Çarpaz baxış

Türk Dövlətləri Təşkilatı (TDT) son illərdə regionda ən əhəmiyyətli əməkdaşlıq formatlarından birinə çevrilib.

Bu barədə Crossmedia.az-a açıqlama verən Hilal Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Arzuman Abdulkərimov bildirib ki, Prezident İlham Əliyevin TDT-nin inkişafı və Türk dünyası ilə sıx əməkdaşlığın genişləndirilməsi istiqamətində verdiyi bəyanatlar Azərbaycanın bu sahədəki strateji yol xəritəsini formalaşdırır.

Abdulkərimovun fikrincə, Azərbaycan, Türk Dövlətlərinin birliyində və onların ümumi fəaliyyətində mühüm rol oynayır. “Azərbaycan bu prosesdə bir növ 'lokomotiv' rolunu yerinə yetirir və Prezident İlham Əliyevin bu istiqamətdəki fəaliyyəti xüsusilə Türk Dövlətləri Təşkilatının 15 illik yubileyi fonunda diqqət çəkir,” – deyə o qeyd edib.

2009-cu ildən “Türkdilli Dövlətlərin Birliyi” adı ilə fəaliyyətə başlayan TDT, ötən illər ərzində “Türk Dövlətləri Təşkilatı” adı ilə regional və beynəlxalq arenada mövqeyini gücləndirib. 2024-cü ilin yayında Şuşada keçirilən qeyri-rəsmi görüşdən sonra təşkilatın rəsmi zirvə toplantısı hazırda Qırğızıstanın paytaxtında təşkil olunur. Prezident İlham Əliyev bu vacib tədbirdə iştirak edərək ikitərəfli və çoxtərəfli görüşlərdə ölkəmizin mövqeyini təqdim edib. Zirvə toplantısı zamanı Prezident İlham Əliyev Türk dünyasının görkəmli nümayəndəsi Çingiz Aytmatov adına ordenlə təltif olunub – bu təltif Azərbaycan Prezidentinə Türk dünyasının verdiyi yüksək dəyər kimi qiymətləndirilir.

Toplantıda Türk dövlətləri arasında gələcək iqtisadi, gömrük və hərbi əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Həm Azərbaycan, həm də Türkiyə Şimali Kipr Türk Cümhuriyyətinin təşkilata tamhüquqlu üzv kimi qəbul olunmasını dəstəkləyir. Lakin bəzi Orta Asiya ölkələri bu məsələdə tərəddüd edirlər. Hazırda Şimali Kipr Türk Cümhuriyyəti təşkilatın görüşlərində qonaq statusunda iştirak edir. Eyni zamanda, Macarıstan da təşkilatın fəaliyyətinə fəal dəstək verir və növbəti zirvə toplantısının 2025-ci ildə Azərbaycanda keçirilməsi planlaşdırılıb.

Azərbaycanın yerləşdiyi “Orta Dəhliz” marşrutu Çin, Orta Asiya və Avropa arasında əsas nəqliyyat və logistika xəttini təşkil edir. Bu dəhlizin işə düşməsi yalnız Azərbaycan deyil, digər Türk dövlətləri üçün də mühüm iqtisadi dividendlər vəd edir və Türk dövlətləri arasında strateji bağlılıqları daha da gücləndirəcək. Arzuman Abdulkərimov bildirib ki, yaxın gələcəkdə Türk dövlətləri arasında hərbi və gömrük birliklərinin, eləcə də təhsil və mədəniyyət sahələrində əməkdaşlığın gücləndirilməsi gözlənilir.

Türk Dövlətləri Təşkilatının artan regional rolu və Azərbaycan Prezidentinin təşəbbüsləri TDT-nin strateji əməkdaşlıq potensialını genişləndirir, Türk dövlətlərinin həm iqtisadi, həm də strateji sahələrdə birliyini təmin edir.                                                                                                           

Nihat Tahirov

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il