Çarpaz baxış

Son illərdə Azərbaycandan xaricə gedən işçi qüvvəsi artmaqdadır. Dünya Bankının məlumatına görə, Azərbaycan əhalisinin təxminən 4-5%-i xaricdə yaşayır və işləyir. Ən çox əmək miqrasiyası Rusiya, Türkiyə və Avropa ölkələrinə istiqamətlənir. Ölkədən xaricə gedən işçi qüvvəsi, iqtisadi və sosial səbəblərdən dolayı müxtəlif ölkələrdə iş imkanları axtarır.
 
Sosioloq Yusif Nəbiyev Crossmedia.az-a açıqlamasında ölkəmizin həm işçi donoru olaraq, həm də immiqrant işçi qəbul edərək bu proseslərdə iştirak etdiyini bildirib:
 
"Hal-hazırda qlobal miqyasda bir iş qüvvəsi köçü müşahidə edilməkdədir.  Bunu həm aşağı səviyyəli, əsasən fiziki iş tələb edən peşə sahiblərinin köçü olaraq, həm də yüksək ixtisaslı kadrların köçü olaraq (Adına "Beyin köçü" deyilən fenomendən danışıram) görə bilirik. 
 
Ölkəmiz də bu proseslərdən kənarda deyil. Ölkəmiz həm işçi donoru olaraq, həm də immiqrant işçi qəbul edərək bu proseslərdə iştirak edir. Pakistan, Hindistan, Banqladeş, Əfqanıstan kimi ölkələrdən Azərbaycana gəlmiş işçi zümrəsinin nümayəndələri ilə tez-tez rastlaşmağa başlamışıq. Həmçinin Türkiyə, İran, Rusiya, Ukrayna, Qazaxıstan, İran kimi ölkələrdən ixtisaslı həkimlərin, İT mütəxəssislərin, iş adamlarının ölkəmizə gəlişinin şahidi oluruq. 
 
Amma eyni formada ölkəmizdən də xaricə köç edən vətəndaşlar var. Bunlar arasında yüksək təhsilli kadrların da olduğunu deyə bilərik. Bunun səbəblərini aydınlaşdırmağa çalışsaq, bir neçə məqamı vurğulamalı olacağıq. 
 
İlk öncə onu qeyd etməliyik ki, "Beyin köçü" dediyimiz yüksək ixtisaslı kadrların emiqrasiya səbəbləri ilə aşağı səviyyəli - daha çox fiziki iş ehtiva edən peşə sahiblərinin emiqrasiya səbəbləri bəzən fərqli olur. 
 
Aşağı səviyyəli işlər üçün xaricə köçməyi qərarlaşdıran insanların adətən tək motivasiyaları daha yüksək məvacib olur. Digər səbəblər, demək olar ki, bu qisim insan üçün önəm daşımır".
 
 Yusif Nəbiyev qeyd edib ki, yüksək ixtisaslı kadrların emiqrasiya səbəbləri isə çox olur:
 
 "1. Yüksək məvacib: Bəli, bu faktor təkcə aşağı səviyyəli peşələrin sahibləri üçün keçərli deyil. Yüksək ixtisaslı kadrlar üçün də məvacib önəmli rol oynayır. 
 
2. Gedilən ölkədəki həyat standartları: Bu insanlar təkcə aldıqları məvacibə yox, o məvacib qarşılığında yaşaya biləcəkləri həyat standartlarını da ciddi götür-qoy edirlər. Ölkənin iş mühiti nə dərəcədə proqressivdir? Ölkənin səhiyyə və ədliyyə sistemi necə fəaliyyət göstərir? Ölkədə mülkiyyətin toxunulmazlığı nə dərəcədə təmin olunur? Nəqliyyat və şəhər infrastrukturu nə dərəcədə effektivdir? Yerlilərin gəlmələrə münasibətləri nə formadadır? Bütün bu məqamlar analiz edilir. 
 
3. Təhlükəsizlik və siyasi aura: Bu da getmək üçün səbəblərdən biridir. Yüksək ixtisaslı kadrlar öz fikir azadlıqlarının, siyasi görüşlərini bəyan edə bilmək və bu istiqamətdə iş apara bilmək azadlıqlarının boğulduğunu düşünürlərsə xarici ölkəyə köçmək barədə düşünməyə başlayırlar. Xüsusən, böyük iş adamları üçün ölkədəki siyasi ab-havanın, bürokratik strukturun önəmi çox böyükdür. 
4. Təhsil və karyera inkişafı perspektivləri: Bu da yüksək təhsilli kadrlar üçün önəmli seçim faktorudur. Xüsusən, daha spesifik sahələrdə yüksəlmək üçün qərb və ya uzaq şərq ölkələri daha əlverişlidir və daha geniş imkanlar vəd edir.  
Bütün bu amillərlə yanaşı bəzi qlobal siyasi amillər də işçi köçlərini yarada bilir. Bəzi ölkələrdə işçi qıtlığı əmələ gəlir və bu ölkələr xarici işçilər cəlb etmək üçün daha cazibədar təkliflər edirlər. Nəticədə bir çox ölkədən oraya işçi köçü başlaya bilir.
 
Spesifik ölkələrə köçün səbəbləri də spesifik ola bilir. Mədəni və sosial faktorlar burada fərqli formada özünü göstərə bilir. Bəzən sadəcə hər hansı bir ölkədə qohumların yaşaması o ölkəyə köç etmək üçün səbəbə çevrilə bilir".
 
 Həmsöhbətimiz sonda əlavə edib ki, qloballaşan dünyada bu proseslər normal haldır sadəcə bu proses düzgün tənzimlənməlidir.
 
 "Hər bir halda, qloballaşan bir dünyada yaşayırıq və işçi verməkdən də, işçi almaqdan da qorxmamalıyıq. Sadəcə bu prosesi düzgün tənzimləməliyik. Çalışmalıyıq ki, gələn xarici işçi qüvvəsi Azərbaycan qanunvericiliyinə və sosial-mədəni şəraitinə yaxşı adaptasiya olsun. Özləri ilə bizə yad ünsürləri idxal etməsinlər. Və eləcə də göndərdiyimiz işçilərin getdikləri ölkələrdə rahat yaşaya bilmələri üçün, ehtiyac duyduqları anda səfirliklərimizlə rahat əlaqəyə keçə bilmələri, lazım gələrsə gələcək perspektivdə ölkəmizin diaspora fəaliyyətlərinə cəlb olunmaqları üçün çalışmalıyıq".
 
Saida Ramazanovi

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il