Çarpaz baxış

Bu gün dünyanın bir çox ölkəsində dinlərarası dialoq və əməkdaşlıq, qlobal sülh və sabitliyin təmin edilməsi üçün ən vacib məsələlərdən biri olaraq qəbul edilir. Azərbaycanın paytaxtı Bakı da bu məqsədə xidmət edən mühüm platformalardan birinə çevrilmişdir. Bu şəhər, fərqli dinlərin və mədəniyyətlərin dinc yanaşı yaşadığı nadir məkanlardan biri kimi, dini liderlərin qlobal sammitinə ikinci dəfə ev sahibliyi etməklə beynəlxalq miqyasda əhəmiyyətli rol oynayır. Bakıda keçirilən bu sammit, müxtəlif dinlərin nümayəndələrini bir araya gətirərək qlobal sülh, tolerantlıq və qarşılıqlı hörmət mövzularında müzakirələr aparmaq üçün mühüm fürsət yaradır.

İlk dəfə 2019-cu il 14-15 noyabr tarixlərində Bakıda keçirilən dini liderlərin qlobal sammitində terrorizmlə mübarizə, dini tolerantlıq və əməkdaşlıq kimi qlobal problemlər müzakirə olunmuşdu. Bu il isə, 2024-cü il 5 noyabr tarixində Azərbaycan yenidən bu beynəlxalq tədbirə ev sahibliyi edir. Sammitin açılışında Prezident İlham Əliyev Dini Liderlərin Qlobal Sammiti iştirakçılarına müraciət ünvanlayaraq Azərbaycanın ekoloji problemlərin aradan qaldırılması istiqamətində gördüyü tədbirlərdən və beynəlxalq tədbirlərdəki fəal iştirakından bəhs edib. Müraciətdə vurğulanıb: “Azərbaycan ekoloji problemlərlə bağlı bir çox konvensiya və sazişlərə qoşulmuş, müxtəlif ölkələrlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmış, bu sahədə çoxşaxəli fəaliyyət proqramları qəbul etmişdir. Ölkəmizdə ətraf mühitin qorunmasını nəzərdə tutan zəruri qanunvericilik sistemi formalaşdırılmış, səmərəli institusional mexanizmlər və əlverişli investisiya mühiti yaradılmışdır”.

Bundan əlavə, müraciətdə daha gözəl dünya naminə sülh çağırışlarına da yer verilib: “İqlim dəyişiklikləri və ekoloji problemlərlə mübarizə aparmaq üçün dünyada beynəlxalq təhlükəsizliyin, sülh və əmin-amanlığın təmin edilməsi vacib amillərdən biridir. Ölkəmiz yaxın tarixi keçmişində əsassız ərazi iddialarına məruz qalaraq ədalətsiz müharibənin ağrı-acısını yaşamaq məcburiyyətində qalmışdır.”

Sammit iştirakçıları Azərbaycanda olduqları 2 gün ərzində erməni işğalından azad olunmuş Qarabağa səfər edəcəklər. Prezidentin müraciətində bu məsələyə də toxunulub: “Azərbaycanın əzəli torpağı olan Qarabağa səfəriniz zamanı Ermənistan tərəfindən 30 illik işğal dövründə törədilmiş ekosid, kultursid və urbisid kimi cinayətkar əməllərin acı nəticələrini əyani şəkildə görmək imkanı qazanacaq, ölkəmizin bölgədə ekoloji tarazlığı bərpa etmək istiqamətində yaşıl iqtisadiyyat və bərpa olunan enerjiyə əsaslanan genişmiqyaslı yenidənqurma işləri ilə yaxından tanış olacaqsınız.”
Keçirilən sammitlə bağlı politoloq Məhəmməd Əsədullazadə Crossmedia.az saytına verdiyi açıqlamada bildirir ki; “Azərbaycan təkcə siyasi deyil din istiqamətində də beynəlxalq təşkilatların və dini liderlərin konfransının keçirilməsinə ev sahibliyi edir. Bu da Azərbaycanı multikultural dövlət həmçinin  bütün din və etiqadların azadlıq mərkəzi kimi dünyaya tanıtdı. Azərbaycanda müsəlmanların üstünlük təşkil etməsinə baxmayaraq bütün dinlərin inkişafına və insanların ibadətlərinə  şərait yaradır. Azərbaycanda dini liderlərin konfransının keçirilməsi əlbəttə ki,Azərbaycanın Cənubi Qafqazda dinlər arası barış rolunun da göstəricisidir. Bu sammit həmçinin dünyaya bir daha göstərdi ki, Azərbaycan tolerant, multikultural dövlətdir”.

Bu sammit, həm Azərbaycan təcrübəsini nümayiş etdirmək, həm də qlobal problemlərin həlli üçün dünya dini liderləri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə xidmət edən mühüm beynəlxalq platformadır.

Ayhan Ağarzayev

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il