Çarpaz baxış

Statistik göstəricilərə əsasən, son 7 il ərzində Azərbaycanda birinci sinfə başlayan şagirdlərin sayında ciddi azalma müşahidə olunur. 2017-2018-ci tədris ilində 164,523 uşaq birinci sinfə qəbul olunduğu halda, bu rəqəm 2024-2025-ci tədris ilində 132,261 nəfərə enib. Bu isə cəmi 7 il ərzində təxminən 20%-lik, yəni 32,262 nəfərlik azalma deməkdir. İl keçdikcə fərq böyüyür və bu azalma təhsil sektorunda ciddi problemlərə yol açır. Mövzuyla bağlı müxtəlif müzakirələr aparılsa da, vəziyyətin mənfi istiqamətdə davam etməsi narahatlıq doğurur. Bu azalma ilə necə mübarizə aparılmalı və hansı tədbirlər görülməlidir ki, arzuolunan nəticəyə nail ola bilək?

40 ildən artıq təcrübəyə malik, rayon məktəblərinin birində çalışan, ibtidai sinif müəllimi "Bir vaxtlar şagirdlər müəllimləri axtarırdı, indi biz müəllimlər olaraq küçə-küçə gəzərək şagird toplamağa məcbur qalırıq" - deyə o, öz təəssüratlarını bizimlə bölüşdü. Qeyd edir ki, rəhbərlik hər sinifdə ən azı 20 şagirdin olmasının vacib olduğunu bildirdikdə, hətta tanışlardan “ətrafınızda 5 yaşlı uşaq varmı?” deyə soruşmağa məcbur qaldıq: "Əvvəllər belə hallarla qarşılaşmazdıq, lakin indi ibtidai sinif müəllimləri üçün, rayonlarda şagird axtarmaq adi hala çevrilib. Doğum sayının azalması ilə yanaşı,digər bir problem isə regionlardan əhalinin əksər hissəsinin paytaxt Bakıya və ətraf şəhərlərə üz tutması nəticəsində şəhər məktəblərində isə siniflərdə normadan artıq şagird təhsil alır".

Təhsil üzrə ekspert Kamran Əsədov isə bu azalmanın səbəblərindən bəhs edərək qeyd edir ki, iqtisadi faktorlar ön plandadır. Ailələrin maliyyə imkanlarının zəifləməsi və artan yaşam xərcləri, eləcə də mənzil və təhsil xərclərinin yüksək olması ailələrin daha az uşaq sahibi olmasına səbəb olur. 
Eyni zamanda, iş imkanlarının çoxluğu və daha yaxşı sosial xidmətlər səbəbindən gənc ailələr rayonlardan şəhərlərə, hətta xarici ölkələrə köç etməyə üstünlük verirlər. Bu da xüsusən kənd yerlərində əhali sayının azalmasına gətirib çıxarır. Belə mühitdə uşaqların sayının azalması ilə rayon məktəbləri boşalır və bu tendensiya davam etdikcə daha geniş problemlər ortaya çıxır.


Kamran Əsədov əlavə edir ki, əgər orta illik azalma nisbəti bu tempdə davam edərsə, təxminən 10 ildən sonra birinci sinfə qəbul olan uşaqların sayı 100,000 nəfərdən aşağı enə bilər. Bu isə ölkənin əmək bazarında gənc işçi qüvvəsinin çatışmazlığına və iqtisadiyyatın bəzi sahələrində boşluqların yaranmasına səbəb ola bilər. Məktəblərin boşalması, əhalinin yaşlanması, sosial təminat sistemləri və səhiyyə sektoru üzərində artan təzyiq də gələcəkdə ortaya çıxacaq problemlər sırasındadır. 
K.Əsədov qeyd etdi ki, ümumilikdə, əhalinin azalması ölkənin uzunmüddətli iqtisadi inkişafına mənfi təsir göstərərək, iqtisadi dinamikanı zəiflədə bilər. Gənc və fəal əhalinin sayının azalması işçi qüvvəsinin çatışmazlığına, bir çox sektorda ixtisaslı kadrlara olan tələbatın ödənilməməsinə və məhsuldarlığın azalmasına səbəb ola bilər. Nəticədə, ölkənin innovasiya potensialı məhdudlaşaraq texnoloji inkişaf tempi ləngiyə və qlobal rəqabət qabiliyyəti zəifləyə bilər. İqtisadiyyatda müxtəlif sahələrdə yeniliklərin həyata keçirilməsi çətinləşər və sosial təminat sistemlərinə, eləcə də səhiyyə xərclərinə olan təzyiq arta bilər. Belə bir vəziyyət sosial rifahın azalmasına, həyat səviyyəsinin enməsinə və ümumilikdə cəmiyyətin inkişaf perspektivlərinin məhdudlaşmasına səbəb ola bilər.

Əsli TELMANQIZI

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il