Çarpaz baxış

Azərbaycan və Ermənistan arasında sülh və delimitasiya məsələləri hələ də ciddi əngəllərlə qarşılaşmaqdadır. Ermənistan hökumətinin delimitasiya prosesinə razı olmaması və vasitəçilərin müxtəlif təzyiqləri, iki ölkə arasında qarşılıqlı münasibətlərin normallaşmasını çətinləşdirir. Bu məsələlərin həlli, uzunmüddətli sülh və sabitlik üçün vacibdir.

Mövzu ilə bağlı siyasi şərhçi Kazım Kazımov Crossmedia.az-a açıqlamasında bildirib ki, delimitasiya məsələsinin həm texniki, həm də siyasi tərəfləri mövcuddur. Onun sözlərinə görə, texniki tərəf nisbətən sadədir. Hər iki tərəfdən mütəxəssislər bu işi bir neçə ay, bəlkə də daha qısa zamanda həyata keçirə bilərlər. Lakin əsas məsələ buradadır ki, bu proses siyasi xarakter daşıyır. Təəssüf ki, Ermənistan hökuməti illərdir bu məsələni uzadır və delimitasiyaya razılıq vermir. Paşinyan hakimiyyəti bir tərəfdən sülhdən, qarşılıqlı yaxşı münasibətlərdən bəhs etsə də, əməldə və hərəkətlərində sələflərindən fərqlənmir:

“Vasitəçilik etmək istəyənlərin sayı çoxdur. Vaşinqton, Moskva və Brüssel formatları mövcuddur. Cənubi Qafqazda, Ermənistanla Azərbaycan arasında sülh təmin edilərsə, vasitəçilik edənlər beynəlxalq arenada nüfuz qazanacaqdır. Lakin bəzi hallarda bu formatlar bir-birinə rəqib olur və bəzən vasitəçilərin məsələni uzatmaq məqsədi güddüyü görünür. Məsələn, Vaşinqton formatında erməni lobbisinin ciddi təsir göstərmək cəhdləri müşahidə olunur. Buna baxmayaraq, Azərbaycan həm vasitəçilərin təsirini azaltmaq, həm də iki ölkə arasında birbaşa diplomatik kanalların açılması üçün Ermənistana vasitəçisiz görüşməyi təklif edib. Bakı və İrəvanın birbaşa danışıqlar üçün rahat imkanları var, lakin təəssüf ki, Ermənistan bu təklifə istədiyimiz cavabı vermir".

K.Kazımov həmçinin qeyd edib ki, gələcək münasibətlərə gəldikdə ilk növbədə sülh müqaviləsinin imzalanması lazımdır: "
 
"Bundan əlavə, Ermənistan cəmiyyətində, xüsusilə siyasətçilər arasında bəzi düşüncə dəyişiklikləri baş verməlidir. İlk növbədə, xəstə xislətli və revanşist düşüncələrdən, “böyük Ermənistan” xülyasından çəkinməlidirlər. Ermənistan Azərbaycanın təklif etdiyi sülh şərtlərini qəbul etməlidir, çünki bu şərtlər beynəlxalq hüquq çərçivəsindədir. Əks halda, iki ölkə arasında münasibətlər normallaşmayacaq".

Siyasi şərhçi son olaraq bildirib ki, Ermənistan əməli addımlar atar, siyasətçilərin çıxışlarında dəyişiklik edər, kompensasiya məsələlərinə konstruktiv yanaşar və Zəngəzur dəhlizi ilə bağlı müsbət addımlar atarsa, bu halda iki ölkə arasında münasibətlərin tam normallaşmasına şərait yaranacaqdır.

Aytac Bəhruzqızı 
 
 
 
 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il