Çarpaz baxış

Ermənistan Parlamentinin sədri Alen Simonyan delimitasiya komissiyalarının reqlamentini həm Azərbaycanın, həm də Ermənistanın ən böyük qələbəsi kimi qiymətləndirir. O, bu sənədin iki ölkə arasında ilk dövlətlərarası müqavilə olduğunu və həyata keçirilməsinin müstəqillik və ərazi bütövlüyü üçün əhəmiyyətini vurğulayıb. Simonyan Ermənistan və Azərbaycan arasında müsbət proseslərin baş verməsini arzuladığını, lakin hazırda delimitasiyanın hansı istiqamətdə davam edəcəyinə dair qərarın olmadığını bildirib.

Mövzu ilə bağlı fikirlərini Crossmedia.az-la bölüşən siyasi ekspert Elçin Xalidbəyli Simonyanın fikirlərini bu cür şərh edib:

 “Paşinyan hakimiyyəti son vaxtlar Azərbaycan və Ermənistan, eyni zamanda Türkiyə və Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində müəyyən addımların atılmasının qaçılmaz olduğunu anlamağa başlayıb. Ona görə də Paşinyan hakimiyyətinin rəsmi təmsilçiləri bu məsələ ilə bağlı Ermənistan cəmiyyətinin hazırlanmasına da cəhd göstərirlər. Bu sırada Ermənistan parlamentinin spikeri Alen Simonyan xüsusi fəallıq göstərir. O, ikitərəfli münasibətlərin tərəfdarı rolunda çıxış edir, eyni zamanda Azərbaycan və Ermənistan arasında birbaşa təmaslarla müzakirələrə daha çox üstünlük verdiyini büruzə verir”.

Siyasi ekspert Simonyanın son açıqlamasının da böyük ölçüdə Ermənistan cəmiyyətinə mesaj xarakteri daşıdığını vurğulayıb:

“Ermənistan cəmiyyətinə qəbul etdirməyə çalışırlar ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin qurulması qaçılmazdır və erməni toplumu buna mütləq hazır olmalıdır. Eyni zamanda Alen Simonyan Ermənistan cəmiyyətinə mesaj verir ki, delimitasiya prosesi Ermənistanın müstəqilliyi və suverenliyi üçün olduqca vacib bir prosesdir. Əgər bu proses yekunlaşdırılmazsa, Ermənistan ərazisi həmişə şübhə altında qalacaq və mübahisələr davam edəcək. Bu da Ermənistan üçün ağır nəticələr verə bilər. Paşinyan hakimiyyətinin ümumiyyətlə əsas hədəfi ondan ibarətdir ki, delimitasiya prosesi mümkün qədər tez bir zamanda yekunlaşsın və Ermənistanın dövlət sərhədləri hüquqi cəhətdən müəyyən edilib sona çatdırılsın. Paşinyan hakimiyyəti hesab edir ki, əgər bu baş verərsə, Ermənistandakı radikal qüvvələrin də Paşinyan hakimiyyətinə qarşı iradları və yaxud da qonşu ölkələrə yönəlik ərazi iddiaları ilə bağlı ideoloji tezisləri boşa çıxmış ola bilər və həmin tezislər öz əhəmiyyətini birdəfəlik itirər. Çünki hüquqi cəhətdən razılaşdırılmış sərhədlər müəyyən edildikdən sonra nə Azərbaycan, nə də Ermənistanın bir-birinə qarşı ərazi iddiaları irəli sürmək imkanları olmayacaq. Bu məsələ birdəfəlik razılaşdırılmış olacaq. Paşinyan hakimiyyətinin, o cümlədən Alen Simonyanın da Ermənistan cəmiyyətinə verməyə çalışdığı mesaj əsasən bundan ibarətdir”.

Həmçinin E.Xalidbəyli qeyd edib ki, Alen Simonyan delimitasiya reqlamenti ilə bağlı sənədin imzalanmasını da siyasi faktor olaraq təbliğat predmetinə çevirməyə çalışıb:

“Ermənistan cəmiyyətinə onu da mesaj verir ki, keçmiş SSRİ-nin süqutundan sonra daim savaş vəziyyətində olan iki ölkə, yəni Azərbaycan və Ermənistan nəhayət ki, öz tarixlərində ilk dəfə bir rəsmi sənəd imzalayıblar və onu da yüksək səviyyədə təsdiqlədiblər. Bununla da ikitərəfli qarşılıqlı münasibətlərin əsası qoyulmuş sayıla bilər. Bu baxımdan Paşinyan hakimiyyətinin belə açıqlamalarının əsas hədəfi Ermənistan cəmiyyətini gələcək sülh prosesinə hazırlamaqdır. Eyni zamanda, Ermənistanı sülh dövrünə yaxınlaşdıran siyasi qüvvə kimi növbəti parlament seçkilərində bundan təbliğat vasitəsi kimi istifadə etmək niyyəti güdürlər”. 

Günəş

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il