Çarpaz baxış

6 noyabr Amerika Birləşmiş Ştatlarının taleyində önəmli bir tarix kimi yadda qaldı. Amerikalılar növbəti prezidentləri üçün səs verərək, ABŞ-nin 47-ci prezidenti olaraq Donald Trumpı seçdilər. Hamıya məlumdur ki, ABŞ-də baş verən hər bir dəyişiklik, qlobal miqyasda da əhəmiyyətli təsir imkanlarına malikdir. Bu səbəbdən hər bir ölkə, eləcə də dünya yeni administrasiyanın xarici siyasət istiqamətlərindən necə təsirlənəcəyini diqqətlə izləyir. ABŞ-dəkı rəhbərlik dəyişikliyi Cənubi Qafqaza və dünya miqyasına hansı təsirləri gətirəcək? Bu dəyişikliklərin bölgəyə müsbət və ya mənfi təsirləri necə olacaq? 

Mövzu ilə bağlı politoloq Sultan Zahidov Crossmedia.az-a açıqlamasında bildirib ki, ABŞ dünyanın super gücüdür və burada baş verən dəyişikliklərin qlobal səviyyədə əks-səda doğurması qaçılmazdır:

“Trampun hakimiyyətə qayıtması ilə ABŞ xarici siyasətində dərhal əsaslı dəyişikliklərin olacağı gözlənilmir. Bunun bir səbəbi, onun əvvəlki prezidentliyi dövründə də gördüyümüz kimi, xarici siyasətin yalnız prezidentin qərarlarından deyil, həmçinin Konqresin təsirindən asılı olmasıdır. Digər tərəfdən, ABŞ-də kürsü dəyişikliklərinin köklü məsələlərə təsir etməsi istiqamətində böyük fərqlərin müşahidə olunmaması da göz önündədir. İndiki şəraitdə Tramp Rusiya-Ukrayna münaqişəsində Demokratlardan fərqli bir mövqe nümayiş etdirə bilər. Onun bu məsələdə daha yumşaq siyasət izləyəcəyi və tərəflər arasında sülh olmasa belə, ən azından atəşkəs üçün danışıqlar prosesinə başlama ehtimalı yüksəkdir".

Cənubi Qafqazın ABŞ-nin yeni rəhbərliyi dövründə xarici siyasət hədəflərində hansı yeri tutacağı sualına cavab verən Zahidov əlavə edib ki, bu bölgə Demokratların hakimiyyəti dövründə olduğu qədər önəmli bir prioritet olmayacaq:

“Trampın hakimiyyəti dövründə ABŞ-nin diqqət mərkəzində daha çox Rusiya-Ukrayna, Yaxın Şərq və Çin olacaq. Bu vəziyyət isə Cənubi Qafqaz üçün mənfi nəticələr doğurmayacaq. ABŞ-nin bölgədə daha ehtiyatlı və uzaqgörən bir siyasət izləməsi ilə bu ssenari daha obyektiv nəticələr verə bilər. Beləliklə, ABŞ-nin yeni rəhbərliyinin qlobal siyasətdə hansı istiqamətləri izləyəcəyi və bunun dünya, o cümlədən Cənubi Qafqaz üçün hansı təsirləri gətirəcəyi hər kəsin diqqət mərkəzində olacaq".

Aytac Kərimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il