Çarpaz baxış

Azərbaycanın coğrafi mövqeyi və regionda baş verən tarixi proseslər ölkəmizi regional təhlükəsizliyin təminatçısı olmağa yönəldir. Cənubi Qafqazda strateji əhəmiyyətə malik tranzit marşrutları, enerji layihələri və qonşu ölkələrlə olan əlaqələr, Azərbaycanın təhlükəsizlik siyasətinin müxtəlif sahələrdə inkişafını zəruri edir.Son dövrlərdə hərbi modernizasiya və regional əməkdaşlıq sahəsində atılan addımlar Azərbaycanın təhlükəsizlik strategiyasının əsasını təşkil edir. Bu strategiyanın başlıca məqsədi ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaqla bərabər, regional stabilliyə də töhfə verməkdir. Lakin bu hədəflərə çatmaq bir sıra çətinliklərlə doludur. Bəs bu hədəflərə çatmaq üçün nələrə diqqət etmək lazımdır? 

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Azərbaycanın regional təhlükəsizlik və müdafiə strategiyası Cənubi Qafqazda sabitliyi təmin etməyə yönəlmiş bir neçə əsas faktora əsaslanır:

“Azərbaycanın hərbi modernizasiya siyasəti ordunun ən müasir texnologiyalarla təchiz edilməsinə fokuslanıb. 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı müasir texnologiyalardan, o cümlədən, pilotsuz uçuş aparatların istifadə olunması bu modernizasiyanın effektivliyini sübut edib. Müasir texnologiyalar beynəlxalq hərbi əməkdaşlıq nəticəsində əldə edilib. Azərbaycanın müxtəlif ölkələrlə müdafiə sənayesi sahəsində sıx əməkdaşlıq edir.  Həmçinin, Türkiyə ilə olan strateji münasibətlər, regionda hərbi gücün qorunmasında və müdafiə sahəsində əhəmiyyətli rol oynayır. İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi diplomatik və texniki dəstək bu strateji tərəfdaşlığın vacibliyini göstərir”.

Milli Məclisin deputatı bildirib ki, NATO və Qərb ölkələri ilə hərbi əlaqələr də mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq hərbi təlimlərdə iştirak edir və sülhməramlı missiyalarda mühüm rol oynayır. Bu, Azərbaycanın təhlükəsizlik siyasətinin beynəlxalq müstəvidə dəstəklənməsini təmin edir.

Arzu Nağıyev Azərbaycanın enerji təhlükəsizliyi sahəsindəki zəngin resurslarının Avropa və digər regionların enerji təhlükəsizliyinə müsbət təsir etdiyini vurğulayıb: 

“Bakı-Tbilisi-Ceyhan neft kəməri və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) kimi layihələr, Azərbaycanın enerji ixracını artıraraq ölkənin iqtisadi inkişafına dəstək verir. Lakin, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsində çətinliklər mövcuddur, xüsusən də Ermənistan-Azərbaycan münaqişəsi kimi həllini tapmamış məsələlər. Bu çətinliklər, Azərbaycanın xarici siyasətinə mənfi təsir edə bilər”.
Müsahibimiz Azərbaycanın regional təhlükəsizlik və müdafiə strategiyasının hərbi modernizasiya, strateji tərəfdaşlıqlar və enerji təhlükəsizliyi kimi mühüm elementlər üzərində qurulduğunu bildirib: 

“Bu strategiya ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaqla yanaşı, regional stabilliyin təmin edilməsinə yönəlmişdir. Lakin, geosiyasi gərginliklər və iqtisadi resursların asılılığı, Azərbaycanın qarşılaşdığı çətinliklər arasında yer alır. Buna baxmayaraq, Azərbaycan regional təhlükəsizlikdə mühüm rol oynamağa davam edir”.
Ağa Əsa

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il