Çarpaz baxış

Noyabr ayında Azərbaycanda keçiriləcək COP29 sammitində Ermənistanın iştirakı ilə bağlı suallar müxtəlif spekulyasiyalara səbəb olub. Ermənistan hökuməti dəvət alıb və ölkə daxilində sammitə qatılmaqla bağlı fərqli mövqelər ortaya çıxıb. 

Məsələ barədə siyasi şərhçi Zeynal Əmrəliyev Crossmedia.az-a fikirlərini bildirib:

“Azərbaycan Ermənistan hökumətinə COP29-da iştirakla bağlı dəvət göndərib. Kimin iştirak edəcəyi qarşı tərəfin məsələsidir. Erməni mediasını izlədikdə görmək olur ki, bununla bağlı ciddi şəkildə müzakirələr gedir, Ermənistan cəmiyyətində müxtəlif fikir haçalanması var. Bir qrup ümumiyyətlə Ermənistanın bu tədbirdə iştirak etməsinə qarşıdır. Düşünürlər ki, sülh müqaviləsi imzalanmadan bu tədbirdə iştirak etmək mənasızdır. Bir qrup düşünür ki, Azərbaycanla hansısa “bazarlığa getmək” olar, yəni Azərbaycandan nəsə qopartmaq hayındadırlar. Bir qrup da düşünür ki, Ermənistan mütləq tədbirdə iştirak etməlidir”.


Siyasi şərhçi Paşinyanın özünün konkret iştirak edib-etməməsi ilə bağlı da müzakirələr getdiyini qeyd edib:


“Düzdür, bununla bağlı rəsmi açıqlama yoxdur, amma görmək olur ki, məsələ açığa qovuşur. Artıq kimin iştirak edəcəyi məsələsi öz yoluna gəlir. Çox böyük ehtimalla Ermənistanı bu tədbirdə Xarici İşlər naziri Ararat Mirzoyan təmsil edəcək. Nikol Paşinyanın özünün tədbirdə iştirak edəcəyi bir qədər müəmmalıdır. Sülh müqaviləsi imzalanmadan Paşinyanın Bakıya gəlməsi bir qədər absurd görünür. Buna görə də Ermənistanın tədbirdə Xarici İşlər naziri Ararat Mirzoyanın səviyyəsində iştirakı gözləniləndir. Ermənistan bu tədbirin keçirilməsi üçün keçirilən səsvermə zamanı Azərbaycanın namizədliyini müdafiə etdi. Razılaşma var idi, Ermənistan da bu razılaşmaya uyğun olaraq Azərbaycanın namizədliyini müdafiə etdi, öz namizədliyini Azərbaycanın xeyrinə geri götürdü. Bu xüsusda Ermənistanın tədbirdə iştirak etməməsi bir qədər sülh müqaviləsi prosesinə də ciddi şəkildə təsir göstərəcək məsələdir. Düşünürəm ki, Ermənistan tədbirdə iştirak edəcək. Paşinyanın tədbirə gəlməsi hal-hazırkı məqamda inandırıcı deyil”.

Günəş

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il