eyni zamanda, növbəti ildə dövlət büdcəsindən hərbi xərclərə əlavə vəsait ayrılması da diqqət mərkəzindədir.

Məsələ ilə bağlı Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli Crossmedia.az-a açıqlama verərək bildirib ki, Ermənistanın bu addımları regionda sabitliyin qorunmasına xidmət etmir. Rəhimlinin sözlərinə görə, Azərbaycan hər zaman münaqişələrdən kənar durmağa çalışıb və qonşu ölkələrin ərazilərinə iddia etməyib. “Ermənistanın xarici vasitəçiləri, xüsusən də Qərbi və Fransanı danışıqlara qatması onun xoş niyyətindən xəbər vermir,” – deyə Rəhimli bildirib.

Mütəllim Rəhimli, həmçinin Ermənistanın müasir silahlar əldə etməsini və ehtiyat zabitləri xidmətə cəlb etmək qərarını da tənqid edib. “Bu, Ermənistanın regionda münaqişə yaradıb kənar qüvvələrin təsirinə əsas hazırlamaq məqsədindən əl çəkmədiyini göstərir. 2-ci Qarabağ müharibəsindən sonra Ermənistan ordusunda ciddi kadr qıtlığı yaşanır, çünki yeni nəsildən heç kim artıq orduda xidmət etmək istəmir,” – deyə Rəhimli qeyd edib.

Onun sözlərinə görə, Ermənistan dövlət büdcəsini hərbi xərclərdən daha çox ölkənin inkişafı və erməni xalqının rifahına sərf etməli, bölgədəki yeni münasibətlərə uyğun addımlar atmalıdır. Bu halda, Ermənistan uzun illər ərzində qonşu dövlətlərlə yaranmış gərgin münasibətləri aradan qaldıra və yeni sülh erasına qədəm qoya bilər.

Nihat Tahirov

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il